Rusiya Qarabağ problemini Azərbaycana qarşı yönəldir

08.05.2014 - 10:24

Rusiya Qarabağ problemini Azərbaycana qarşı yönəldir

Zəfər Quliyev: “İndi əsas məsələ problemin həlli yox, Azərbaycana Rusiyadan gələn birbaşa və dolayı hədələri dəf etməkdir”
Rəsmi Bakının xarici siyasətdəki son gedişləri situasiyaya adekvat olsa da, daxili siyasətdəki addımları haqda bunu demək olmur… 
Putin Rusiyasının meydan oxuyan siyasi demarşı və aşkar neoimperiya revanşı (Krımım ilhaqı, Ukraynaya təcavüz, qonşulara ünvanlı hədələr, Qərblə kəskin konfrontasiya) mahiyyət etibarilə Azərbaycan-Ermənistan münaqişəsində əvvəlki diplomatik, prosessual-hüquqi konseptual fonu darmadağın etmiş oldu və problemin həlli üçün qeyri-müəyyən və riskli bir situasiya yaratdı.
 Bir yanda bilavasitə “Krım presedenti”nin təhlükəli kontekstindən və Rusiya-Ukrayna qarşıdurmasından doğan birbaşa risklər və təhdidlər, başqa yanda isə geosiyasi kontekstin və dünyadakı, postsovet məkanındakı və Güney Qafqaz regionundakı situasiyanın inkişaf tendensiyalarının şərtləndirdiyi dolayı hədələr özünü aydın göstərməkdədir.
Birbaşa təhlükələr 
Son vaxtlar Kremlə yaxın politoloqlar və siyasilər (Duqin, Jirinovski, Seleznyov, Kolerov, Kiselyov və digərləri) ölkəmizin “Ukrayna məsələsi”ndə tutduğu mövqeyə, o sırada BMT Baş Məclisinin sessiyasında Krımın ilhaqına görə Rusiyanı ittiham edən qətnaməyə səs verdiyinə görə Azərbaycanın ünvanına tez-tez hədələr səsləndirirlər. Hətta Kremlin ölkəmizdə reallaşdıra biləcəyi konkret hədələrin konturları da təsvir edilir – əgər Bakı təbii ki, öz mövqeyini tezliklə dəyişməsə və Moskvanın pressinqi qarşısında güzəştə getməsə. 
Bu hədələr aşağıdakılardır:
– Dağlıq Qarabağı tanımaq və ya Krım variantı üzrə, formal referendumla “DQR”i Rusiyaya birləşdirmək;
– Dağlıq Qarabağ ətrafında işğal altında olan Azərbaycan rayonları ilə istədiyi kimi manipulyasiya eləmək, onları ya özgəninkiləşdirilən ərazi arealına daxil etmək, ya da “heç kiminki” statusu ilə möhkəm şəkildə öz nəzarətində saxlamaq;
– Bütün cəbhə xətti boyu hərbi əməliyyatları qızışdırmaq və Azərbaycanın yeni ərazilərini işğal eləmək təhdidi ilə “Qarabağ faktoru”ndan Azərbaycandakı vəziyyəti qəfil qarışdırmaq üçün istifadə eləmək;  
– Azərbaycanın şimalında (“ləzgi kartı”) və cənubunda (“talış kartı”) “yeni” separatçı ocaqlar yaratmaq, həmçinin, zərurət olarsa, ölkədə “rusların hüquqlarının pozulması” kimi uydurulmuş faktora əl atmaq; 
– Azərbaycanda öz təsir agentlərindən (“5-ci kolon”) istifadə eləməklə vəziyyəti qarışdırmağın və ya hakimiyyəti dəyişməyin müxtəlif ssenarilərinə rəvac vermək;
– Rusiyadakı həmvətənlərimizdən ibarət milyonluq ordudan Azərbaycana təzyiq göstərmək və ölkəmizdə gərginliyi artırmaq üçün yararlanmaq;
– Təxribatlar və real hədələrin nümayişi üçün Azərbaycanın quru və dəniz sərhədləri boyu hərbi mövcudluğu kəskin artırmaq.
Göründüyü kimi, bu və ya başqa şəkildə olsa da, çoxsaylı birbaşa hədələrin reallaşması zamanı Kremlin planlarında mühüm yer yenə də Azərbaycana ən effektli rıçaq kimi Qarabağ probleminə ayrıla bilər. 
Rusiyanın birbaşa hədələri isə ölkəmiz üçün müəyyən ölçüdə hansısa fors-major təhlükəsi daşıyır. Yəni belə hədələrin miqyasını, formasını, işə salınma zamanını proqnozlaşdırmaq çox çətin, bundan da çətini isə onlara qarşı hazırlaşmaq və ya onlardan sığortalanmaqdır. 
