“Azərpoçt”un baş direktoruna ağır ittiham
07.05.2014 - 10:44
“Azərpoçt”un baş direktoruna ağır ittiham

İşçiləri Qəmbər Bəybalayevin gördüyü işlərlə bağlı ilginc şeylər danışırlar: “Məktublar açılıb oxunur, qardaşı oğluna isə əlavə ştat açdırıb”
Ötən günlərdə “Azərpoçt”da baş verən bəzi işlərlə bağlı məlumat verdikdən sonra redaksiyamıza bununla bağlı müraciət edənlərin sayı artıb. Dünən JAM.AZ-a müraciət edən bir qrup poçt işçiləri həmin qurumun baş direktoru Qəmbər Bəybalayevin haqqında ilginc ittihamlar səsləndiriblər.
Adlarının açıqlanmasını istəməyən həmin şikayətçilər vurğulayırlar ki, Qəmbər Bəybalayev artıq bir müddətdir qəribə göstəriş verib. “Qəmbər Bəybalayevin xüsusi adamları var ki, onlar ölkə ərazisinə və ya xaricə göndərilən məktubları “sartirovka” edərək, onları açaraq içlərini oxuyurlar. Həmin məktublarda yazılanlara uyğun olaraq göndərilib-göndərilməməsi müəyyən edilir. Əgər göndərilməsi məsləhət olmursa, məktublar it-bata salınır”.
“Azərpoçt” MMC-nin baş direktorunun apardığı kadr siyasətinin də yanlış olduğunu bildirən şikayətçilər qeyd edirlər ki, burada əsaslı pozuntular var. “KŞ-nin rəisi Sevil Nəsirova rüşvətsiz heç bir məsələni həll etmir. Məsələ ciddiləşəndə isə açıq şəkildə deyir ki, tapşırıq Bəybalayevdən gəlib. Elə bu minvalla da nöqsanın kiçik və böyük olmasına baxmayaraq, istədiyi adamı işdən qovur və ya ondan külli miqdarda pul alaraq yerinə qaytarır”.
JAM.AZ-a verilən məlumatda yerli Poçtamp rəislərinin də günlərinin qara olduğu vurğulanır. Şikayətçilər bildirirlər ki, “Azərpoçt”un 64 rayon və şəhərdə mərkəzləri var. Onların bildirdiyinə görə, hər bir rəis aylıq haqq verməlidir. Əks təqdirdə işdən çıxarılmaları an məsələsidir.
Şikayətçilər daha sonra yeni-yeni ilginc məlumatlar da veriblər. Onlar deyirlər ki, Qəmbər Bəybalayev bütün yaxın qohumlarına bir şəkildə yardımçı olur. Bu yaxınlarda isə qardaşı oğlu, hərbi xidmətdə olmayan, özəl ali məktəblərdən birini bitirmiş Arif Bəybalayevə “Azərpoçt”da məsul vəzifə verib. “Daha doğrusu, onun üçün yeni şatat açılıb. Maraqlıdır ki, 10-15 il iş stajı olan şəxslərə heç bir vəzifə verilmir, amma işdən xəbəri olmayan birinə isə yeni ştat açılır. Üstəlik, rayon poçtamlarının rəhbərlərinə verilməyən maşın Arif Bəybalayevə verilir. Təbii ki, həmin maşının adı xidmətidir, əslində isə o, Bəybalayevin ailə üzvlərini gəzdirməklə məşğuldur”.
Şikayətçilər vurğulayırlar ki, rayon poçtamlarında vəziyyət daha acınacaqlıdır. Onların iddiasına görə, Qəmbər Bəybalayev yerli poçt rəhbərlərindən aylıq haqq tələb etməsi, onları başqa addımlar atmağa vadar edib. Məsələn, hər bir rayonda 7-8 nəfər “ölü canlı”lar var. Yəni, bu adamların adı var, amma özləri işə çıxmırlar. “Nəzərə alın ki, “Azərpotç”un 64 rayonda şöbəsi var. Və hər şöbə 7 nəfəri bu şəkildə işə götürərsə, bu hər ay 950 manat, ümumi respublika üzrə isə 60 min manat pul deməkdir. İlboyu proses davam etdiyində isə ortaya 720 min manatlıq bir məbləğ çıxır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6989