Mingəçevir Turizm Kollecində “tender oyunu”
Direktor Əyyub Əyyubov “Qrant-2008” şirkətiylə birgə büdcə mənimsəməklə məşğuldur
Azərbaycanda
Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra onun üçün kadr
bazasının hazırlanması istiqamətində də bir sıra işlər görüldü. 2006-cı
ildən başlayaraq nazirliyin təsisçiliyi ilə Dövlət Turizm Universiteti
və yerli Turizm Kollecləri təsis olundu. Qeyd
edək ki, universitetlə bağlı hər hansı problem indiyədək diqqəti
çəkməyib. Bu təhsil ocağında rüşvət və ya korrupsiya hallarının
mövcudluğunu təsdiq edən hər hansı bir fakta da rast gəlinməyib. Amma
eyni şeyləri yerli turizm kollecləri üçün demək mümkün deyil.
Sözügeddən təhsil müsisəsində ba. verənlərlə bağlı demokratiya.info
bildirir ki, nümunə olaraq götürülmüş Mingəçevir Turizm Kollecində baş
verənlər vəziyyətin kifayət qədər dramatik olduğunu göstərir. Belə ki,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45
nömrəli qərarı əsasında yaradılmış kollecin təsisçisi Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Kollec 2011-ci ildə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının
qərarı ilə akkreditə olunub.
Bundan başqa
daxil olan məlumata görə Mingəçevir Turizm Kollecinin direktoru iqtisad
elmləri doktoru, professor Əyyub Əyyubovdur. Bu şəxsin iqtisadçı
olduğuna qətiyyən şübhə yoxdur. Ən azından onun tender oyunlarında
maraqlı iqtisadi paralellər qurması da bunu təsdiq edir.
Araşdırmalardan
belə anlaşılır ki, Mingəçevir Turizm Kollecinə ötən il ayrılmış pulun
böyük bir qismi ya təyinatı üzrə xərclənməyib, ya da ciddi şəkildə
mənimsəmə halları mövcuddur. Çünki müxtəlif satınalmalar üzrə keçirilmiş
tenderlərin qalibi yalnız bir şirkət olub və bu da yetərli qədər
şübhəli məqamlardan xəbər verir.
Nəzərinizə
çatdıraq ki, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovu
“Qrant-2008” MMC ilə hansı tellərin bağladığı hələlik məlum deyil. Amma
keçirilmiş tenderlərin nəticələrindən belə başa düşülür ki, eyni
şirkətin həm mebel, həm də dəftərxana ləvazimatları ala bilməsi
müəmmalıdır və işin içində yetərli qədər maliyyə oyunları var.
Əyyub
Əyyubov “Qrant-2008” MMC ilə birlikdə ötən il avadanlıqların satın
alınmasına 11950 manatın ayrılmasına nail olub. Bunun ardından sair
xərclər üçün də 9950 manatın ayrılmasını təmin edib. Eyni şirkətin
kommunal və kommunikasiya xidmətlərinin satın alınması işlərini həyata
keçirməsində də qaranlıq nəsə bir şey yoxdur. Çünki bunun üçün ayrılmış
3923,68 manatın deyilən xidmətlər üçün ödənildiyi tərəfimizdən
dəqiqləşib.
Amma
müəmmalı əməliyyatlar başqadır və onlardan biri digər maşın və
avadanlıqların satın alınmasına ayrılmış 20950 manat, digəri isə mətbəə
xidmətlərinin satın alınması üçün ayrılmış 4952 manatdır. Ən qəribəsi
isə odur ki, “Qrant-2008” MMC dəftərxana ləvazimatları və təsərrüfat
mallarının satın alınmasını da həyata keçirib və bunun üçün onun
hesabına 6500 manat köçürülüb.
Bir
başqa maraqlı məqam isə eyni şirkətin cari təmir işləri ilə də məşğul
olmasıdır. Elə buna görədir ki, Mingəçevir Turizm Kollecinin sifarişi
ilə ötən il təkcə bu tip təmir işlərinə iki dəfə pul ayrılıb. Bir dəfə
11952 manat, ikinci dəfə isə 5875 manat.
Hərşeyşünas
şirkətin yumşaq inventarların satın alınmasına da qol qoyması və bunun
üçün 4950 manat “xərcləməsi” isə olduqca müəmmalı olmaqla yanaşı, həm də
işin içində korrupsiyanın da varlığından xəbər verir. Üstəlik, kollecin
“Qrant-2008″ə 14950 manatlıq inventar alınmasını da etibar etməsi
şübhələnməmək üçün qətiyyən yeri qoymur.
Hərçənd
“Qrant-2008” MMC Mingəçevir Turizm Kolleci üçün başqa işlər də görüb.
Məsələn, digər alışlar və xidmətlərin satın alınması işlərinə 6800
manat, idarənin digər xərclərinin satın alınmasına isə 5950 manat
“xərcləyib”.
Bütün
bunların fonunda maraqlı bir sual meydana çıxır ki, Mingəçevir Turizm
Kollecinin direktoru Əyyub Əyyubovla “Qrant-2008” MMC-ni hansı maraqlar
bağlayır? Axı necə ola bilər ki, bir şirkət həm təmir işləri ilə, həm də
dəftərxana ləvazimatlarının alınması ilə məşğul olmaq imkanına sahib
olsun? Aydın məsələdir ki, işin içində büdcədən ayrılmış vəsaitlərin
mənimsənilməsi maraqları dayanır. Və bu prosesi reallaşdırmaq üçün isə
bir şirkətlə əməkdaşlıq etmək daha sərfəlidir. Amma kollec direktoru bir
şeyi unudub ki, eyni şirkətlə bütün işləri görmək yetərli qədər
şübhələrin yaranmasına əsaslar verir. Ki, bunun da nəticəsi artıq
ortalıqdadır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6857