“Bu dövlətin əsaslarına qarşı yönələn mövqedir”

04.05.2014 - 10:21

“Bu dövlətin əsaslarına qarşı yönələn mövqedir”

Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı işğal etdiyi halda Qüdrət Həsənquliyev Rusiyanın bütün Azərbaycanı işğal etməsi üçün imkan yaradılmasını təklif edir”
Deputat Qüdrət Həsənquliyevin bir neçə gün öncə müsahibəsində söylədiyi fikirlər ətrafında qalmaqal davam etməkdədir. Xatırladaq ki, hökumətyönlü deputat müsahibəsində sensasiya yaradacaq fikirlər söyləmişdi. Əvvəlcə Türkiyəyə qarşı aqressiv fikirlər səsləndirən Q.Həsənquliyev daha sonra vurğulayıb ki, Azərbaycan Rusiya ilə dil tapmalıdır və lazım gəlsə Rusiyanın hərbi bazaları burda yerləşdirilməlidir. Q.Həsənquliyevə görə, lazım gələrsə, Azərbaycan qazını Rusiyaya satmalıdır.
Q.Həsənquliyevin bu açıqlamasına ADP sədri Sərdar Cəlaloğludan sərt reaksiya gəlmişdi. S.CəlaloğluГї deputatın bu fikirlərini müstəqilliyə zidd adlandıraraq, “beşinci kolon”un mövqeyi kimi qiymətləndirmişdi. “Deputat Qüdrət Həsənquliyevin açıqlaması Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir. O, bir dəfə də bəyanat vermişdi ki, Azərbaycan Gömrük Ittifaqına üzv olarsa, o zaman Rusiya Qarabağı bizə qaytarar. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan “beşinci kolon” məsələsi gündəmə gəlib”, deyə S.Cəlaloğlu vurğulamışdı.
S.Cəlaloğlunun reaksiyasına Q.Həsənquliyev və onun müavini Elçin Mirzəbəylidən cavab gəlib. Q.Həsənquliyev mətbuata açıqlamasında bildirib ki, S.Cəlaloğlu ona qarşı söylədiyi fikirlərdə düşünülməmiş ifadələr işlədib: “Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib. Amma mən 9 ildir həm NATO Parlament Assambleyasında, həm də Avronestdə Azərbaycanı təmsil edirəm”. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə Teleqraf.com-a açıqlamasında bildirib ki, kimin hansı anda fədakarlıq göstərəcəyini heç kim bilə bilməz: “Azərbaycanın ən çətin anında bizim sinəmiz öndə olacaq. Sərdar bəyin harada olacağını isə demək olmaz. Bundan əvvəl hansı mövqeni nümayiş etdirmişdisə, yəqin ki, o sürüşkənliyini davam etdirəcək”.
“Millətinin təəssübkeşi olmaq üçün Bakıdan o yana keçməyə ehtiyac yoxdur”
 
