Ən qorxulu siyasət budur ki…
Qorxaq ictimai rəy xarici təhlükə qarşısında müqavimət yarada bilməz
Təqribən, bir həftə bundan əvvəl politoloq Hikmət Hacızadənini
facebook səhifəsində maraqlı bir xəbər oxumuşdum. Hikmət bəyin
paylaşdığı xəbər Bakıda “Qriqoryev lenti”nin paylanıldığı barədə idi.
Bu, ilk dəfə 2005-ci ildə Rusiyanın informasiya agentliyi olan RIA –
Novostinin düşünüb-daşındığı bir aksiya olub. Açması – Böyük Vətən
Müharibəsində faşizm üzərində qələbəsinin bayram edilməsi anlamına
gəlir.
Amma Rusiya mənşəli bu ənənənin Bakıda, həm də, səhv etmirəmsə, bütün
MDB üzrə ilk dəfə- təkrar edilməsi adamın yadına o qədər də xoş olmayan
olaylar doğurur. Rusiya ənənələrinin Azərbaycanda
ictimailəşdirilməsinin arxasında bir siyasi məqsəd dayanmaya bilməz.
Azərbaycanda siyasi onay olmadan heç bir ictimai təşkilat Bakı
küçələrində özünün planlaşdırdığı aksiyaları keçirə bilmədiyi kimi. Bu
aksiyanı təşkil edən “Irəli” adlı təşkilatı tamamilə müstəqil təşəbbüs
saysaq belə, mümkün deyil.
Amma söhbət faşizm üzərində qələbənin hansı formada xatırlanmasından
getmir. Söhbət ondan gedir ki, faşizm üzərində qələbəni faşizmi yenidən
dünyaya gətirən bir ölkənin, Rusiyanın atributlarını Azərbaycanda
daşımaq yaxşı nəticələrdən xəbər verə bilməz.
Bunun ardınca peyda olan başqa bir xəbərdə deyildiyi kimi. Rusiya
səfirliyi Azərbaycanda da vətəndaşlıq pasportları paylamağa başlayıb.
Bundan dərhal sonra hakimiyyətyanlı cib müxalifətinin liderlərindən
biri Azərbaycanda rus hərbi bazalarının qurulması barədə danışır.
Rus nostaljisi hakimiyyətin səyləri olmadan da doğa bilir. Azərbaycan
vətəndaşlarının 44 faizə qədəri Rusiya mənşəli pullarla dolanır.
Ictimai rəydə Rusiyada özünə cənnət yarada bilən azərbaycanlı
biznesmenlər haqqında əfsanələr dolaşmaqdadır. Lap açıq desək,
Azərbaycanlı oliqarxların sərvətlərinin həcmi azərbaycanlıları
heyrətlənirməzdən əvvəl bizim cəmiyyət Rusiyadakı həmyerlilərimizin
var-dövləti haqqında danışırdı. Elə, oliqarxlar da onlara əməlli başlı
reveranslar edirdilər və deyəsən, indi də edirlər. Məsələn, Telman
Ismayılovun ad günlərində və ya başqa günlərində onunla qol-qola girib
rəqs edən oliqarxlarımızın sayını kim bilir Mənim bildiyimə görə bu rəqs
dəstgahlarına yalnız Ramil Usubov qoşulmayıb və hətta bir dəfə pul
müqabilində Telman Ismayılova kortec təşkil edən DYP əməkdaşını işdən
qovub.
Sonra qısa zaman kəsiyi üçün zövqlər dəyişdi. Moskvadakı Azərbaycan
mənşəli milyarderlər düşmən elan edildilər. Buna əsaslar da vardı
deyəsən. Milyarderlər Putinin ssenarisi üzrə təşkilatlanmaqla və
Azərbaycan prezidentini fakt qarşısında qoymaqla bütün rəqs edən
oliqarxları və ictimai rəyi heyrətləndirdilər. Pul kimin
kontrolundadırsa, rəqsi də, o, sifariş edir. Azərbaycanın milyonerləri
və milyarderləri də Ilham Əliyevdən eyni dərəcədə asılıdırlar. Amma
məsələ bunda deyil. Məsələ ondadır ki, rəsmi Moskvanın oradakı
azərbaycanlılara münasibətilə rəsmi Bakının buradakı azərbaycanlılara
münasibəti arasında fərq azdır, ya da yoxdur. Amma azərbaycanlılar rəsmi
Moskvanın azərbaycanlılara münasibətinin detallarını öz dərilərində
hiss etmədiklərinə görə, hesab edirlər ki, oradakı azərbaycanlılar daha
təhlükəsiz və daha təminatlı həyat yaşayırlar. Üstəlik, Rusiyadan gələn
pullar hesabına yaşayan ictimailəşməmiş rəylər.
Buna görə də Azərbaycanlıların çoxunda rus və ya sovet nostaljisi
tüğyan edir. Adamlar hesab edirlər ki, adına müstəqillik deyilən anlayış
Ziya Məmmədovun və ya bu qəbildən olan başqa oliqarxların insanları
tapdalayaraq pul qazanması ilə məhdudlaşır və buna görə də bu
müstəqilliyi ruslara bağışlayıb əvəzində təminatlı həyat almaq olar.
Kislovodskiyə 50 manatlıq putyovka alıb 15 gün dincəlmək olar və s..
Təkrar edirəm, ictimai rəy bərbad daxili siyasətin nəticəsində belə
bərbad qənaətə gəlir. Hökumətin daxili siyasəti insanları və ictimai
rəyi nəzərə almamaq üzərində qurulub. Bu, insanları vətən və dövlət
anlayışlarından iyrəndirir.
Ortalıqda belə bir nəhəng və gizlədilməsi mümkün olmayan fakt varsa,
insanları başqa dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək
gülünc ittihamdır. Təkcə ona görə yox ki, mən Rauf Mirqədirov, Leyla
Yunus,.. kimi ziyalıların başqa dövlətlərə (ən gülməlisi isə
Ermənistana) işləməsinə inanmıram. Həm də ona görə ki,Azərbaycanda rəsmi
siyasət azərbaycanlılardan başqa hər kəsin mənafelərinə uyğundur. Bu
siyasət Azərbaycan vətəndaşlarını nəzərə və vecinə almayan siyasətdir və
bu siyasətdən bir an öncə imtina edilməlidir.
Ziyalılar, tanınmış adamlar başqa dövlətlərə işləməzlər. Amma ictimai
rəy qapalı şəkildə Azərbaycan hökumətinin siyasətinə adekvat reaksiya
verir və bundan qorxmaq lazımdır. Bu o deməkdir ki, hər hansı xarici
təhlükə qarşısında ictimai müqavimətin olmayacağını proqnozlaşdırmaq
lazımdır. Çox dəhşətli proqnozdur. Bundan qorxmağa dəyər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6939