Məmmədovlar imperiyası çökdürülür
Ziya Məmmədovun dairəsi budanır, nazir oğlunun media vədi
də baş tutmadı
Nəqliyyat naziri
Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi yarımçıq qalıb. Məlum
olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov heç kəsin gözləmədiyi
halda yeni media layihəsi ilə gündəmə gəldi. Əslində bununla bağlı əvvəllər də
müəyyən söz-söhbətlər dolaşır, amma nəhayətdə bu söhbətlər təsdiqlənmirdi. Təzminən
1 ay bundan öncə isə Anar Məmmədovun media projesinin ciddi şəkildə həyata
keçirildiyinə dair rəsmi şəkildə açıqlama verildi.
Bununla bağlı
mediaya danışan Anar Məmmədovun sözçüsü bəyan etdi ki, “Qarant Media
Holdinq” adlı qurum yaradılıb və bu qurumun tərkibinə bir sıra media
quruluşlarının daxil olacağı gözlənilir. Media quruluşunun fəaliyyətə
başlayacağı konkret tarix də açıqlanmışdı-25 aprel. Amma göründüyü kimi, vəd olunduğu tarix keçsə də nazir oğlunun media
projesindən hələ də xəbər yoxdu. Daha sonra müəyyən problemlər üzündən bir qədər
gecikmə olduğu haqda yeni rəsmi açıqlama gəldi və holdinqin may ayı ərzində fəaliyyətə
başlayacağı bildirildi.
Bununla bağlı
axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, nazir oğlu Anar Məmmədovun
“Qarant Media Holdinq” projesinin baş tutması yubanır. Mənbənin sözlərinə
görə, holdinqdə işləyəcək əməkdaşlarla müqavilə bağlanıb, texniki təchizat təmin
olunub, ofis və bütün avadanlıqlar hazırdır. Amma A. Məmmədovun media layihəsi
fəaliyyətə başlaya bilmir.
Qaynağımız
bildirir ki, son bir ayda nazir və onun yaxın ətrafı ilə bağlı aparılan
kampaniya, o cümldən deputat qardaşının oğlu Aynar Məmmədovun adının
avtoxuliqanlıqda hallanması Məmmədovların media holdinq yaratmasına mane olub.
Xatırladaq ki, nazir oğlunun vəkili Ruslan Məmmədov bu layihənin iki həftə öncə
fəaliyyətə başlayacağını bildirmişdi. Hətta mediada bu holdinqə daxil olan sayt
və onlayn TV-lərin də adı çəkilirdi. Lakin göründüyü kimi, proyekt yubanır. Məsələyə
aydınlıq gətirmək üçün R.Məmmədovla dəfələrlə əlaqə cəhdi baş tutmayıb.
Bu arada “Yeni
Cumhuriyyət”ə daxil olan məlumatlarda iddia olunur ki, nazir oğlu projesini may
ayında da reallaşdıra bilməyəcək. Buna səbəb isə həmin layihəyə ən üst səviyyədən
“stop” komandasının verilməsidir. Savash.org-u məlumatlandıran mənbənin
sözlərinə görə, ötən ayın sonlarında Ziya Məmmədov Prezident Adminstrasiyasına
dəvət olunub və orada nazirllə “profilaktik söhbət” olub. Nazirə açıq şəkildə
bildirilib ki, oğlu tərəfindən başladılan media projesi heç də müsbət
qarşılanmır və bundan sonrakı qərarın necə olacağı yalnız onun özündən
asılıdır. Nəqliyyat naziri isə həmin söhbətdə həmin layihəni dayandıracaqlarına
dair öhdəlik götürüb. Mənbə eyni zamanda bildirir ki, Ziya Məmmədov oğlunun
media şəbəkəsi yaratmasını “yuxarılarla” razılaşdırıbmış, amma hansısa səbəbdən
sonradan həmin projeyə “yox” deyilib.
Maraqlıdır ki, nəqliyyat naziri digər bir istiqamətdən də zərbə alıb. Son
20 gündə nəqliyyat naziri iki funksiyasını itirib: Nazirlər Kabinetinin qərarı
ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin
tənzimlənməsi ilə DİN məşğul olacaq, bir qədər öncə isə paytaxtda sərnişin
daşınması nazirlikdən alınaraq meriyaya həvalə edilmişdi. Göründüyü kimi,
nəqliyyat naziri Ziya Məmmədov sürətlə funksiyalarını itirməkdədir. Mənbənin
məlumatına görə, Prezident Administrasiyasında işçi qrup NN-nin əsasnaməsinin
yeni layihəsini hazırlayır: “Layihə yaxın vaxtlarda prezidentə təqdim
ediləcək. Yeni layihədə NN-in bir sıra səlahiyyətlərinin də əlindən alınması
gözlənilir”.
Mənbə deyir ki, NN sərnişin daşınmasının təşkili və bu xidmət üzrə
lisenziyaların verilməsi funksiyalarını itirəcək. Bu xidmət Nəqliyyat
Nazirliyinin əsas qeyri-leqal gəlir mənbələrindən biridir. Bu funksiyalar yerli
icra hakimiyyətlərinə veriləcək. Paytaxtda isə bu funksiya Bakı şəhər İcra Hakimiyyətinin
sərəncamına keçəcək. Nəqliyyat Nazirliyinin işi yalnız effektiv nəqliyyat
siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. NN Energetika Nazirliyi
kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.
