Nazir uşaqları döyüş bölgəsinə göndərilir?

olan yüksək vəzifəli şəxslərin övladlarının mundiri dəyişdirilir; onları
“sıravi Əhməd” taleyi gözləyir…
Səsi Londondan, Vaşinqtondan, Parisdən gələn, nəhəng şirkətlərin rəhbəri
olan yüksək vəzifəli şəxslərin övladlarının mundiri dəyişdirilir; onları
“sıravi Əhməd” taleyi gözləyir…
Azərbaycanda hərbi çağırışa qəbul
qaydaları dəyişdirilir. Yeni qaydalara əsasən təhsil keçmiş və ilk çağırışçılar
olan hərbi qulluqçuların hərbi xidmət müddəti artırılacaq və onların
hərbi qulluq müddəti təhsilsizlərlə bərabər tutularaq iki il müddətində
olacaq. Amma ən böyük dəyişiklik heç də bu deyil. Yeni dəyişiklik
müxtəlif şərtlərə görə həqiqi hərbi xidmətə getməyən şəxslərlə bağlı
yeni qaydaların tətbiq olunmasıdır. Məlumata görə, bununla bağlı Müdafiə
Nazirliyi yeni direktivlər hazırlayıb. Bu sənəd artıq Prezident
Administrasiyası tərəfindən müsbət rəylə yaxın həftələrdə parlamentə
göndəriləcək.
Bununla
bağlı aldığımız məlumatda bildirilir ki, Azərbaycan Silahlı
Qüvvələrində həqiqi hərbi xidmət keçməyən və ya hərbi qulluqçu olmayan
şəxslər dövlət orqanlarında hər hansı vəzifə tuta, dövlət sirrini
daşıyan hər hansı qurumda işə götürülə bilməzlər.
Bu qanun
layihəsi onu da şərtləndirir ki, xaricdə təhsil alan və qanunla heç bir
güzəşt olmadan indiyədək ordudan yayındırılan məmur övladları da
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qoşun növlərinin
tərkibində həqiqi hərbi xidmət keçməyə məcbur olacaqlar. Ordudan
yayınan, amma ölkədə məşhur olan, eləcə də xaricdə guya böyük iş aparan
məmur balaları orta və kasıb təbəqədən olan vətəndaşların övladları ilə
bir səngərə göndəriləcək.
Bu dəyişikliyin
açması ondan ibarətdir ki, hakimiyyət bununla indiyə qədər cəmiyyətdə
“Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız
orduda ölür” sual-ittihamının qarşısını almağa çalışır.
Mənbəmiz
iddia edir ki, bu məsələ həm də prezident İlham Əliyevin oğlunun
təvazökar həyat tərzini əks etdirən videokadrların yayılmasından sonra
aktuallaşıb.
Prezident oğlunun son günlər
yayılan fotoşəkillərindən görünür ki, Heydər Əliyev ölkənin rəhbərinin
oğlu olmasına baxmayaraq, təvazökar həyat tərzi keçirir və tələbəlik
həyatını adi qaydada yaşayır. Amma onun atasının rəhbərlik etdiyi hakim
komandanın üzvləri və onların övladları haqda bu ifadələri işlətmək
mümkün deyil.
Araşdırmalar zamanı məlum olub
ki, harınlıq edən məmur övladları bircə gün də olsun hər şeyinə sahib
olduqları bu vətən torpaqlarının keşiyində durmayıblar. Bunun əvəzində
isə Azərbaycanı dünyanın böyük dövlətlərində təbliğ etmək adı altında
özlərini sığortalayıblar.
Məmur övladlarının harınlığı ilə
bağlı prezidentə təqdim olunan son hesabatda onların heç birinin
Azərbaycan ordusunda xidmət keçmədiyi qeyd edilib. Prezident isə
situasiyaya adekvat olaraq həmin harın məmur övladlarının hərbi xidmətə
göndərilməsi barədə göstəriş verib. Bu göstəriş ən yüksək vəzifə tutan
və qüdrətli nazir övladlarını da əhatə edəcək. Heç təsadüfi deyil ki,
baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov da mayın 3-dəki bəyanatında bu barədə çox
cəsarətlə danışıb. Ə.Həsənov indiyədək heç kimin eşitmədiyi belə bəyanat
səsləndirib:
“Hərbi xidmətə gedənlərin sayı
4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır. Fərari
oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq. Prezident
İlham Əliyev də Azərbaycan Ordusuna kifayət qədər diqqət və qayğı
göstərir: Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və
istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi
bütövlüyünü bərpa edə bilər”. Gələn məlumatlara və Ə.Həsənovun dediyinə
əsaslansaq iddia edə bilərik ki, yaxın vaxtlarda vəzifəli məmur
övladları hərbi xidmətə göndəriləcəklər. Bu həm də “Yeni Müsavat”ın bir
neçə gün əvvəl yazdığı kimi, bir növ hakimiyyətin “xalq açılımı”nın
tərkib hissəsidir. Biz yaxın zamanlarda sorağı dünyanın paytaxtları
sayılan Vaşinqtondan, Londondan, Parisdən gələn, lobbi fəaliyyəti ilə
məşğul olduqlarını deyib lovğalanan, iri şirkət, varidat sahibi olan,
dəbdəbəli həyatları ilə xalqda daim qıcıq oyadan məmur övladlarının
səslərini və görüntülərini ön cəbhədən eşidə, görə bilərik.
İndiki məqamda bu, məmurlara verilən bir hərbi cəza kimi də qiymətləndirilir.
Mənbəmiz
bildirir ki, bu məsələdə ayrı-seçkiliyə imkan tanınmayacaq. Əsgərlikdə
olmayan bütün məmur balaları demək olar ki, zorla əsgər aparılacaq.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=6878