Rauf Mirqədirovun həyat yoldaşı ikinci dəfə dindirildi
“Raufun kompüterlərinin yaddaş kartını, daha sonra qızımın planşetini, diktofonu apardılar”
Həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı Adilə
Babaxanova mayın 5-də Azərbaycanın Ankaradakı səfirliyində ikinci dəfə
ifadə verib.
Azadlıq Radiosuna müsahibəsində Adilə Babaxanova deyib ki, imzaladığı
izahatda həyat yoldaşının cinayət işlətdiyinə inanmadığını yazıb:
“Mənə suallar ancaq Raufun fəaliyyəti ilə bağlı idi. Onun səfərləri
haqqında soruşurdular. İstintaq sirrini yaymayacağımla bağlı sənədə imza
atdığım üçün ətraflı danışa bilməyəcəyəm. Sadəcə onu deyim ki,
yazılanları oxudum, altından imza atdım. Sonra da sənədin aşağısında
həyat yoldaşımının hansısa cinayət törətdiyinə inanmadığımı yazdım”, –
deyə Adilə Babaxanova bildirib.
– Hazır sənədi imzaladınız, yoxsa öz yazdıqlarınızı?
– Mənə suallar verib özləri yazırdılar. Sonda oxudum və imzaladım.
– Evinizdə aparılan axtarış zamanı nələri götürdülər?
– Raufun kompüterlərinin yaddaş kartını, daha sonra qızımın planşetini, diktofonu apardılar.
– Baş verənlərə uşaqlarınızın reaksiyası necədir?
– Uşaqların psixikası pozulub, qızım internetdə yazılanları oxuyub ağlayır, çox pis olur.
– Rauf bəyin saxlanması necə oldu? Onu avtobusdan kimlər düşürdü?
– Biz vizamızın müddətini uzatmaq üçün Gürcüstana yola düşürdük. Elə
avtobus yenicə tərpənmişdi ki, bir polis maşını avtobusu saxlatdırdı.
5-6 türk polisi avtobusa qalxdı və hamının sənədlərini götürdülər. Bir
müddət sonra Raufdan başqa hamının sənədini qaytardılar. Dedilər onun
viza müddəti bitib. Mən buna etiraz etdim, dedim bizim hamımızda vizanın
müddəti eyni vaxtda bitir. Sonra onlara zəng gəldi, dedilər yuxarıdan
tələb olunur ki, yoldaşınızı aparaq.
– Gürcüstana getməyinizdən kiminsə xəbəri vardımı?
– Əlbəttə çox adam bilirdi. Biz bilirdik ki, ölkədən çıxıb təkrar
viza alıb geri qayıtmasaq, hamımızı deportasiya edəcəklər. Ona görə,
hətta polisə getmişdik ki, bizə sənədlərin toplanmasında yardım
etsinlər. Biz heç nəyi gizlətmirdik.
Short URL: http://www.cumhuriyyet.net/?p=6975