“Pərviz Həşimli onu nəyin gözlədiyini bilir”
“Yuxarıdan neçə il iş istəsələr, hakim onu da oxuyacaq”

Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi
Pərviz Həşimlinin məhkəməsi yekunlaşmaq üzrədir. Artıq iş üzrə məhkəmə
istintaqı başa çatıb və mayın 11-də prokuror çıxış edərək, jurnalistə
cəza istəyəcək.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov “mediaforum”a açıqlamasında
bildirib ki, müdafiə tərəfi çıxışlara hazırlaşır: “Məhkəməni uzatmağın
mənası yoxdur. Bu günə qədər məhkəmə heç bir vəsatətimizi təmin etməyib.
Yuxarıdan neçə il iş istəsələr, hakim onu da oxuyacaq. Yəni, obyektiv
məhkəmə araşdırmasından söhbət gedə bilməz”.
Bəhruz Bayramov mühakimə prosesinin qeyri-obyektiv olduğunu
vurğulayıb: “Elə sübutlarımız var idi ki, onu məhkəmənin sorğusu ilə
əldə edə bilərdik. Lakin məhkəmə işin obyektiv, ədalətli
araşdırılmasında maraqlı olmadı. Kamera görüntüləri, silahların
hazırlandığı zavoda sorğu verilməsi, onlarda olan 2800 ABŞ dollarının
üzərində Pərviz Həşimlinin əl-barmaq izlərinin olub-olmaması barədə
ekspertiza təyin edilməsilə bağlı vəsatətlər verdik. 2013-cü il
sentyabrın 18-də Təvəkkül Qurbanovun telefonunun Biləsuvar rayonunda
olub-olmaması barədə Rabitə və Informasiya Texnologiyaları Idarəsinə
sorğu verilməsini xahiş etdik. Əgər Pərviz Həşimlinin evində olan
kameranın yaddaş kartını əldə edə bilsəydik, məlum olardı ki, silahları
Pərvizin evinə, həyətinə kim yerləşdirib. Özü yerləşdiribsə, cəzasını da
alardı. Bunlar birbaşa sübutlar idi. Məhkəmə prosesi boyunca digər
vəkillərlə birlikdə 15 vəsatət verdik, heç biri də təmin olunmadı.
Məhkəmədən ədalətli hökm gözləmirəm.
Pərviz Həşimli onu nəyin gözlədiyini bilir. Ədalətli hökmə inanmır.
Sadəcə, hökmün tez oxunmasını və MTN-nin Istintaq Təcridxanasından Bakı
Istintaq Təcridxanasına köçürülməsini istəyir”.
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub.
Ona qarşı qanunsuz silah-sursat saxlama və silah qaçaqmalçılığı
ittihamları irəli sürülüb. Pərviz Həşimli isə ittihamları qəbul etmir,
evinə silah-sursatın MTN əməkdaşları tərəfindən qoyulduğunu bildirir.
Onun üzünə duran Təvəkkül Qurbanova gəlincə, onun MTN-nin adamı olduğunu
bəyan edir. Həbsini isə siyasi sifarişin nəticəsi hesab edir və
jurnalist, hüquq müdafiəçisi kimi peşə fəaliyyətilə əlaqələndirir.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6983