Avropa Şurasında Əli Insanovla bağlı müzakirələr

Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Avropa
Məhkəməsinin Əli Insanovla bağlı qərarının icra olunmaması məsələsini
müzakirə edəcək. Bu barədə “Azadlıq”a keçmiş nazirin vəkili Toğrul
Babayev məlumat verib.
Vəkil bildirib ki, Avropa Məhkəməsinin ötən il martın 14-də Əli Insanovun şikayəti üzrə qərarı bu günə qədər tam icra olunmayıb.
Nazirlər Komitəsi Əli Insanovun icra məsələsilə bağlı şikayətinə
baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Eyni zamanda, Avropa
Məhkəməsinin qərarını icra etmədiyinə görə Nazirlər Komitəsinin iyunun
3-5-də keçiriləcək iclasında bu məsələnin də müzakirəyə çıxarılması
qərara alınıb.
Xatırladaq ki, Əli Insanov 2005-ci ildə dövlət çevrilişinə cəhd
ittihamı ilə həbs olunub. Amma sonradan vəzifə cinayətlərilə bağlı
ittihamlar üzrə 11 il azadlıqdan məhrum edilib. Ötən il Avropa Məhkəməsi
keçmiş nazirin məhkəməsinin ədalətli keçirilmədiyi, onun işgəncəyə
məruz qaldığı haqda qərar çıxarıb, buna görə Azərbaycan hökuməti
cərimələnib.
Avropa Məhkəməsinin qərarı əsasında Əli Insanovun işinə yenidən baxılsa da, 11 illik həbs hökmü dəyişdirilmədən saxlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6945