İlham Əliyev Gülər Əhmədovanı buraxdırdı, NIDAçı gəncləri tutdurdu; azacıq da suçları olmaya-olmaya!
Yanıldığımı bəri başdan deyirəm: mən belə gözləmirdim – bir gün qabaq, mayın 5-də, Gülər Əhmədova böyük suç altında evə buraxılandansonra, bir gün sonrakı məhkəmədə azacıq belə, suçu olmayan NIDAçılara da oxşar qərarın uyğulanacağını düşündüm. Indi biz birbaşa yaza bilərik: İlham Əliyev Gülər Əhmədovanı buraxdırdı, NIDAçı gəncləri tutdurdu; azacıq da suçları olmaya-olmaya!
Kimlərsə yanıldığıma görə məni qınaya bilərlər, olsun, ancaq mən
məntiqlə düşünmüşdüm. Daha doğrusu, rejimin, rejim başçısının siyasi
məntiqindən çıxış edərək elə düşünmüşdüm. Əliyevçi rejim qanunsuzluğu
DÖVLƏT SIYASƏTINƏ çevirdiyindən mən qanun məntiqindən deyil, siyasi
məntiqdən çıxış edərək o sayaq düşünmüşdüm. Bəlli olduğu kimi, ortadakı
suçlar baxımından qanunun məntiqi G.Əhmədovaya, sözsüz, iş kəsirdi.
Ancaq indilikdə qanun məntiqi yerinə siyasi məntiq keçərli, işlək
olduğundan mən istər-istəməz ikinciyə söykənmişdim. Ikinci də boş çıxdı.
Bu isə mənim uğursuzluğum deyil, rejimin uğursuzluğudur.
Hakimiyətlərini qoruyub saxlamaq üçün o başdan bu başa ulusal-milli
maraqları satmaq bahasına dışda “balanslaşdırılmış” siyasət yürüdənlər,
prinsipcə, içdə də oxşar siyasət yürütməli idilər. Ancaq o başdan bu
başa iç siyasətdə “OMON” başda olmaqla darmadağın yolu tutulub: qır-tök,
vur-əz – YURDDAŞLARLA bağlı. Yurddaşlarsa o başdan bu başa iki
kateqoriyaya bölünüb: bizimlə olanlar, bizimlə olmayanlar. G.Əhmədova
birincilərdən, NIDAçılar ikincilərdəndir; onların başlıca suçu da budur!
Ispaniya diktatoru Franko deyirdi: dostlara – hər şey, düşmənlərə –
qanun. Əliyevçi diktator “düşmənlərə – qanun” da demir, eləcə siyasi
sifariş qanununu gerçəkləşdirir: düşməndir (indilikdə NIDAçı gənclik!)
iş kəsilməlidir! Oyuncaq məhkəmə, oyuncaq prokuror, oyuncaq hakim sözünü
dedi: baş üstə!
NIDA nə sağdan, nə soldan – birbaşa ulusun bağrından qopub gələn bir
səs – bir nida idi. Istənilən diktatorun qorxusu belə səs – belə
nidadır. Onu dustaq etmək diktatorun güc göstərisi deyil, qorxu
göstərisidir. Gənclikdən qorxan hakimiyət arxasızlıq-dayaqsızlıq
qorxusunu ortaya qoymuş olur. Belə hakimiyət yaxşı bilir: hansısa
gurultulu “Aslanlar”la gənclik yenilən deyil. Yoxsa, yeni yetişən
passionar gəncliyi “beşiyindəcə” boğmaq gərəyi yaranmazdı. Buna görə
ortaya qanun məntiqi deyil, siyasi məntiqə oxşar bir şey çıxarılır. Elə
“Aslanlar” adlandırılan bəlli qurucu-qırıcılığın arxasında da qanun
məntiqi deyil, siyasi məntiq dayanır: başında durduğu toplumdan qorxu
məntiqi.
Son günlər ölkədə ardıcıl olaraq görəcək görsənişlər baş verir: Arif
Paşayev Ilham Əliyevin uşaqlarına açıq-açığına 5 milyard manat
bağışlayır; arxasında K.Heydərovun durduğu deputat Qüdrət Həsənquluyev
açıq-açığına Rusiyanı hərbi bazaları ilə birlikdə Azərbaycana çağırmaq
istəyini bildirir; arxasında Ramiz Mehdiyevin dayandığı G.Əhmədova heç
nə olmamış kimi evə buraxılır, elə o günü R.Mehdiyevin oğlu generalllığa
yüksəldilərək… Fövqəladə pullar nazirliyində nazir yardımçısı postuna
gətirilir. Görəsən, bunu Rusiyaya bağlı bəlli administrator-filosofun o
“qüdrətli” çıxışa qarşılıq AT GEDIŞI saymaq olarmı? Məncə, bu gedişin
sonucları özünü tezliklə göstərəcək – Putinin durumundan-gücündən asılı
olaraq. Putin güclənəcəksə, yeni general tezliklə daha da yüksələcək;
yeni generalın arxasındakı qocaman güc daha da güclənəcəyinə görə…
Siyasi sifarişə bağlı indiki məhkəmə qərarı toplumla rejim arasındakı
uçurumu daha da dərinləşdirməyə yönəlik bir qərardır. Rejim başçıları
bu qərarla gəncliyi susduracaqlarını düşünürlər – yersiz yerə! Ortada
bir belə parlaq rejim düşmənçilikləri varkən Gənclik susmayacaq! Bu
mənim, bir başqasının qərarı deyil, rejimin, rejim gerçəklərinin
doğurduğu doktrinadır!
Məhəhəmmədəli Allahverdiyev
Short URL: http://www.cumhuriyyet.net/?p=6999