Şuşanin işğali, yaxud 15 milyon müəmmasi?

08.05.2014 - 00:32

Şuşanın süqutu zamanı
qaranlıq məqamlardan biri də Əmanət Bankda qalan 15 milyon pulun yoxa çıxması
idi

Şuşanın süqutu zamanı
qaranlıq məqamlardan biri də Əmanət Bankda qalan 15 milyon pulun yoxa çıxması
idi

 

22 ildir ki, Şuşa şəhəri erməni işğalı altındadır. 1992-ci
ilin mayın 8-də ermənilər tərəfindən zəbt olunmuş Şuşaya əslində həmlə planı çoxdan
hazırlanmışdı. 1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət
çox mürəkkəb idi. Cəbhəboyu üstünlüyü ələ alan erməni silahlı birləşmələri hər
gün Şuşanın işğalına daha bir addım yaxınlaşırdılar. 1991-ci ilin dekabrında
Kərkicahanın zəbt olunması Şuşanın süqutuna yol açdı. Çünki Kərkicahanın
müdafiəsini Şuşadan gələn könüllülər həyata keçirirdilər. Şuşanın itiriləcəyi
həyəcanını da ən çox dərk edən elə bu döyüşçülər idi. Lakin onlar onsuzda
Şuşanın işğal olunacağından xəbərsiz idilər. Çoxu Şuşanı alınmaz qala hesab
etsə də, erməni tərəfi artıq 1991-ci ilin sonlarından bunun belə olmadığını
bilirdi.

O zaman Qarabağ müharibəsini lentə alan jurnalist Vahid
Mustafayev deyir ki, ermənilər torpaqları işğal etməyə hazır idilər: “O zaman
biz “İnternews” adlı Amerika təşkilatı ilə əməkdaşlıq edirdik. Həmin təşkilatın
1991-ci ilin noyabr ayında Moskvadakı toplantısında qardaşım Seyfulla iştirak
edirdi. Orada iştirak edən erməni jurnalistlərindən Vartan adlı tanınmış müxbir
demişdi ki, 1992-ci ilin may ayının əvvəlində Şuşanı biz götürəcəyik. O vaxt
Xocalı da, digər rayonlar da bizdə idi. Ona görə də bu məlumatlara ciddi
yanaşmadıq. Lakin yerli orqanlara bu barədə məlumat verdik. Onlar da buna ciddi
yanaşmadılar və məsələ belə də qaldı. May ayının 8-də Şuşa ermənilər tərəfindən
alınandan sonra isə başa düşdük ki, yarım il əvvəl deyilənlər düzgün imiş.
Artıq uzun müddət idi ki, erməni tərəfi tək Şuşa deyil, ondan əvvəl Malıbəyli,
Xocalı və digər məntəqələrin alınması haqqında nəinki düşünürdülər, hətta buna
hazırlaşmışdılar”.

Texniki hazırlıq öz yerində, psixoloji cəhətdən də ermənilər
müharibəyə hazır görünürdülər. Azərbaycanın vəziyyətinə gəlincə, bunun tamamilə
əksi müşahidə olunurdu. Vahid komandalıq yox idi, Müdafiə Nazirliyinin bir
briqadası və 777 saylı əlahiddə tabor istisna olmaqlar hamısı könüllü
batalyonlar idi.

Vahid Mustafayevin fikrincə, Şuşanın süqutuna əsas
səbəblərdən biri də Azərbaycan xalqının o zaman hərbə hazır olmamasıdır: “Biz
Sovetlərdə ümumi bir ailədə yaşayırdıq. O zaman çalışırdıq ki, uşaqlarımız
inşaat batalyonlarında qulluq etsin. Hərbiyə çox da meyilli deyildik. Biz
sülhpərvər millətik. Həmişə sülh haqqında fikirləşmişik. Ona görə də, müharibə
qapımıza gələndə, biz hazır deyildik. Nizami ordu, inanılacaq rəhbər yox idi.
Siyası qüvvələrin özünün silahlı dəstələri var idi, dərəbəylik idi. Bakıdan
göndərilən rəhbərlik bu qüvvələri cəmləşdirib nizami ordu şəklində düşmən
qabağına çıxara bilməmişdi. Lakin burada düşmənlə qəhrəmancasına vuruşan
Azərbaycan xalqının övladlarını da unutmaq olmaz”.

Həmin dövrdə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə vuruşan və
batalyon komandiri olan Fərman Xəlilov isə hesab edir ki, əgər birlik olsaydı,
Şuşanı itirməyə bilərdik. Onun sözlərinə görə, əgər döyüş gedən zaman hamı eyni
amala qulluq etsəydi, istər Bakıda, istər də kənarda hamılıqla Şuşanın
müdafiəsinə qalxsaydıq, torpağımızı qoruya bilərdik: “Döyüşçü öz vəzifəsini
yerinə yetirirdi. Biri mən. Xocalı faciəsindən sonra televiziyada bu barədə
eşidəndə havalandım. Guya Xocalıda 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Belə
şeyləri gizlətmək olmazdı. Əksinə, xəbərdarlıq etmək, köməklik göstərmək lazım
idi. Ermənilər orada tək döyüşmürdülər. Arxalarında rus şovinistləri, Fransa,
Amerika olmasaydı, bizə heç nə edə bilməzdilər”.