Mənbə onu bildirir ki, hazırda hökumətdə səhmləri 100 faiz NN-ə məxsus olan
“Azəryolservis” ASC-nin də nazirliyin idarəetməsindən çıxartmaq məsələsi
hazırda müzakirə edilir. ASC-nin müstəqil, yaxud İqtisadiyyat və Sənaye
Nazirliyinin idarəetməsinə verilməsi variantları nəzərdən keçirilir. Üstün
mövqe ASC-nin müstəqil fəaliyyət göstərməsindən ibarətdir.
Yada salaq ki, bir qədər öncə şəhər (rayon) daxili yolların təmir-bərpası
funksiyası Nəqliyyat Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə,
paytaxtda isə BŞİH-ə verilmişdi. NN-nin yeni əsasnaməsi də yerli icra
hakimiyyətlərinin funksiyalarının artırılması kontekstində hazırlanır.
Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin hüdudsuz funksiyaları nəqliyyat sektorunda
ciddi problemlər yaradır. Bu problemlər son nəticədə nəqliyyat sektorunda xaosa
gətirib çıxarıb və ciddi islahatlara ehtiyac yaranıb.
Məsələn, taksi dayanacaqlarının qurulmasının hansısa şirkətin inhisarında
saxlanması yolverilməzdir. Paytaxtda qurulan dayanacaqların hamısını NN-nin
idarəçiliyi altında olan “Bakı Sərnişin Nəqliyyatı” MMC qurub və yaxın
illərdə formalaşdırılması nəzərdə tutulan 1000-dən artıq dayanacağın da məhz bu
quruma məxsus olacağı bildirilir. Həmin müəssisə isə yaratdığı dayanacaqları
hökumətin maliyyəsi hesabına aldığı taksilərin xidmətinə verir. Bu, aşkar
dövlət monopoliyasıdır.
Adıçəkilən MMC həm də taksi xidməti göstərmək istəyən fiziki və hüquqi
şəxslərə lisenziyalar verir. Dünyanın heç bir ölkəsində mülkiyyət formasından
asılı olmayaraq hansısa kommersiya strukturunun dövlət adından siyasət aparmaq,
tənzimləmə həyata keçirmək hüququ yoxdur. Absurda diqqət yetirin, bir şirkət
taksi bazarında həm xidmət göstərir, həm də rəqiblərinə lisenziya verir. Yəni
burada bazar iqtisadiyyatının əsas şərtlərindən biri olan rəqabət imkanlarının
birdəfəlik qapadılmasından söhbət gedir. Ziya Məmmədov və onun yaxınları
inzibati rıçaqların vasitəsi ilə bazarın bu seqmentini total nəzarət altına
götürüb.
Beynəlxalq təcrübədə isə yanaşma belədir: şəhər meriyası şəhərsalma
normalarına uyğun olaraq taksi dayanacaqlarının dislokasiyasını
müəyyənləşdirir, həmin dislokasiya üzrə taksi xidmətlərinin göstərilməsi üçün
tenderlər keçirir. Sonradan
tenderin qalibi olmuş şirkətlər dayanacaqların tipik layihəsinə və dislokasiya
yerinə uyğun olaraq taksi dayanacaqlarını quraşdırır. Ümumiyyətlə, xarici
təcrübədə istənilən nazirliyin təsərrüfat fəaliyyəti ilə məşğul olmaq
funksiyası yoxdur. Nazirlik ancaq müvafiq sahə üzrə dövlət siyasətini
hazırlamalı və yalnız tənzimləyici funksiyaların daşıyıcısı olmalıdır.
Nəqliyyat Nazirliyi indiki funksiyaları ilə dövlət siyasətini həyata
keçirən qurum yox, özəl şirkət kimi çıxış edir.
Eyni sözləri
sərnişin daşınması xidməti haqqında da demək olar. NN-in patronajlığı ilə
yaradılan şirkətlər sərnişin daşınması xidmətini inhisara götürüb və sürətlə
“yad” şirkətləri bazardan çıxarır. Siyasi hakimiyyət nəqliyyat
sektorundakı bu xaosdan narahatdır. Çünki aztəminatlı əhalinin mütəmadi olaraq
istifadə etdiyi ictimai nəqliyyatdan narazılıq pik həddinə çatıb, 100 milyon
manata başa gələn “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” iflic
vəziyyətdədir. Bu səbəbdən də NN-in yenidən təşkil olunması və
səlahiyyətlərinin yerli icra hakimiyyətləri arasında bölünməsinə ehtiyac
yaranıb.
Nəqliyyat
Nazirliyinin yenidən təşkil olunması Z.Məmmədovun etimad limitinin bitməsi ilə
bağlı bir məsələdir. Bunu “struktur islahatı” kimi
təqdim etməyə çalışsa da, yeni ideyanın Z.Məmmədovun “portfelsiz nazir”ə
çevrilməsinə hesablanan layihə olması göz önündədir. Bu o deməkdir ki,
Z.Məmmədov indiki statusunu itirir və adi bir məmura çevrilir.
Elçin
Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=6930