Deputat-rektorun maxinasiyaları

04.05.2014 - 01:11

“Odlar
yurdu” Əhməd Vəliyev tərəfindən necə özəlləşdirilib?


 

“Odlar
Yurdu” Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı qəzetimizə ilginc
məlumatlar daxil olub. Universitetdə çalışan, Əhməd Vəliyevə yaxın olan
şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, ali təhsil ocağı Abdulla
Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev
bu prosesə görə, xeyli əziyyət çəkməli olub. Bu proseslə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.

Professor
Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu
hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum
ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür
vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə
məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar
çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər
Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla
Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər. 

Universitetin dövlət qeydiyyatı necə
aparılıb?

“Odlar
Yurdu” Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra
Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil
ocağı iki il sonra – 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya
Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə
alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib.
Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti
yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər
Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin
2006-2007-ci illərdə göndərdiyi məktublarda “Odlar Yurdu” Universitetinin
1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.

Ata və oğulun professora təzyiqləri

2004-cü
ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası ilə bağlı məhkəməyə
müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilər professor Abdulla
Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlb edilir. Bundan sonra Əhməd
Vəliyev və oğlu Samir Vəliyev Abdulla Abdullayevə qarşı mövqe tutaraq məhkəmə
təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu
iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb.
Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.

Məhkəmə saxtakarlığı

Universitetin
indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci
ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun
verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər
onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas
olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir.
Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı
Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda
əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin
dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu
texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək
səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan
sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Qərarlar Abdullayevin əleyhinə yönəlir

Təəssüf
ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlaya bilir. Bir sıra
məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığını araşdırmadan, onun
universiteti ləğv etmək səlahiyyətinin olub-olmadığını aydınlaşdırmadan Abdulla
Abdullayevin əleyhinə qərarlar çıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla
Abdullayevin universitetə iddiasını özünə təhqir və böhtan hesab edərək
hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı
Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının
20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq Əhməd
Vəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onu təhqir
etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı Ar Apelyasiya
Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. Ali Məhkəmə isə
Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçün özünə qaytaranda
Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraq yataqda yatmasını əsas
gətirərək və vəkilinin iştirakı olmadan keçirilən prosesdə onun adından
protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıq Univetsitetin rektoru kimi
Abdullayevi 2005-ci ilin aprelində işdən kənarlaşdırır. Abdulla Abdullayev
sonrakı proseslərdə də uduzur. Çünki artıq onun rəqibi deputat idi.

Əhməd Vəliyev necə rektor olub?

Əhməd
Vəliyevin 1997-ci ilə qədərki rektor fəaliyyəti qanunsuz olub. Çünki bu ilə
qədər onun rektor olduğunu təsdiq edən rəsmi sənəd olmayıb. Yalnız 1997-ci ildə
protokol var ki, o, rektor təyin olunsun. Həmin dövrdə Əhməd Vəliyev texnikumun
direktoru işləyirdi. Odlar Yurdu Nazirlər Kabinetindən lisenziya alanda
universitet başsız idi. Texnikumda çalışan Namizəd Feyzullayev universitetə
rektor təyin olunur. Namizəd müəllim həm də texnikumda Əhməd Vəliyevin müavini
idi. Əhməd Vəliyev 1997-ci ilin əvvəlində texnikumun direktorluğu vəzifəsindən
azad edilir. Nazir Lidya Rəsulova Əhmədin gördüyü işlərdən narazı qalmışdı. Ona
görə də o işdən qovulur. Ə. Vəliyev bir müddət işsiz qalır. O zaman
A.Abdullayev və digərləri köhnə dostlarını “Odlar Yurdu” Universitetinə rektor
təyin edirlər. A.Abdullayevin bildirdiyinə görə, sənədlərin dəyişdirilməsində və
digər mühüm məsələlərdə Əhməd Vəliyevə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) keçmiş prezidenti Fərəməz Maqsudov köməklik göstərib.

Əhməd
Vəliyev yalnız müxtəlif təzyiqlərdən sonra 1996-cı il iyul ayının 12-də
təsisçiliyə qəbul edilib.

Müəmmalar

Mənbə
onu da bildirir ki, ilkin dövrdə məhkəmələrdə uduzduğunu görən Ə.Vəliyev
A.Abdullayevə “məsələni dinc yolla çözmək” təklifini də verib. Təklifin
mahiyyəti bundan ibarətdir ki, A.Abdullayev məhkəmə iddialarından əl çəkir,
əvəzində isə ona 200 min dollar birdəfəlik təzminat və hər il 20 min dollar
“pensiya” verilir. Ancaq A.Abdullayev bu təklifdən imtina edir və qanuni
mülkiyyət hüququnun bərpası üçün sonadək mübarizə aparacağını bildirir.

Təbii
ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumun universitet təsis
etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədər ağlasığmaz bir məsələdir.
Çünki texnikum orta ixtisas məktəbi olduğundan, daha üstün ali təhsil ocağını
təsis etməsi absurddur. Əksinə olsaydı, yəni universitet texnikum təsis etsəydi,
bunu normal qəbul etmək olardı. O biri tərəfdənsə, təsisçilik hüququnun məhkəmə
qərarları ilə ləğvi heç bir halda başadüşülən deyil. Çünki təsisçilik hüququ
mülkiyyət hüququdur və onu ləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu
hüququ kiməsə verə, bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq
məqamlar çoxdur. Bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tərəflərdən hər
birinin mövqeyini dərc etməyə hazırıq.


 

Malik

Short URL: http://www.cumhuriyyet.net/?p=6830

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930