Moskvada KTMT sammiti: Putin müttəfiqləri niyə təcili çağırmışdı…
09.05.2014 - 17:38
Moskvada KTMT sammiti: Putin müttəfiqləri niyə təcili çağırmışdı…
Mayın 8-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçirilib.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, sammitin əsas mövzusu Ukraynadakı situasiyanın inkişafı olub.
Ekspertlər isə istisna etmirlər ki, Moskva “sülhməramlı əməliyyatlar” adı altında Ukraynaya hərbi qüvvələr yeritməyə hazırlaşır və bu məqsədlə müttəfiqlərin dəstəyini təmin etmək istəyir.
Sammit KTMT üzvü olan ölkələrin prezidentlərinin Rusiyanın kosmik-raket qoşunlarının raket-nüvə təlimlərini izləməsi ilə başlayıb. Belə görünür ki, Rusiya prezidentinin sammit üçün məhz belə proqram hazırlaması təsadüfi deyildi. Rusiya ABŞ-ın mümkün raket-nüvə hücumlarını dəf etməyə qadir olduğunu nümayiş etdirməklə Ukraynaya mümkün hərbi müdaxilədə Qərbdən çəkinməyəcəyini ortaya qoyur.
Kremldəki mənbələr bildirir ki, Ermənistan, Belarus, Tacikistan və Qırğızıstan prezidentlərinin Moskvaya çağırılması əvvəlcədən planlaşdırılmamışdı. Prezident Vladimir Putin onları təcili Moskvaya çağırıb və elan edilib ki, əsas mövzu Ukraynadır.
Aleksandr Lukaşenko, İmomali Rahmon, Serj Sərkisyan, Almazbek Atambayev, Nursultan Nazarbayev və Vladimir Putinin bağlı qapılar arxasında apardıqları müzakirələrin detalları məlum deyil. Ancaq KTMT üzvü olan ölkələrdən təkcə Ermənistanın prezidenti Krımın Rusiyaya birləşdirilməsinə açıq dəstək verib.
Hazırda Putinin Ukrayna ilə bağlı nə planlaşdırdığına dair müxtəlif təxminlər var. Rusiya prezidenti ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşündə Ukraynada mayın 25-də prezident seçkilərinin keçirilməsinə qarşı olmadığını deyib, eyni zamanda ölkənin şərqində federallaşma tərəfdarlarının mayın 11-nə nəzərdə tutduqları referendumu təxirə salmağa çağırıb.
Federallaşma tərəfdarları əvvəlcə Putinin çağırışını eşitməyə hazır olduqlarını ifadə ediblər, ancaq daha sonra elan edilib ki, referendum nəzərdə tutulan vaxtda keçiriləcək.
Rəsmi Kiyev isə Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatları dayandırmalı olduğuna dair tələbini rədd edib. Ukrayna hakimiyyəti elan edib ki, “bu və ya digər diversiya qrupunun referendumla bağlı hansı qərar verməsindən asılı olmayaraq ölkənin şərqində qayda-qanunu bərpa etmək üçün əməliyyatlar davam edəcək”.
Beləliklə, mayın 11-də Ukraynanın cənub-şərq regionlarında müstəqillik referendumu baş tutsa və Kiyev hakimiyyəti federallaşma tərəfdarlarına qarşı güc tətbiqini genişləndirsə, vəziyyətin daha da gərginləşəcəyi qaçılmazdır. Bu halda Rusiyanın rusdilli əhalini qorumaq üçün sülhməramlı əməliyyatlar keçirməsinə zərurət yaranacaq.
Bəzi Rusiya hərbi ekspertlərinin qənaətinə görə, bu sülhməramlı əməliyyatları KTMT mandatı altında keçirmək daha münasib olardı. Mümkündür ki, Putin Moskvada müttəfiqlərlə məhz bu məsələni müzakirə edib. Və Putinin gözlədiyi dəstəyi aldığı təxmin edilir. Ən azından Belarus prezidenti Aleksandr Lukaşenko sammitdə deyib ki, Ukraynada baş verənlərə laqeyd qalmaq mümkün deyil.
Lukaşenko Odessada onlarla adamın yandırılaraq öldürülməsinə də toxunaraq deyib ki, insanlar Rusiyadan və Belarusdan kömək istəyirlər. Bundan əvvəl Lukaşenko Belarusdan Ukraynaya müdaxiləni istisna etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=7088