Hakimiyyətin dözümsüzlük bəlası
Fərqli fikirlərə qarşı aqressivlik siyasi
böhrana aparır
Çox qəribə vəziyyət yaranıb. Ölkədə hər qrupdan
olan insanları həbs edirlər. Aylarla maaşını ala bilmədiyinə görə etiraz edən
fəhlə də, təhqir olunduğuna dözə bilməyib hikkələnən rayon sakini də, “əsgər
ölümlərinə dur”-deyən gənc də zindana atılır, hansısa cümə xütbəsində kəskin
fikirlər səsləndirən dindar da. Bəs, bu cür inzibati metodlarla cəmiyyətdəki
narazılığın qarşını almaq mümkündürmü?
İlk əvvəl ondan başlayaq ki, bir ölkədə fəhlədən
tutmuş ziyalıya, gəncdən tutmuş din xadiminə qədər hər kəs etiraz edirsə,
deməli orada böyük problemlər var. Ortaya çıxan etirazlar da problemlərin
nəticəsidir. Mübarizə aparılacaqsa, o, səbəbə qarşı yönəlməlidir, nəticəyə
qarşı yox. Üstəlik, təcrübə də göstərir ki, narazılığın kök saldığı toplumlarda
nəticəyə qarşı aqressiv tutum nəinki effektli olmur, əksinə, problemləri
dərinləşdirir. Xüsusilə də o zaman ki, nəticəyə qarşı mübarizə problemi
lokallaşdırmağa yox, əhatə dairəsinin böyüdülməsinə xidmət edir.
Hakimiyyətin fərqli fikir daşıyıcılarına qarşı
apardığı mübarizə də əslində mahiyyət etibarilə problemin lokallaşmasına deyil,
daha da genişlənməsinə və nəticədə qorxulan xofun reallığa çevrilməsinə xidmət
edir. Çünki fərqli fikirlər bir çoxlarının təsəvvür etdiyi kimi dağıdıcı
xarakter daşımır, əksinə o, istənilən cəmiyyəti sosial təlatümlərdən qoruyan,
toplumun dinc və əmin-amanlıq şəraitində inkişafını təmin edən əsas ünsürdür.
Müxtəlif fikirlərin rəqabəti, qarşılıqlı təsir imkanları sayəsində demokratik
dövlətlər indiki inkişaf səviyyəsinə qədəm qoymuş və uzunömürlülük qazanmışlar.
Başqa fikirlərə qarşı aqressiv münasibət bəsləyən ölkələr isə özünü layiq
olduğu kimi inkişaf etdirə bilməmiş və tarix səhnəsindən silinmişlər. Bu mənada
fikir plüralizmi yalnız vətəndaşın söz və ifadə azadlığı deyil. Həm də
cəmiyyətin hərtərəfli inkişaf mexanizmi, dövlətin ömrünü uzadan ən
effektli vasitədir. Nə yazıq ki, fikir plüralizmi sahəsində onsuz da büdrəyən
cəmiyyətimizin getdikcə bu təməldən uzalaşdığını müşahidə edirik. Bu uzaqlaşmanın
əsas səbəbi isə hakimiyyətinin təkdüşüncəli toplum yaratmaq istəyindən irəli
gəlir. Sovet sisteminin qalıntıları olan məmurlar ordusunun hələ də iş başında
olması və onların yeni tərzdə işləyə bilməməsi istər-istəməz fərqli fikirlər
arasındakı münasibətləri sakit məcradan çıxarır, onları qarşı-qarşıya
qoyur.
Hakim düşüncənin cəmiyyətdəki bütün digər fikir
daşıyıcılarına düşmən gözüylə baxması və onları eyni anda cəzalandırmağa
çalışması isə vəziyyəti daha da tündləşdirir, bütün tərəflərin eyni cəbhədə
birləşməsinə, və fikir müxtəlifliyinin inkişafının qarşısını kəsməsinə xidmət
edir. Nəticədə cəmiyyət ətrafa yalnız ağ və ya qara rəngi görə bilən gözlüklə
baxmağa başlayır, “ya məndən ol, ya mənə qarşı ol” fəlsəfəsinin hakim olduğu
topluma çevrilir. Bu isə sabahın mütləq mənada qarşı-qarşıya gələn, ideoloji
münaqişələr və savaşlar içərisində çabalayan toplumunu yaratmaq deməkdir.
Tək təfəkkürlü toplum yaxın tarixə qədər bəlkə də
hakimiyyətləri qorumağın ən asan yolu idi. Müasir çağımızda isə bu cür
siyasi bölünmələr ən böyük zərbəni hakimiyyətin özünə vurur. Ən azı ona görə
ki, həm bütün rəqiblərin daha sıx birləşməsinə yol açır, həm də narazılar
auditoriyasının artması istər-istəməz cəmiyyətin bu vaxta qədər passivliyi ilə
seçilən təbəqələrini də aktivləşdirir.
Onların ittifaqlarını gücləndirən amillər də var,
təbii. Bu amilləri ölkədəki iqtisadi böhranın dərinləşməsi, sosial
ədalətsizliyin baş alıb getməsi və informasiya texnologiyalarının qloballaşması
kimi başlıqlar altında sıralamaq olar. Qısa şəkildə desək, cəmiyyətimizdə
sosial narazılığın artması və iqtisadi böhranın dərinləşməsi getdikcə birləşmə
meyli göstərən qütblərarası ittifaqların sıralarını yeni qüvvələr hesabına
sıxlaşdırır və gücləndirir. Digər tərəfdən sosial şəbəkələrin ictimai rəy
yaradıcılığında rəsmi KİV-ləri üstələməsi və kökü xaricdə bitən bu informasiya
ağaclarının budamasında rəsmilərin qarşılaşdıqları çətinliklər qüvvələr
nisbətini hakim zümrənin əleyhinə çevirir. Bu vəziyyətdə sosial təlatümlər
risqini azaltaq üçün ən gözəl yol fikir plüralizminin qarşısını kəsən addımlar
atmaq yox, əksinə buna münbit şərait yaratmaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6829