Mirvari Qəhrəmanlıdan ilginc açıqlama

04.05.2014 - 17:52
“Mətanət Əzizovadan Leyla Yunusa qarşı istifadə etməyə çalışırlar”

Xəbər verdiyimiz kimi, mayın 3-ü səhər saatlarından etibarən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın harada olduğu barədə dəqiq məlumat yoxdur. Ancaq mətbuatda Mətanət Əzizovanın xarici ölkələrdən birinə getdiyi haqqında xəbərlər yayılıb. Mətanət Əzizova haqqında yayılan xəbərlərə aydınlıq gətirmək üçün onun yaxınları ilə əlaqə saxladıq.

Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı övladı ilə sonuncu dəfə mayın 2-də əlaqə saxladığını bildirdi: “Mətanət mayın 1-də harasa səfərə getməliydi. Çünki o, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfərlərə gedir. Mayın 2-də bütün günü onunla danışmışam. Mənə dedi ki, “İşimlə əlaqədar səfərə getməliyəm. Amma istintaqa yenidən çağırılmaq ehtimalı olduğuna görə gedə bilmirəm”. Mayın 3-dən onunla sosial şəbəkələr vasitəsilə əlaqə saxlamağa çalışıram. Özüm hazırda xaricdəyəm. O, heç zaman ölkəni tərk edəcəyi barədə danışmayıb. Bu barədə ümumiyyətlə, ailəmizə informasiya daxil olmayıb. Biz ailəlikcə heç kəsin qabağından qaçan deyilik”.
Mirvari Qəhrəmanlı prokurorluqda qızına qarşı təzyiqlərin olunduğunu da qeyd etdi: “Qızım haqqında yalnız onu bilirəm ki, istintaq zamanı ona qarşı böyük basqılar olub. Ondan Leyla Yunusa qarşı istifadə etməyə çalışırlar. Hamımız bilirik ki, onların arasında əməkdaşlıq olub. İnsan hüquqları, qadın alveri məsələləri ilə bağlı birgə fəaliyyət göstərirdilər. Çalışırlar ki, qızımı başqa istiqamətlərə yönəldib, həbs etsinlər. Azərbaycanda üzəduran adam axtarırlar. Mənim ailəmdə üzə durmaq yoxdur. Biz ölərik, amma yalandan kiminsə üzünə durmarıq. Qızımın nə atası, nə də anası tərəfdən nəslində satqın yoxdur. Ondan heç zaman kiməsə qarşı istifadə edə bilməyəcəklər. Qızımın nə Ermənistanla, nə də başqa xarici ölkələrlə əlaqəsi yoxdur”.
Hüquq müdafiəçisi, qızı Mətanət Əzizovanın ətrafında son baş verənlərdən sonra günbəgün səhhətinin pisləşdiyini söylədi: “Qızımdan xəbər tuta bilmədiyimə görə bağrım çatlayır. Nəvəm haqqında, qızımın harada olması və onun evində nə üçün axtarış aparılması barədə məlumatsızam. Qızımdan çox nigaranam. Bütün günü gözüm mətbuatdan onun haqqında xəbər axtarır. Yaxşı ki, konfransda Qubad İbadoğlu ilə birlikdəyik. Əks halda, indi infarkt keçirmişdim. Bazarertəsi günü ölkəyə qayıdacam. İndi gələ bilmərəm. Çünki konfransla bağlı ödəniş ediblər. İnşallah Bakıya qayıdana qədər qızım tapılar. Bilmirəm ki, övladımın başında nə iş var? Əgər, pis bir şey olarsa, Azərbaycan hökuməti buna görə cavab verəcək. Azərbaycana qayıtdıqdan sonra situasiyaya baxıb, uyğun addımlar atacam. Əvvəlcə balamı tapmaq üçün çalışacam. 5 dəqiqənin içərisində ailəmin başına olmazın müsibətlər gətirdilər. Konkret hazırda hamımızı böyük təhlükələr gözləyir”.
Mayın 3-də Mətanət Əzizovanın evində əməliyyatçılar axtarış aparmağa çalışıblar. Mirvari Qəhrəmanlının sözlərinə görə, evdə tək olan azyaşlı uşağa qapını açması üçün hədə-qorxu gəliblər. Və nəticədə Mətanət Əzizovanın övladı qorxudan şok keçirib.
Mətanət Əzizovanın bacısı Sara Əzizova ilə də əlaqə saxladıq və o, hazırda uşağın səhhətinin normal olduğunu bildirdi: “Uşağın vəziyyəti hələlik normaldır. Hazırda öz evimdə saxlayıram. Baş verən hadisələrdən təkcə bacımın uşağı yox, öz uşaqlarım da bərk sarsıntı keçiriblər. Bütün günü qapını bağlı saxlayırıq ki, kimsə gələ bilər. Artıq qorxu içərisində yaşayırıq. Dünən xarici nömrədən ev telefonuma dəfələrlə zəng gəldi. Zəng edən Mətanəti soruşurdu. Biz də ev telefonunun nömrəsini təzə dəyişmişik. Çox adam bilmir. Ondan çox narahat olduq. Arada onu da dedilər ki, guya nömrəni Mətanət verib. Əminəm ki, nömrəmizi heç bacımın özü bilmir. Hər zəng edəndə telefonu Mətanətə verməyimi tələb edirdilər. Hiss olunur ki, onu daim axtarırlar. Bacımın ölkəni tərk etməsi barədə heç bir məlumatım yoxdur. Dünəndən heç onun evinə getməmişəm. Getmək fikrim belə, yoxdur”.
Mətanət Əzizova mayın 1-də Rauf Mirqədirovla bağlı 4 saat istintaqda ifadə verib.

musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6860

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930