Lakin tam mümkündür ki, Qarabağın suverenləşməsi və ya özgəninkiləşdirilməsi, yaxud bölünməsi, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi Kremlin hazırkı planlarına daxil deyil və öz-özlüyündə əsas hədəf anlamı daşımır. Amma bu, məhz o şantaj hədələridir ki, onların vasitəsilə Kreml Azərbaycanı qərbyönlü kursdan imtina etdirməyə, onun Gömrük və Avrasiya ittifaqlarına girməsinə və özünün bütün addımlarını Rusiya ilə koordinasiya etməsinə çalışır. 
Şübhəsiz, Azərbaycan inad göstərərsə, hədələrdən bəziləri reallaşa bilər. Bu zaman çox şey Qərblə Rusiyanın geosiyasi qarşıdurmasının yekunlarından, həmçinin Moskva ilə Kiyevin dövlətlərarası konfrontasiyasının nəticələrindən asılı olacaq. Əgər Kreml bu qarşıdurmalar zəncirindən heç olmasa nisbi qalib kimi çıxsa, o zaman o, yəqin ki, özünün postsovet məkanının təzədən formatlaşdırılmasına yönəlik aqressiv neoimperiya kursunu özünə sərfəli məcrada davam etdirəcək. 
O halda – növbəti mərhələdə məhz Azərbaycan Putinin bu və ya digər hədələrinin tam reallaşmasını vəd edən olduqca sərt şantajçı pressinqi ilə üzləşə bilər – əgər təbii ki, rəsmi Bakı Moskvanın əsas tələblərini qulaqardı eləsə. 
Dolayı təhlükələr 
Dolayı hədələr ilk baxışda elə də görünmür, ancaq eyni zamanda daha realdır. Bu, onunla bağlıdır ki, sonraya saxlanan və “Moskvanın iştahı”ndan, “Ukrayna hadisələri”ndən asılı olan birbaşa hədələrdən fərqli olaraq dolayı hədələr bilavasitə mövcud situasiyanın və Qərb-Rusiya münasibətlərinin konfrontasiya kontekstinin geosiyasi kolliziyalarından qaynaqlanır. 
Məsələ ondadır ki, Rusiya-Ukrayna böhranının sürdüyü sayılı aylar ərzində Qarabağ probleminin geosiyasi fonu da, münaqişənin nizamlanması ilə bağlı normativ-konseptual yanaşmalar da əhəmiyyətli dəyişikliklərə məruz qalıb.  Mən artıq dəfələrlə yazmışam ki, danışıqlar prosesinin gedişində və qarşılıqlı sərfəli həll modelinin tapılması bazasında konfliktin çözümü bir-birinin ardınca aşağıdakı üç səviyyədə konsensus əldə olunmasına gedib dirənir: 
1) geosiyasi səviyyə (ABŞ, AB və Rusiya arasında),
2) münaqişədə olan ölkələri dövlət başçıları səviyyəsində  (Azərbaycan və Ermənistan),
3) bu ölkələrin siyasi elitaları və cəmiyyətləri səviyyəsində.
 
Son vaxtlar Qarabağ nizamlanması üçün və məsələdə nisbi geosiyasi konsensus əldə eləmək üçün ABŞ, AB və Rusiyanın (Minsk Qrupu həmsədrlərinin) mövqelərini yaxınlaşdırmağa yönəlik aktiv səylər göstərilib. Həmsədr ölkələrin hər il verdiyi birgə bəyanat və onlar tərəfindən razılaşdırılan “Madrid prinsiplərinin yenilənmiş variantı” ilk baxışda “konsensus dəhlizi”ni növbəti daha vacib səviyyəyə – konflikt tərəfləri olan dövlət başçıları səviyyəsində anlaşmaya nail olmaq üçün perspektiv açırdı.
Paralel surətdə Azərbaycan və Ermənistan ictimaiyyətləri səviyyəsində “konsensus atmosferi”nə nail olmaq üçün hər iki ölkədə Qarabağ nizamlanmasına dair vətəndaş dinləmələri prosesi aktivləşmişdi. Belə təəssürat yaranırdı ki, nəticəsiz danışıqlar prosesində hansısa ümidverici perspektivlər işıldamağa başlayıb. Fəqət, Krımın işğalı və Ukraynaya qarşı davam edən təcavüz mahiyyət etibarilə Qarabağ məsələsində nisbi geosiyasi konsensusu pozdu və dövlət başçıları, ictimaiyyətlər səviyyəsində konsensusa gəlməyə yönəlik prosesləri xeyli dərəcədə geri atdı.
