Ziya Məmmədov Arif Əsgərovun “bazarını bağladı”
Funksiyaları məhdudlaşdırılan nəqliyyat naziri son zərbəni dəmiryol şefinə vurdu
Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov müəssisənin maliyyə vəsaitləri üzərində sərəncam vermək hüququnu tamamilə itirib. Məhz bu səbəbdən də onunla bir çox iri şirkətlər arasında ciddi problemlər yaranıb. Bu barədə mia.az saytı məlumat yayıb.
Saytın məlumatına görə, A.Əsgərova balaca məbləğli vəsaitlərlə bağlı belə sərəncam vermək yasaqlanıb: A.Əsgərovun hətta hesabdan hesaba pul köçürmək hüququ da əlindən alınıb. Nəqliyyat naziri Ziya Məmmədov QSC-nin maliyyə fəaliyyətini tam nəzarətə götürüb. Bu da müəssisə ilə müqaviləsi olan şirkətlər arasında çox ciddi problemlər yaradıb.
Sayt yazır ki, A.Əsgərov yalnız Z.Məmmədovun razılığı əsasında maliyyə vəsaitlərinin köçürülməsi ilə bağlı sənədlərə imza ata bilər: “Buna görə də A.Əsgərov arzuolunmaz duruma düşüb. Cəmiyyətin tenderlərində qalib gəlmiş bəzi şirkətlər gördükləri işlərin pulunu ala bilmir. Z.Məmmədov həmin şirkətlərin A.Əsgərov və QSC-nin başqa rəhbər şəxsləri ilə maliyyə maxinasiyalarına yol verdiyini əsas götürərək ödənişləri dayandırıb. Buna görə də əvvəllər milyonlar üzərində asanlıqla sərəncam verən A.Əsgərov indi 40-50 min manatı sərbəst ödəmək iqtidarında deyil. Ona görə də bəzi şirkətlər məhkəməyə üz tutmağa məcbur olub. Belə şirkətlərdən biri də “ATEF Şirkətlər Qrupu” MMC-dir. Bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib. QSC-nin şirkətə 306 min manat borcu var. Borc çəkişməsinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Apelyasiya Məhkəməsindədir. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. Növbəti proses mayın 15-ə təyin edilib”.
Mənbənin məlumatına görə, QSC-də baş verənlər A.Əsgərovun tezliklə vurulacağı ehtimalını gücləndirib: “Artıq o, səlahiyyətsiz bir durumdadır, güman ki, Z.Məmmədov tezliklə onu bitirəcək”. Məlumatla bağlı QSC-dən münasibət öyrənmək mümkün olmayıb.
Son vaxtlar nəqliyyat naziri Z.Məmmədovun bir sıra səlahiyyətləri məhdudlaşdırılıb. Təxminən 3 həftə öncə Nazirlər Kabinetinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərarı paytaxtın sərnişin daşınmasında ikihakimiyyətliliyə səbəb olub. İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması sektoruna nəzarət yalnız nəqliyyat naziri Ziya Məmmədovun baçısı və 1zhhqardaşı oğlunun rəhbərlik etdiyi “Bakısərnişin-nəqliyyat” MMC-nin əlində idi.
Nazirlər Kabinetinin qərarıyla isə paytaxtda sərnişin daşınmasının təşkili həm də Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunub. Yəni, Ziya Məmmədovun səlahiyyətlərinə Abutalbov şərik edilib .
Bundan bir müddət sonra isə Ziya Məmmədovun bir səlahiyyətinə də Ramil Usubov şərik edilib. Belə ki, baş nazir Artur Rasizadənin qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Hansı ki, bu indiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu.
Qeyd edək kui, bu qərarlara qədər Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilib və Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Formal olaraq “Azəryolservis”in səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da, Cavid Qurbanov Paşayevlərlə qohum olduqdan sonra müstəqil hərəkət etməyə başlayıb. Və “Azəryolservis” ASC-ni faktiki olaraq Məmmədovun nəzarətindən çıxarıb. Hansı ki, yol tikinti və təmirinə ayrılan dövlət investisiyalarına nəzarət edən “Azəryolservis” vaxtilə Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Təkcə bir faktı- son 8 ildə “Azəryolservis”ə 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılmasını qeyd etsak, nə qədər nəhəng pulların xərclənməsinə nəzarətin Ziya Məmmədovdan alındığı ortaya çıxar.
Məhz qeyd olunanlara əsaslanan ekspertlər son vaxtlar proseslərin Ziya Məmmədovu səlahiyyətsiz bir nazirə çevirmək istiqamətində inkişaf etdirildiyini vurgulayırdılar. Hansı ki, bunun sonu istefaya göndərilməkdir. Hər halda ortada Heydər Babayevin və Misir Mərdanovun təcrübəsi var.
Bu baxımdan böyük maliyyə qaynaqlarını bir-bir itirən nəqliyyat “bossunun” son addımını- “Azərbaycan Dəmir Yolları” QSC-yə nəzarəti sərtləşdirməsini anlamaq çətin deyil. Bununla Z.Məmmədov itirdiklərini kompensasiya etmək gücündə olmasa belə, əlindəkiləri möhkəm tutmağa çalışır. Ancaq unudur ki, onu səlahiyyyətsiz nazirə çevirmək qərarı verilibsə, bu çür çabalar yersizdir. Getməyə hazırlaşmaq lazımdır!
Sonda onu da qeyd edək ki, Ziya Məmmədova münasibətin dəyişməsində onun prezident seçkisindən öncə Moskvada yaranan “Milyaderlər ittifaqı”nın bəzi üzvləri ilə yaxın münasibətlərinin də rolu olduğu istisna edilmir. Bu haqda “AzPolitika.info”ya daxil olan məlumatlarla bağlı ayrıca yazı hazırlayaçağıq.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6966