Problemli kreditlər əhalinin dözülməz başağrısına çevrilib
“Bahalı kreditlərdən istifadə insanlarımızı kredit bataqlığına salıb”

Məhəmməd Talıblı: “Problemli kreditlər ilin sonuna 8-10 faizə yaxınlaşa bilər”
Mərkəzi Bankın 2014-cü ilin birinci rübünə dair açıqladığı
məlumatlardan aydın olur ki, ölkəmizdə problemli kreditlərin həcmində
yenidən artım baş verir.
Kredit təşkilatlarından verilən kreditlərin həcmi 2014-cü ilin
aprelin 1-nə olan məlumata görə, 15,941 milyard manatdır. Onun 853,7
milyon manatı, yəni 5,4 faizi vaxtı keçən kreditlərdir. Statistika
göstərir ki, 2014-cü ilin əvvəlinə qədər problemli kreditlərin xüsusi
çəkisində azalma olub. Əgər 2013-cü ilin əvvəlində problemli kreditlərin
xüsusi çəkisi 6,1 faiz idisə, ilin sonunda 5,1 faizə enib.
Ancaq 2014-cü ildən problemli kreditlərin xüsusi çəkisində azalma
yerini artıma verib. Yanvarda problemli kreditlərin xüsusi çəkisi 5,2
faizə, daha sonra 5,3 və 5,4 faizə yüksəlib.
Xüsusi çəki ilə bərabər problemli kreditlərin həcmi də artır. 2013-cü
ilin ilk rübü ilə müqayisədə 2014-cü ildə problemli kreditlər 177,1
milyon manat artıb. Bir il əvvəl problemli kreditlərin həcmi 760,8
milyon manat olduğu halda bu il aprelin 1-nə 853,7 milyon manata
yüksəlib.
Istehlak kreditlərinin həcmi ilə bərabər xüsusi çəkisi də artır.
2013-cü ilin sonunda cəmi kreditlərin 40,3 faizini istehlak kreditləri
təşkil edirdisə, 2014-cü ilin birinci rübünün yekununda bu rəqəm 40,8
faizə yüksəlib. Aprelin 1-nə kimi istehlak kreditlərinin həcmi daha 152
milyon manat artaraq 6,51 milyard manata çatıb.
Problemli kreditlərin artmasının səbəbi nədir və bu əslində nədən
xəbər verir? Bunu əhalinin həyat səviyyəsinin aşağı olması ilə izah
etmək olarmı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı problemli kreditlərin artmasında
çoxsaylı amillərin çıxış etdiyini deyir. Əhalinin sosial-iqtisadi
durumunun aşağı olmasını da xüsusi qeyd etmək lazımdır. Burada xüsusilə
bahalı faiz dərəcələri və bankların istismarçı xarakterləri dayanır.
Yəni istehlak kreditlərinin hər 10 manatdan 4 manatının təşkil etməsi
ondan xəbər verir ki, əhali sadəcə istehlak krediti altında özünün
problemlərini ertələyərək vaxt və pul itirmək məcburiyyətində qalır.
Belə ki, alternativ maliyyə mənbələrinə çıxış imkanlarının olmaması
insanları ağır şərtlərlə kreditləri götürmək məcburiyyətində qoyub.
Başqa sözlə, bahalı kreditlərdən istifadə insanlarımızı kredit
bataqlığına salıb: “Əslində, bu rüb ərzində gözləyirdim ki, istehlak
kreditlərinin həcminin azalması baş verəcək. Yeni avrostandartlarla
ölkəyə idxal olunan avtomobillərin azalması istehlak kreditlərinin
həcmində azalmalar ilə müşahidə olunacaq. Amma görünür ki,
avtomobillərin idxalında azalmaların baş verməsi istehlak kreditlərinə
təsir edib, amma vətəndaşlarımızın istehlak kreditlərindən istifadə
səviyyəsi yüksəlib. Demək, bu dəyişən şərtlər daxilində istehlak
kreditlərinin azca artmasından deyil, müəyyən dərəcədə yüksəlməsindən
danışmaq daha doğru olardı”.
Ekspertin sözlərinə görə, bir müddət öncə avtomobillərlə bağlı qəbul
olunmuş kreditlərin məhdudlaşdırılması şərtləri də problemli kreditlərin
durmadan artmasının qarşısının alınmasına və onu minimumlaşdırmağa
hesablanmışdı: “Proqnozlarıma görə, ilin sonuna istehlak kreditlərinin
həcmi 20-30 faiz artacaq. Çünki mövcud olan monetar tendensiyalar və
kredit “aclığı” bu artımı təşviq edir. Istehlak kreditlərinin, o
cümlədən problemli kreditlərin həcminin yüksəlməsinə əsas səbəb lüks
mallar, elektrotexika mallarının zəif nağd pulla satışının
çətinləşməsidir. Onların da kütləvi olaraq kreditlə satışı əhalinin
hansı çətin durumda olmasının göstəricisidir. Problemə kompleks
yanaşsaq, məlum olur ki, çoxtərəfli sosial-iqtisadi dəyişmələr bu sahədə
vəziyyəti daha kritik həddə yaxınlaşdıracaq. Mümkündür ki, ilin sonuna
problemli kreditlərin səviyyəsi 8-10 faizə yaxınlaşsın”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6894