Hakimiyyət “Berkut” yaradır
DİN-in xüsusi təyinatlı “Aslanlar” bölüyü nəyə hazırlaşır?
Mayın 3-də “Xüsusi Tədbirlər Planı”na uyğun olaraq Daxili Işlər
Nazirliyinin (DIN) Təlim Mərkəzində ictimai qaydanın və ictimai
təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə
də digər hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar
dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə
dair taktiki təlim məşqi keçirilib. Bu barədə məlumatı DIN-in mətbuat
xidməti yayıb.
Məlumatda deyilir ki, Daxili Qoşunların, Çevik Polis
Alayının, Bakı və Sumqayıt Baş Polis Idarələrinin, Baş Mühafizə
Idarəsinin və Nazirliyin Xüsusi Təyinatlı “Aslanlar” bölüyünün təxminən
iki min nəfərə yaxın əməkdaşının iştirak etdiyi təlimdə daxili işlər
naziri Ramil Usubov da iştirak edib. Əvvəlcə nazir qeyd olunan
təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə
baxış keçirib. Daha sonra şəxsi heyətin nümunəvi çıxışları olub,
müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında
əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib. Tədbirin gedişini
izləyən daxili işlər naziri, təlimin peşəkarlıq səviyyəsinin
yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə
hazırlığını yüksək qiymətləndirib. “Azadlıq”a daxil olan məlumata görə,
indiki vaxtda belə bir təlimin keçirilməsi təsadüfi deyil. Ukraynada baş
verənlər, proseslərin Azərbaycana sıçraya bilməsi YAP hakimiyyətinin
narahatlığına səbəb olub. Hakimiyyət fərqindədir ki, oxşar hadisələr
Azərbaycanda da baş verə bilər. Bu baxımdan indidən hazırlıq görür.
“Aslanlar” bölüyü isə Ukrayna Daxil Işlər Nazirliyinin xüsusi təyinatlı
“Berkut” bölüyünün Azərbaycan modelidir. Məlumatda bildirilir ki, bu
bölük yeni yaradılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6849