“Qaz Idarəsi qazpulunu püşkatmayla yazır”
İsmayıllıdakı yeni köçkün şəhərciyində qaz pulu borclarının şişirdildiyini deyirlər…
Ismayıllı rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni
qəsəbədə 45 ev var. Qəsəbə rayon mərkəzindən təxminən 4 kilometr aralıda
yerləşir. Burada əsasən Ağdam, Laçın, Füzuli rayonlarından köçkün
düşənlər yerləşdirilib. Qəsəbədə ən böyük problem kimi qaz istismar
idarəsi ilə aralarında yaranan anlaşılmazlığı göstərirlər. Köçkünlər
bildirirlər ki, onlara artıq borclar yazılıb.
“Bizimlə nə Ismayıllı, nə də Ağdam rəhbərliyi maraqlanır”
Ağdam rayonundan məcburi köçkün düşmüş Səhrad Əliyev: “Bütün bu
problemlərlə bağlı mən yeni təyin olunmuş Ağdam rayon icra başçısı Raqub
Məmmədovla görüşmək üçün Quzanlıya getdim. Mən çox cəhd etdim, icra
hakimiyyətinin digər rəsmilərinə dedim ki, 200 km aralıdan, Ismayıllıdan
gəlmişəm, başçıya deyin məni qəbul etsin. Başçı məni qəbul etmədi.
Ismayıllıda Qaz Idarəsi abonentlərə borcu püşkatma yolu ilə yazır. Mənim
sayğacımın üstündə 121 manat borcum ola-ola, 468 manat borc yazılıb.
Bizimlə nə Ismayıllı, nə də Ağdam rayon rəhbərliyi maraqlanır”.
“Qaz idarəsi bu rəqəmləri haradan götürüb?”
Laçın rayonundan köçkün düşmüş Nəsibə Həsənzadə: “Başım çıxmır, 1
otaqda yalnız gündüz vaxtı qaz yanırsa, bu nə qədər pulu yaza bilər? Lap
ağını çıxarıblar. Bilmirəm qaz idarəsi bu rəqəmi haradan götürüb. Mənə
978 manat 53 qəpik borc yazıblar. Bu nə deməkdir, yoxsa pul silməklə
məşğuldurlar? Baxın, belə məmurlardır insanları dövlətdən narazı salan.
Mən şikayətçiyəm, zəhmət çəkib gəlib izah etsinlər görək bu nə
oyundur?”.
Ismayıllı Qaz Idarəsi köhnə borcları yada salır…
Ismayıllı rayon Qaz Istismar Idarəsinin, təbii qazın qəbulu və satışı
şöbəsinin müdiri Kənan Mütəlov isə köçkünlərin şikayətini əsassız
sayır: “Abonent haradan köçüb qəsəbəyə gəlibsə, borcu da özü ilə aparır.
Yəni onun köhnə borcu bağışlanılmır. Köçkünlər yəqin fikirləşir ki, ora
yeni salınmış yaşayış massividir, buna görə onların borcu silinir,
xeyr, borc borc kimi onların üzərində qalır. Elə köçkünlər var ki, əvvəl
peşə məktəbində, elələri var ki, Qubaxəlilli kəndində
məskunlaşmışdılar. Ancaq indi yeni ünvana köçmələrinə baxmayaraq borc
silinmir. Ailədə neçə üzv varsa, onlara düşən aylıq limit hesablanıb və
kompüterə vurulub. Kompüterdə hazır proqram var və orada ortaq rəqəm
qəbul edilib. Biz sadəcə ailə sayı və üzvlərini hesablayırıq, qalan
borcun miqdarını proqram hesablayır. Səhrad Əliyev mənə müraciət edib.
Mən ona başa salmışam ki, siz peşə məktəbində yaşamısınız və yeni ünvana
köçəndə sizin köhnə ünvanda işlətdiyiniz qazın qalan borcu yeni sayğaca
yüklənib. Mən eləcə də digər şikayətçilərə izah etmişəm ki, prezident
köhnə borcların bağışlanması dedikdə 2009-cu ilin oktyabr ayının 1-nə
kimi olan borcları nəzərdə tutub. Yerdə qalan ödənilməlidir”.
Başçının müavini: “Kimin əlavə problemi varsa, yazılı müraciət etsin, həll edək”
Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov
da başçının ünvanına səslənən tənqidləri qəbul etmir: “Səhrad Əliyev
Ağdama nə vaxt gəlibsə, başçı onu qəbul edib, dinləyib. Bu, əsasən
keçmiş başçının dövründə olub. Yeni başçı təyin olunduqdan sonra Səhrad
Əliyev qəbula gəlməyib. Başçının qəbul günü həftənin ikinci günüdür və
125 nəfər vətəndaşı qəbul edib. Səhrad Əliyev nə vaxt gəlibsə, həmişə
mənimlə görüşüb. Bu, mümkün olmayan söhbətdir. Deyilən vaxtda Səhrad
Əliyev mənim yanıma gəlməyib, əgər zəng etsəydi, xəbərim olardı.
Ismayıllıda köçkünlərin məskunlaşdığı qəsəbəyə Ağdam rayon rəhbərliyi
tərəfindən həmişə diqqət olub, getmişik, maraqlanmışıq. Indən belə də
yenidən gedib problemlərlə maraqlanacağıq. Kimin əlavə problemi varsa,
yazılı müraciət etsin, həll edək. Necə yəni itirib axtarmırlar?..”
Short URL: http://www.cumhuriyyet.net/?p=6986