Fərman Xəlilovun sözlərinə görə, Şuşanın itirilməsində
başlıca amil xəyanətdir: “Həmin illərdə döyüşən oğlanlar var idi. Sadəcə
arxadan həmin oğlanlara hakimiyyət davası üzündən zərbələr vurulurdu. Xəyanət
var idi. Şuşa xəyanət nəticəsində itirildi. Həmin döyüşlərə hamı əlinə silah
alıb döyüşmək üçün gəlmirdi. Hərənin bir fikri var idi. Oğurluq üçün də Qarabağ
döyüşlərinə gedənlər var idi. Maşın da, pul da, digər əşyalar oğurlayırdılar”.

Həmin ərəfədə rəhbərlik xalqı inandırmağa çalışırdı ki, hər
şey Azərbaycan ordusunun nəzarəti altındadır, Şuşanın yolları ermənilər üçün
keçilməzdir. O dövrdə cəbhə bölgəsində reportaj hazırlayan əməkdar jurnalsit
Mais Məmmədovun sözlərinə görə, Şuşanın müdafiəsi Azərbaycanın müdafiə naziri
olan Rəhim Qazıyevə həvalə olunmuşdu. Məhz o, xalqı əmin edirdi ki, ermənilər
heç cür Şuşanı işğal edə bilməz.

“O dövrdə Rəhim Qazıyev də, digər şəxslər də mənə demişdilər
ki, Şuşaya gedən sıldırım yollardan dovşan belə keçə bilməz. Bütün yollar
minalanıb. Dəfələrlə Şuşada olmuşam. Orada hərbçilərlə görüşmüşəm, danışmışam.
Onlar inanmırdılar ki, Şuşanı götürmək olar. Rusiyalı generallarla danışanda,
onlardan soruşdum ki, siz bilən, Şuşanı almaq mümkündürmü. Onlar dedilər ki,
olar, ancaq itki çox olacaq. Bir də ki, oraya xüsusi təyyarələrlə desant
atılmalıdır. Lakin Şuşanın işğalına desant yox, adi döyüşçülər, normal qaydada
yolla gedirdilər. Şuşa sonuncu şəhər idi. Laçın tərəfdən yol açıq idi. Ora
silah da, kömək də gələ bilərdi. Şəxsən mən düşünürəm ki, ermənilər Şuşanı
işğal etmədilər. Biz özümüz Şuşanı onlara verdik”, – deyə M.Məmmədov bildirib.

Şuşa uğrunda döyüşən hərbçilərdən biri də Yaşar
Məhərrəmovdur. Onun fikrincə, Şuşa xəyanətlə satıldı: “Şuşaya gedən yollarda
heç bir mina qoyulmamışdı. Yollar təmiz idi. 366-cı alayın əsgərləri Şuşaya
qaçıb gəliridlər. Onlar həftədə bir dəfə Şuşaya gəlirdilər. Guya onları
incidirdilər. Onlar Ağdama, yaxud başqa yerə də gedə bilərdilər. Düşmən isə bu
amildən başqa formada istifadə edirdi. Yolların minalı olub-olmamasını yoxlamaq
üçün qurulan taktika idi. Qaçan əsgərlərdən heç biri minaya düşmədi. Deməli həmin
yollar təmiz idi”.

Y.Məhərrəmov hesab edir ki, o dövrün rəhbərlərinin
səriştəsizliyi Şuşanın süqutuna səbəb oldu: “O dövrdə Bakıdan insanları
təcrübəsiz müharibəyə aparırdılar. Silah ata bilməyən şəxsi müharibəyə
aparanda, təbii ki, həmin insan döyüşmədən ölürdü. Camaatın balasını
avtobuslardan, metrolardan götürüb siyahısız, yararlı olub-olmadan Qarabağa
aparırdılar. Onların çoxu döyüşsüz ölürdü”.

Şuşanın süqutu zamanı qaranlıq məqamlardan biri də Əmanət
Bankda qalan 15 milyon pulun yoxa çıxması idi. Bu pul haqqında o vaxt
hakimiyyət heç nə demək istəmirdi. Lakin ANS həmin pulun aqibətinin necə olması
barədə araşdırma aparmışdı. Məsələ ilə bağlı Vahid Mustafayev bunları deyib:
“Təsadüfdən biz Şuşaya gedəndə, aprel ayında yolda bir yük maşını tutmuşduq. Həmin
yük maşını Şuşaya 15 milyonu aparırdı. Biz bunu çəkmişik. Həmin 15 milyon pulun
üstündə uzanaraq mən və Mirşahin Şuşaya getmişik. Pul fiziki olaraq orada var
idi. Həmin pul şuşalılara nəzərdə tutulan yardımdan başqa, könüllülərin maaşı
idi. Yerli idarəetmə orqanları əməkdaşlarının maaşları idi. Həmin pulun çox az
hissəsi xərclənmişdi. Amma sonradan onlar oğurlandı. Həmin dövrdə Şuşanın işğal
olunmasını səbəb kimi göstərərək, bu pulların orada bankda qaldığını dedilər.
Pul yoxa çıxdıqdan sonra Şuşadakı bankda rəhbər işçilərin, kassirlərin,
inkassatorların bir-birinin ardınca ölümü, daha doğrusu, qətli ona işarə edir
ki, bu pulları müvəffəqiyyətlə aradan götürmüşdülər”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031