Gələcəyi icra başçısının əlində olan ailə
Diqqətli oxucuların yəqin ki, yadındadır, “Azadlıq”ın ötən saylarının
birində Imişli rayonunun Bəcirəvan kəndində yaşayan bir ailənin
durumundan bəhs etmişdik. Xatırladaq ki, çoxuşaqlı ailə sahibi olan
Böyükağa Fərəcov həyat yoldaşını erkən itirib və övladlarını da
təkbaşına böyüdüb. Bu gün isə onun yaşadığı evə əslində, ev demək olmaz.
Böyük bir çalada yerləşən və sel sularının, təbiətin bütün
narahatlıqlarının əziyyətini çəkən ailənin ev problemi hələ də həll
olunmayıb.
Obyektivlik naminə qeyd edək ki, “Azadlıq”da bu barədə material dərc
olunandan sonra rayon icra başçısının sərəncamıyla Fərəcovlar ailəsinin
yaşayış şəraitinin yaxşılaşdırılması üçün onun həyətinə daş və sement
göndərilib. Lakin bu işin davamı olmayıb və ağsaqqal Böyükağa Fərəcov
“Azadlıq” vasitəsilə rayon rəhbərliyinə müraciət edərək, ev tikintisi
üçün lazım olan tikinti materialları ilə təmin olunmasını xahiş edir.
70-dən artıq yaşı olmasına baxmayaraq, ehtiyac üzündən övladlarının
ailə sahibi olmasını görməyən Böyükağa Fərəcov, heç olmasa onları
yaşayışı mümkün olan, etibarlı bir dam altında toplamaq arzusundadır. Bu
baxımdan ev tikintisi üçün Imişli Rayon Icra Hakimiyyətinin göstərişilə
materialların göndərilməsini səbrsizliklə gözləyir. Beləliklə,
çoxuşaqlı və kasıb bir ailənin, gəncliyindən bu günə qədər həyatı
əzab-əziyyətlə keçən bir qocanın ev arzusunun çin olması sadəcə,
Imişlinin icra başçısının əlindədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6848