KİV DF “Ayna-Zerkalo”ya yardımı dayandırdı
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu (KİV DF) “Ayna-Zerkalo” qəzetinə ayrılan maliyyə
vəsaitini dayandırıb. Bu barədə “Axar.az”a qəzetin baş redaktoru Elçin
Şıxlı məlumat verib.
Onun sözlərinə görə, qəzet ötən həftə Fonda müraciət edərək may
ayından etibarən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklərini
bildirib: “Biz müraciət etdik ki, qəzet maliyyə çətinlikləri ilə
əlaqədar həftəlik formata keçib. Lakin hazırda redaksiyaya ödənilən
vəsaitlət qəzetin nəşrinə kifayət eləmir. Ona görə də öhdəliyi yerinə
yetirə bilmirik”.
KİV DF isə bu məsələni müzakirə etdikdən sonra bu gün qərarını
açıqlayıb: “Bu gün mənim e-mail poçtuma cavab göndərilib. Bildirilir ki,
“Ayna-Zerkalo” qəzeti öhdəliyi yerinə yetirə bilmədiyi üçün qəzetə
maliyyə yardımının ayrılması dayandırılır”.
Xatırladaq ki, qəzetin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun
həbsindən sonra “Ayna-Zerkalo” qəzeti həftəlik fəaliyyətə keçib. Lakin
E.Şıxlı maliyyə yardımının dayandırılmasının heç bir siyasi xarakter
daşımadığını qeyd edib. Baş redaktor bunun sırf qəzetin fəaliyyətinin
zəifləməsi ilə bağlı olduğunu bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7014