Kreml: “Putin Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır”
03.05.2014 - 16:28
Kreml: “Putin Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynada ötən gecə baş vermiş qanlı hadisələr barədə bəyanat verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, D.Peskov Putinin “qərar qəbul etmək üçün vəziyyəti analiz etdiyini” bildirib.
Onun sözlərinə görə, Putin “Kiyev xuntası”nın qisas əməliyyatına dair bütün sutka boyu real rejimdə informasiyalar alır.
D.Peskov bildirib ki, Putinə Ukraynadakı vəziyyət barədə kəşfiyyat müntəzəm olaraq hesabat verir, həmçinin digər dövlət strukturlarından məlumatlar daxil olur. Eyni zamanda Putin baş verənləri KİV-lərdən izləyir.
Mətbuat katibi deyib ki, Kremldə bir neçə qaynar xətt telefonları qoyulub və Ukraynanın şərqindən bu telefonlara on minlərlə zəng edir.
“Əksəriyyət çarəsizlik içindədir və kömək üçün yalvarır” – deyə Peskov bildirib.
Putinin mətbuat katibi deyib ki, əgər Kreml bundan əvvəl Ukraynanın şərqindəki federallaşma tərəfdarlarına təsir edə bilərdisə, indi onları tərksilah olunmağa çağırmaq artıq mümkün deyil. D.Peskov Rusiyanın Ukraynaya qoşun yeritməyə hazırlaşdığına dair heç nə deməyib. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, baş verənlərə görə məsuliyyəti tamamilə “Kiyev xuntası” və onların Qərbdəki sponsorları daşıyır.
“Odessada millətçilərin və radikalların hakimiyyətin açıq-aşkar dəstəyi ilə silahsız insanları diri-diri yandırması cinayətdir. Kiyev hakimiyyəti bu cinayətə görə məsuliyyət daşıyır və bu hakimiyyətin əli dırnaqlarına qədər qana batıb” – deyə Peskov bildirib.
Xatırladaq ki, Odessada federallaşma tərəfdarları ilə Maydan hərəkatının tərəfdarları arasında baş verən toqquşmalarda azı 42 adam ölüb, yüzlərlə adam yaralanıb. Ölənlərin əksəriyyəti federallaşma tərəfdarlarıdır. Ukrayna hakimiyyəti bu hadisələrə görə Rusiya xüsusi xidmət orqanlarını günahlandırır.
Həmçinin ölkənin Donetsk vilayətindəki Kramatorsk şəhərində Ukrayna təhlükəsizlik qüvvələri ilə federallaşma tərəfdarları arasında toqquşmalarda 10-dan çox adam həlak olub. Ukrayna təhlükəsizlik qüvvələri bu kiçik şəhərə nəzarəti ələ ala bilməyib və federallaşma tərəfdarlarının bildirdiyinə görə, geri oturdulublar.
Short URL: http://www.cumhuriyyet.net/?p=6825