Erməni qarışığı olan zabit Müdafiə Nazirliyində
09.05.2014 - 10:05
Erməni qarışığı olan zabit Müdafiə Nazirliyində
İsa Sadıqovdan maraqlı açıqlama
Hakimiyyət tez-tez opponentlərinə qarşı “erməni” amilindən istifadə edir. Son günlər hüquq müdafiəçisi Leyla Yunusa qarşı aparılan çirkin kampaniya zamanı da hökumətin nəzarətində olan mətbuat orqanları, televiziya kanalları onu erməni olmaqda ittiham edirdilər. Ancaq yayılan məlumatlar onu göstərir ki, erməni əsilli şəxslər ölkədə yüksək vəzifə tuturlar.
Bu mənada Azərbaycan Müdafiə nazirinin sabiq müavini, hazırda Avropada mühacirətdə yaşayan polkovnik Isa Sadıqov moderator.az saytına mayın 6-da verdiyi müsahibədə olduqca maraqlı açıqlamalarla çıxış edib. Isa Sadıqov vaxtilə Zaqafqaziya Hərbi Dairəsində onunla birlikdə xidmət edən anası erməni olan bir zabitin Azərbaycan Müdafiə Nazirliyi sistemində işə gətirildiyini bildirib: “Biz Zaqafqaziya Hərbi Dairəsində xidmət edən iki azərbaycanlı idik. Hər ikimiz də hərbi akademiyanı qurtarmışdıq. Qarabağ hadisələri başlayanda mən həmin bu Seyran Qafarova dedim ki, gedək Azərbaycana, vətənin dar günüdür. Qayıtdı ki, nə vətən? Işin-gücün qurtarıb? Mənə dedi ki, bilirsən, Azərbaycanda ermənilərə münasibət necədir? Donub qaldım, soruşdum ki, sən ermənisən? Qayıtdı ki, mənim anam ermənidir. Dedim, olsun da, atan ki azərbaycanlıdır və sənin vətənin dardadır. Həyasızcasına qayıtdı ki, azərbaycanlılar mənim xalqıma divan tuturlar, mənim orda nə ölümüm var? Gördüm ki, qarşımda necə bir şərəfsiz dayanıb və mən artıq susdum Üstündən illər keçdi və mən 1998-ci ildə həbsxanadan çıxdım. 2000-ci ildə maşınla Gürcüstana getmişdim, qayıdanda gördüm yolun kənarında bir polkovnik-leytenant dayanıb. Saxlayıb maşına götürdüm. Soruşdum ki, azərbaycanlı zabitlərdən heç yeni gələn varmı? Dedi hə, çoxdur. Soruşdum ki, rütbələri nədir? Dedi, çoxu polkovniklərdi. Qayıtdım ki, müharibənin qızğın vaxtında bu oğraşlar niyə gəlmirdi, indi tökülüb gəliblər, vətən indimi şirin oldu? Polkovniklərin kimliyini soruşdum. Qayıtdı ki, “naçalnik generalnaya inspeksiya” Seyran Qafarov- deyə Isa Sadıqov bildirib.
Üzeyir Cəfərov: “Sabah müharibə yenidən alovlansa, bu cür adamlar Azərbaycana zərbə vuracaq potensial təhlükədir”
MN-in keçmiş xidmət rəisi Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, S.Qafarov 2003-cü ildə Müdafiə Nazirliyində mühüm vəzifələrdən birinə təyin edilib: “Seyran Qafarov ordunun döyüş hazırlığı, silah-sursat, şəxsi heyətlə bağlı olan bir sahəyə vəzifəyə gətirildi. Şəxsən mən o dövrdə buna etirazımı bildirmişdim. 2004-cü ildə mən ordudan tərxis olunandan sonra Seyran Qafarovun anasının erməni olduğu məsələsini ictimailəşdirdim. Seyran Qafarov özü də 2004-cü ildə “Ayna-Zerkalo” qəzetinin müxbiri Cəsur Sümərinliyə müsahibəsində etiraf etmişdi ki, həqiqətən də anası ermənidir. Həmin müsahibəni bu gün tapmaq asandır. Seyran Qafarov polkovnikdir və hazırda Ali Hərbi Akademiyada vəzifə tutur. 366-cı motoatıcı alayın Xocalıya qarşı əməliyyata hazırlaşmasından onun məlumatının olmaması mümkün deyildi. Sabah müharibə yenidən alovlansa, bu cür adamlar Azərbaycana zərbə vuracaq potensial təhlükədirlər”- deyə Üzeyir Cəfərov bildirib.
Səslənən fikirlərə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, bizə konkret cavab verilmədi. Mətbuat xidmətindən bildirdilər ki, sualınızı nazirliyin saytına göndərin.
Short URL: http://www.cumhuriyyet.net/?p=7066