Ona yönələn ittihamlarla bağlı ADP sədri Sərdar Cəlaloğlunun münasibətini öyrəndik. S.Cəlaloğlu bildirdi ki, millətinin təəssübkeşi olmaq üçün Bakıdan o yana keçməyə heç bir ehtiyac yoxdur. Bakıda oturub Azərbaycan dövlətinə təəssübkeşlik də etmək olar, xəyanət də: “Biləcəridən o yana həm Avropa, həm də Rusiya var. Biləcəridən o yana keçmək insanın siyasi mövqeyinin düzgünlüyünə dəlalət edə bilməz. Ola bilər ki, mən fiziki cəhətdən Biləcəridən o yana keçmirəm. Mənim deputat mandatım yoxdur. Amma mənim yazdığım kitablar, ideyalarım Azərbaycanın hüdudlarını da tərk edir. Mənim Qüdrət bəy və onun partiyası ilə heç bir şəxsi qərəzliyim yoxdur. Azərbaycana rus qoşunlarının dəvət olunması ilə bağlı fikri hətta mənim doğma qardaşım da söyləsəydi ona kəskin reaksiyam dəyişməyəcəkdi”.
Q.Həsənquliyevin müsahibəsini diqqətlə oxuduğunu deyən S.Cəlaloğlu vurğuladı ki, Həsənquliyev Azərbaycanın suverenliyindən imtina edərək rus qoşunlarının ölkəmizə dəvətini təklif edir: “Istər Qüdrət Həsənquliyev, istərsə də bir başqası ideya və təklif verəndə baxmalıdır ki, söylədikləri Konstitusiyaya nə dərəcədə uyğundur. Elə məsələlər var ki, onları müzakirəyə çıxarmaq dövlət xəyanəti kimi bir şeydir. Hətta Azərbaycan Konstitusiyasında referenduma çıxarılması qadağan edilən maddələr var. O maddələrdən biri Konstitusiyanın 2-ci maddəsi xalqın suverenliyi ilə bağlıdır. Həmin maddədə qeyd olunur ki, Azərbaycan xalqı özünün daxili və xarici siyasətini özü müəyyən edə bilər. Əgər kimsə deyirsə ki, suverenlikdən imtina edək və ya onu məhdudlaşdıraq, bu həmin maddəyə ziddir. Bu ziddiyyət isə elə Konstitusiyanın 80-cı maddəsi ilə həmin şəxs barəsində məsuliyyət yaradır. Bu dövlətin əsaslarına qarşı yönələn mövqedir”.
S.Cəlaloğlu vurğuladı ki, Qarabağı Rusiyanın işğal etdiyi halda Q.Həsənquliyev Rusiyanın bütün Azərbaycanı işğal etməsi üçün imkan yaradılmasını təklif edir. Rus qoşunlarının Azərbaycana yenidən gəlməsini ölkəmizin faktiki olaraq işğalı kimi dəyərləndirən S.Cəlaloğlu bildirdi ki, vaxtı ilə 11-ci qızıl ordunun Azərbaycana buraxılmasıyla da bağlı eyni təhrikedici bəyanatlar səslənirdi: “Qüdrət Həsənquliyev gözəl bilir ki, Azərbaycan bloklara qoşulmamaq siyasəti aparır. Azərbaycan hakimiyyətinin indiki siyasəti bloklara qoşulmağa imkan vermir. Rusiya qoşunlarının Azərbaycana gətirilməsi təhlükədən yayınmaq yox, həmin təhlükənin reallaşmasına yardım etməkdir. Bu gün Ukrayna dili, dini eyni olan Rusiya ilə müharibə vəziyyətindədir”.  
E.Mirzəbəylinin söylədiyi fikirlərə gəlincə isə, S.Cəlaloğlu vurğuladı ki, o, Azərbaycan həmişə təhlükələrlə üz-üzə olan zaman ön cəbhədə olub: “Gələcəkdə nəyin olacağı hələ bilinmir. Amma bizim bir keçmişimiz var. Azərbaycana real təhlükələr olan zaman Sərdar Cəlaloğlunun sinəsinin harada olduğunu hamı yaxşı bilir. Azərbaycan Xalq Hərəkatının önündə getmişəm, Xalq Cəbhəsinin yaradılmasında iştirak etmişəm. Son iyirmi ildə də Azərbaycanın müstəqilliyinin qorunması, demokratikləşmə istiqamətində fəaliyyət göstərmişəm. Özü təkcə mən bu yolu tutmamışam. Mənim böyük qardaşım birinci qrup Qarabağ əlilididir. Mənim digər qardaşlarım Qarabağ veteranlarıdır. Onlar Qarabağın müdafiəsində könüllü şəkildə iştirak ediblər. Mənim ailəm budur. Gələcəkdə Elçin bəyin hansı mövqe tutacağı, sürüşəcəyi, yoxsa sürüşməyəcəyi məlum deyil. Bu onun öz işidir. Heç kəs keçmişindən qopan gələcək ortaya qoya bilməz. Kimlər müstəqiliyin tərəfdarı idi hazırda da müstəqiliyin müdafiəsində çıxış edir”.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930