Ali məktəblərdə imtahan bazarı
Təhsildə nazir dəyişsə də ali məktəblərdə pulla qiymət almaq qaydası dəyişməyib
Bakı Dövlət Universitetin Jurnalistika fakültəsində oxuyan tələbələr bildirdilər ki, rüşvət yoxdur. “Tələbələr imtahanları oxuyub verirlər. Birinci kursda sadəcə yeni olduğumuz üçün aldanmışdıq. Tarix fənnindən müəllim qiymətimizi yazmadı, daha sonra məni yanına çağırıb dedi ki, bax da gör neyləyirsən. İmtahanın qiyməti 100 manat, semestr ərzində verilən qiymətlərin isə 50 manat olduğunu dedi”. Digər fakültələrə gəldikdə Riyaziyyat fakültəsində oxuyan tələbə bildirdi ki, imtahanlar zamanı məcbur qalıb rüşvət verirlər.
BDU-nun Tarix fakültəsində isə kurs işini yaza bilməyən tələbələr müəllimə 50 manat verməli olurlar. Bu fakültənin tələbəsi əməkdaşımıza bildirdi ki, imtahanlar test formatına keçərkən müəllimlərin pul almaq imkanı olmur. Lakin yazılı imtahanda qiymət 50 manat məbləğində olur. Tələbənin sözlərinə görə, əvvəllər imtahanlar yalnız test şəklində olub. Sonradan bəzi test imtahanları yazılı imtahana dəyişdirilib.
Digər universitetlərdə tələbənin kəsiri olursa, o qayda-qanuna əsasən yenidən aşağı kursla gəlib həmin fənnin tədrisində iştirak etməli və imtahan verib qiymətini almalıdır. Lakin BDU-da buna “alternativ” bir üsul da tapılıb. Tələbə 500 manat verərək, tez bir zamanda bu “süründürməçilik”dən yaxa qurtara bilər.
Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakültəsinin tələbəsi bildirdi ki, əgər bəzi müəllimlər psixoloji təzyiq göstərməsələr, tələbələrin 80 faizinin oxuyub qiymət almaq imkanları var. “Yəni imtahanda çox sıxışdırırlar tələbələri, biletlərdə olmayan sualları verirlər. Tələbələrin də oxumağa həvəsi qalmır, pul verib canlarını qurtarırlar” – deyə tələbə bildirdi. Bundan əlavə ADNA-nın tələbəsi onu da qeyd etdi ki, qrupda əgər daim 2-3 oxuyan tələbə varsa, müəllimlər onlara imtahanlarda güzəştə gedirlər. “Mən də oxuyan tələbələrin sırasındayam, həmişə çalışıram ki, özüm oxuyum imtahanlarımı verim. Bu həm də pul verməkdən əlavə, gələcəkdə işə düzələrkən savadsız rəqiblərimdən məni bir neçə addım irəliyə aparır” – deyə həmsöhbətimiz əlavə etdi.
Tələbələrə açıq elan edilmiş qiymətlərə gəldikdə isə aldığımız məlumata görə, semestrə görə qiymətlər 20, 30, 40 manat arasında dəyişir. “Nə qədər versən, o qədər də balın olacaq”. İmtahanların qiymətləri isə 60, 80, 100 manat arasında dəyişir, bu da tələbənin almaq istədiyi qiymətdən asılıdır.
Müsahibimizin sözlərinə görə, tələbədən pul götürülmədiyi təqdirdə, bu işi qrup nümayəndəsi həll edir. Təəssüf ki, qrup nümayəndəsi ancaq pul yığıb müəllimə, dekana ötürmək kimi işə yararlı olur.
“Hərdən elə olur ki, hansısa müəllim pul götürmür, bu məsələ də adətən qrup nümayəndəsi dekanlığa gedərək iş həll edilir”. Pulun kimə çatıb-çatmaması ilə maraqlandıqda, tələbə bildirdi ki, adətən pul dekanlığa çatır. Tələbənin sözlərinə əsasən, belə olan halda imtahan zamanı onlara düşən suallara bildiyi cavabı yazırlar. Daha sonra onlar verdikləri pula görə digər otağa keçirilib, orada internetdən cavab tapıb köçürürlər. Yuxarı kurslarda açığı imtahan qiymətinin 1000 manata qədər olduğunu belə eşitmişəm” – deyə əlavə etdi.
Azerbaycan Kooperasiya Universitetində isə tələbə imtahana girməmiş 7 fənnə görə 600 manat ödəməlidir. Tələbənin sözlərinə görə, burada qiymət artıq müəllimin ümidinə qalır. Tələbə qayıb limitinə düşdüyündə isə 500 manat “cərimə” olunur.
Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci (Gənclik) və 4-cü (Semaşko) korpusunda durum bir az fərqlidir. Tələbələrin sözlərinə görə, imtahanların nəticələri qrup nümayəndəsinin danışığından asılıdır. “Çox uşaq pul verərsə, məbləği aşağı etmək mümkün olur”. Bu korpuslarda tələbə əgər ilin əvvəlindən imtahan üçün “tədarük” görürsə bu onun xeyrinə olur, az pul vermiş olur. Çünki imtahan vaxtı gəldikcə qiymətlər də bahalaşır, 100 manat və ya bir az çox. “Amma elə müəllimlər də var ki, 3 kreditlik fənni bir ədəd 6 manatlıq danışıq kartına 8 bal ,7 bal yazırlar”. Bu korpusda oxuyan digər bir tələbə isə deyir ki, fəndən və müəllimin istəyindən asılı olaraq imtahanın qiyməti 40, 50, 60 manat olur, bəzən də daha çox.
“Semaşko” korpusunda oxuyan digər tələbə isə bildirir ki, iki fənnə görə müəllimə 1000 manat vermək istəsə də, müəllim rüşvətdən imtina edib, tələbənin öz biliyinə görə imtahanı verməli olduğunu bildirib.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ötən günlərdə korrupsiyaya görə bir neçə müəllim işdən azad edilsə də, aldığımız məlumata görə, burada rüşvət davam edir. Qiyabi oxuyan 100-ə yaxın tələbənin hər birindən 200 manat tələb olunur.
Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetini isə “rüşvət ocağı” adlandırırlar. Burada məsələni bilavasitə dekanlar həll edir. Hər imtahanın qiyməti 50 manat, kurs işləri isə 20 manatdır. Diplom müdafiəsi üçün isə ayrıca 500 manat tələb olunur.
“BDU-də dəridən-qabıqdan çıxırlar ki, korrupsiyanın qarşısı alınsın, tələbələrlə müəllimlərin bu əlaqəsi demək olar ki, yox olub. Yəni imtahanı bir müəllim qəbul edir, yoxlamanı digəri edir, ən azından bu üsulla korrupsiyanın qarşısını almağa çalışırlar. Lakin istisnalar da olsun”.Bu sözləri adıçəkilən universitetin müəlllimi Nüşabə Sadıqlı “Bizim Yol” qəzetinə şərhində bildirdi. N.Sadıqlı onu da dedi ki, hal-hazırda təəssüf ki, “müəllim” statusu çox aşağı düşüb. “Müəllimlərin xətir-hörməti qalmayıb, mən bunu bir az maddiyatla bağlayıram. Müəllimi nələrdənsə asılı vəziyyətə salıblar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6865