“Rüşvət əvəzinə gözümü verdim”
Ismayıllıdan əlil Almaniyada müalicə olunmaq istəyir…
Ismayıllıdan əlil Almaniyada müalicə olunmaq istəyir…
O, həkimlərin onu aldatdığını deyir
Ismayıllı rayon icra hakimiyyəti əməkdaşının həyətində işləyərkən bir
gözünü itirən Yuxarıbaş kənd sakini Vahid Piriyev “Azadlıq” radiosuna
müsahibəsindən sonra prokurorluğa çağırıldığını deyir. O, indi az da
olsa sevinir ki, şikayəti ilə maraqlanırlar. Xatırladaq ki, Vahid
Piriyev deyirdi ki, ondan övladlığa götürdüyü körpəni adına
rəsmiləşdirmək üçün rüşvət istəyiblər, ancaq onun buna imkanı çatmayıb.
Bu hadisənin ardınca rüşvət verə bilmədiyindən icra hakimiyyətində hüquq
şöbəsinin müdiri işləyən Valeh Hüseynovun həyətində işləmək təklifini
qəbul edib. Həyətdə iş görən zaman mismar gözünə dəyib, nəticədə görmə
qabiliyyətini itirib.
Şöbə müdiri Valeh Hüseynov isə “Azadlıq” radiosuna müsahibəsində
Vahid Piriyevdən rüşvət istəmələri barədə deyilənləri qəti şəkildə rəd
etmişdi. Üstəlik, Vahid Piriyevin onun həyətində işləyərkən bir gözünü
itirməsini təsdiq edərək, bunda heç bir məsuliyyət daşımadığını
bildirmişdi. Şöbə müdiri Vahid Piriyevə bir neçə dəfə maddi yardım
göstərdiyini də demişdi.
Vahid Piriyev indi də ona Almaniyada müalicə olunmağa maneçilik
törədildiyini bildirir. Bu işdə də Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin həkimlərini günahlandırır. Biz yenidən Vahid
Piriyevin yaşadığı ünvanda olduq. O, çox acınacaqlı vəziyyətdə yaşayır.
Başqasının köməyi olmadan hərəkət edə bilmir. Hazırda anası, həyat
yoldaşı və övladlığa götürdüyü azyaşlı ilə birlikdə yaşayır. Vahid
Piriyev:
“Mən demirəm ki, kimsə həbs olunsun…”
“Mən demirəm ki, kimsə həbs olunsun. Mən istəyirəm ki, rəsmi qurumlar
işimə biganə qalmasınlar. Keçmişdə nə olub onları qoyaq qırağa. Mən
Valeh müəllimdən də, rayonun digər rəhbərlərindən də bir daha xahiş
edirəm ki, mənə kömək etsinlər. Hazırda rayon məhkəməsində iddiam üzrə
məhkəmə prosesi gedir. Vaxtilə mənə hərbi xidmətə çağırış vərəqəsi
gələndə çox sevindim. Vətənə layiqincə xidmət etdim ki, dar gündə vətən
köməyimə çatar. Ancaq təəssüf ki, hələ bunun qarşılığını görmürəm”.
“Həkimlər məni aldadır”
Vahid Piriyev deyir ki, Milli Oftalmologiya Mərkəzində yoxlamadan
keçib: “Müəyyən analiz, şəkil və başqa lazımi şeyləri götürüb Almaniyaya
göndərdilər və dedilər ki, Almaniyadan müsbət cavab gəlsə, səni dövlət
hesabına müalicəyə göndərəcəyik. Təxminən 3 həftədən sonra mənə Bakıdan
həkim zəng edib dedi ki, Almaniyadan cavab gəlib, sənin gözünə heç bir
çarə yoxdur. Ancaq mən bir neçə dəfə özəl klinikalarda müayinə
edilmişəm. Orada mənə dedilər ki, sən Almaniyaya, Türkiyəyə getsən,
gözün görəcək. Milli Oftalmologiya Mərkəzində həkimlər qəsdən mənim
Almaniyaya gedən sənədlərimə 0 faiz yazıblar ki, ordan mənfi cavab
gəlsin. Mən hələ də ümidlə yaşayıram ki, nə zamansa gözüm görəcək. Mən
də çox istəyirəm ki, övladlığa götürdüyüm bu uşağı gözlərim görsün, onun
necə böyüdüyünü, şıltaqlığını görüm. Beynəlxalq Bankda hesab da
açdırmışam:
Hesab nömrəsi. IBAN AZ31I BAZ 33801019445222712332
Azərbaycan Beynəlxalq bankı Ismayıllı şöbəsi.
Bankın SWIFT kodu IBAZAZ2x
Bankın müxbir hesabı. AZO3NABZO1350100000000002944
Bankın kodu. 805799
Bank VÖEN 9900001881
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə
müdiri, tibb elmlər namizədi oftalmoloq cərrah Aytən Sultanova isə Vahid
Piriyevin dediklərini təkzib edir:
“Əgər 1 faiz güman olsaydı, biz ona kömək edərdik”
“Biz onu ətraflı yoxlamışıq. Mən nəticə barədə Vahid Piriyevlə
ətraflı danışmışam və biz bütün nəticələri Almaniyaya göndərdik. Ordan
cavab gəldi. Mən onlara başa saldım ki, əgər Almaniyadan gələn cavabda 1
faiz belə gözün görəcəyi ehtimalı olsaydı, mütləq müvafiq qurumlar onu
müalicəyə göndərərdilər. Əvvəla özünüz bilirsiniz ki, ölkəmizdə
oftalmologiya nə dərəcədə inkişaf edib. Elə bir əməliyyat yoxdur ki,
bizim mərkəzdə icra olunmasın. Əgər Vahid üçün mümkün nəsə olsaydı, biz
onun üçün mütləq qaydada edərdik. Ancaq artıq gecdir, əlbəttə ki, biz
çox üzgünük, heç nə edə bilmirik. Hətta mən Alman həkimlərinin bizə
göndərdiyi cavabı Vahidin özünə göndərdim ki, birdən ürəyinə başqa fikir
gələr. Biz də insanıq, azərbaycanlıyıq, vicdanımız ağrıyır. Əgər 1 faiz
güman olsaydı, biz ona kömək edərdik. Dünyanın harasına getsə, mümkün
deyil. Allah özü kömək olsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6941