Məsələ təkcə ABŞ-AB bir tərəfdə, Rusiya isə başqa tərəfdə olmaqla bu tərəflər arasında konfrontasiyalı qarşıdurmanın güclənməsində deyil, hansı ki, öz-özlüyündə bu səviyyədə geosiyasi konsensusu artıq mümkünsüz edir. Həm də ondadır ki, Krımın işğalı ilə dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında kövrək balans – hansı ki, “Madrid prinsipləri”nin əsasında durdurdu – pozulmuş oldu. 
Rusiya Krımda vurğunun yerini açıq-aşkar müqəddəratı təyinetmənin xeyrinə dəyişdi. Belə bir yanaşmanı həmsədr ölkə kimi o, Qarabağ probleminin nizamlanması prosesində də maddiləşdirmək təhlükəsi vəd edir. Bundan əlavə, münaqişə tərəflərinin özlərinin geosiyasi, xarici siyasət yanaşmaları və oriyentasiyaları daha da uzaqlaşmış oldu. Rusiyanın forpostu olan Ermənistan Gömrük İttifaqına girdiyini bəyan elədi və Kremlin anti-Ukrayna demarşını birmənalı şəkildə dəstəklədi. 
Qarabağ probleminin yükü altında qalan Azərbaycan isə obyektiv olaraq separatçılığı dəstəkləyə bilməzdi. Bakı Ukraynanın ərazi bütövlüyünü müdafiə elədiyini bildirdi və indi Rusiyanın təzyiqlərinə qarşı əks-tədbirlər axtarıb tapmaq zorundadır. Belə ifrat assimetrik fonda təbii ki, münaqişədə olan ölkələrin başçıları səviyyəsində konsensusun əldə edilməsi daha qəliz məsələyə çevrilir və danışıq prosesinin perspektivi tamamilə dumanlı şəkil alır.
Münaqişədə olan dövlətlərin siyasi elitaları və ictimaiyyətləri səviyyəsində konsensusun perspektivinə gəlincə, geosiyasi konsensusun pozulduğu və Azərbaycanla Ermənistanın dövlət başçıları səviyyəsində mövqelərin prinsipial şəkildə fərqləndiyi şəraitdə bu, tamamilə irreal görünür. Üstəlik, mövcud vəziyyətdə əks tendensiyanı – vətəndaş təşəbbüslərinin tormozlanmasını və hər iki ölkədə konfrontasion ovqatın güclənməsini gözləmək lazım gəlir. 
Söz düşmüşkən, Azərbaycandakı son olaylar, o sırada Rauf Mirqədirovun həbsi, Leyla və Arif Yunusların ünvanına səslənən hədələr, habelə konfliktin həlli yönündə erməni həmkarları ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqlər deyilənləri təsdiq edir. 
Bu mənada axır vaxtlar (yeni hədələr kontekstində) Qarabağ probleminin dinc həll prosesində imkanlar pəncərəsi qaçılmaz şəkildə daralmaqdadır. Bununla bahəm, münaqişənin alternativ – hərbi yolla həlli üçün də hələlik müvafiq şərtlər və ümidverici perspektiv yoxdur. Rusiyadan gələn real hədələri nəzərə alanda və ABŞ, AB və NATO-dan etibarlı təhlükəsizlik zəmanətlərin olmadığı vaxtda hərb variantı Azərbaycan üçün daha mürəkkəb və riskli görünür. 
Sadalananlardan qənaət hasil olur ki, hazırkı zamanda Azərbaycanın Qarabağ nizamlanmasında pozitiv irəliləyişlərə ümidlənməsi çox çətindir. Daha aktual olan indi ölkəyə, Qarabağa Rusiyadan gələn birbaşa və dolayı hədələrə qarşı duruş gətirmək məsələsidir. Bu planda rəsmi Bakının son günlər və həftələrdəki fəal “siyasi gedişlərini” anlamaq olar. Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyünə mümkün təhlükələrdən qorunmaq, həmçinin, gələcəkdə Qarabağ məsələsinin dinc və ya hərbi yolla həlli perspektivini təmin etmək işində öz mövqeyini gücləndirmək üçün təkcə qardaş Türkiyə ilə deyil, həm də İranla, İsraillə və s. sıx tərəfdaşlığın etibarlı körpülərini qurmağa çalışır.
Bakının xarici siyasət mövqeyi, addımları və axtarışları anlaşılandır və ümumən mövcud situasiyaya adekvatdır. Əfsus ki, artan təhlükələr kontekstində rəsmi Bakının daxili siyasi mövqeyi və hərəkətləri heç də həmişə situasiyaya adekvat görünmür. Hansı hərəkətlər ki, ölkədə ümummilli həmrəyliyin, barışın və yekdilliyin təmin edilməsinə əsla yardım eləmir. Bu sahədə hələ sonsuz sayda problem qalır.
Zəfər Quliyev, politoloq
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031