“İkinci Dünya Müharibəsinin beş mifi”
10.05.2014 - 10:39
“İkinci Dünya Müharibəsinin beş mifi”
“Hamıya elə gəlir ki, onlar II Dünya Müharibəsi haqda nəsə bilirlər, çünki uşaqlıqdan bu barədə o qədər filmlərə baxmış, o qədər kitablar oxumuşuq ki,” Jacopo della Quercia yazır. Amma əksər həqiqətlər uydurma hekayələr, səhv anlayışlar və miflərlə əhatələnib.
Mif в„–5: İkinci Dünya Müharibəsi texnologiya müharibəsi olub
Bir çox sənədli filmlərdə istər müttəfiq qüvvələrinin, istərsə də Nasist Almaniyasının təyyarələri, tankları, motosikletləri, və avtomobillərinin mexaniki qüdrəti nümayiş etdirilir. Müharibənin atom bombası ilə başa çatması onun yüksək texnikaya malik imicini təsəvvürlərdə bir qədər də möhkəmləndirib. Amma az adam bilir ki, II Dünya Müharibəsi əsasən atlarla vuruşulub. Sovet ordusu müharibədə 3.5 milyon atdan istifadə edib. “Əlbəttə əsgərlərinə adi tüfəng çatdıra bilməyən ölkənin atdan istifadə etməsi çoxlarını təəccübləndirməyə bilər, amma atlara arxalanan təkcə sovetlər olmayıb,” Quercia yazır. Alman hərb maşınıında atlar motorlu texnikanı 3:1 nisbətində üstələyiblər. Çoxları alman ordusu deyəndə “Bəbir” və “Pələng” tankları haqda fikirləşir. Amma hətta “Panzer” diviziyaları 15,000 atdan istifadə ediblər. İroniya budur ki, ən az atdan istifadə edən ABŞ ordusu müharibənin son süvari hücumunu həyata keçirməklə tarixə düşüb.
Mif в„–4: Nasistlər atom bombası əldə etməyə yaxın idilər
“Yəqin anti-semitizmin yeganə müsbət effekti o oldu ki, Üçüncü Reyx atom bombası inkişaf etdirə bilən alimləri cəmiyyətdən kənarlaşdırdı.” Yəhudi alimlərə gün verib işıq verməyən rejim Ervin Şrodinger və Albert Eynşteyn kimi fizikləri xaricə üz tutmağa vadar etdi. Almanların atom bombası haqda müəyyən təsəvvürü var idi. Ancaq onlar bunun üçün nə qədər uran tələb olunduğunu heç vaxt hesablaya bilmirdilər. Buna səbəb isə almanların artıq həmin vaxt dünya elm icmasından təcrid olunması idi. Heç kim soyqırım törədən rejimlə elmi əməkdaşlıq etmək istəmirdi.
Mif в„–3: Nasistlərin saat kimi işləyən bürokratik idarəçiliyi var idi
Populyar ədəbiyyatda Üçüncü Reyx qəddar, soyuq hesablamalara əsaslanan ölüm maşını kimi səciyyələndirilir. Alman büroktariyasının effektivliyi dünya boyu ad qazanıb. Almaniya hökuməti həqiqətən də saat kimi işləyirdi – ta Nasistlər hakimiyyətə gələnədək. “Ali irq söhbəti işləri əməllicə korladı,” Quercia yazır. Nasist hökuməti çoxlu kağız-kuğuzla əlləşməyə məhkum idi. Amma bu, o demək deyil ki, onlar işin öhdəsindən yaxşı gəlirdilər. Ən azı ona görə ki, adətən savadsız olan nasist kadrlar peşəkar adamların çoxunu işdən uzaqlaşdırmışdılar. Hökumətin ifrat dərəcədə siyasiləşdirilməsi və nazirliklər arasındakı aramsız ixtilaflar dövlət mexanizmini iflic hala salmışdı. Nə qədər qəribə də olsa, bunların arasında ən yarasız təşkilati struktur adı insanları lərzəyə salan amma daim kadr çatışmazlığı ilə üzləşən Gestapo idi.
Mif в„–2: O vaxtın adamları daha mətin idilər
Amerikada II Dünya Müharibəsində savaşmış nəsil “Möhtəşəm Nəsil” adlanır. Əlbəttə burada böyük həqiqət var. Okeanların o tayında düşmənə qarşı ölüm-dirim savaşı aparımış adamların çoxu vətənə qayıtdıqdan sonra özlərini ərköyün uşaq kimi aparmadılar. Amma Quercia hesab edir ki, buna səbəb o zaman seçimin olmaması idi. ABŞ ordusunda vuruşan əsgərlərin üçdə ikisi icbari səfərbərliyə cəlb olunmuşdular. Həmin vaxt fərarilik geniş yayılmışdı və bu statistika Vyetnam Müharibəsindəki fərarilik rəqəmlərindən əhəmiyyətli şəkildə fərqlənmirdi. Vyetnamdakı əsgərlər narkotikə qurşanmaqda ittiham olunurdular. II Dünya Müharibəsinin əsgərlərinin bir çoxu isə alkoqol zəhərlənməsindən ölürdü. Belə ki, hərbi qüvvələrdə maşınlar, torpedolar üçün istifadə olunan yanacağı içmək geniş hal almışdı.
Mif в„–1: Yaxşı müharibə
Belə bir təsəvvür var ki, bir çox başqa müharibələrdən fərqli olaraq II Dünya Müharibəsi “yaxşı müharibə” idi. O mənada ki, müharibə tarixin ən murdar rejimlərindən olan Nasist Almaniyasına, Faşist İtaliyasına, militarist Yaponiyaya son qoydu, bu, düzdür. Amma nəzərdən qaçırmayaq ki, həmin müharibə tarixin başqa murdar rejiminə – Stalinin Sovet İttifaqına Avroapnın yarısını əsarət altına almaq, ağlasığmaz dərəcədə güclənmək imkanı yaratdı. Sovet qoşunlarının zəbt etdiyi ərazilərdə demokratiya bərqərar olmadı, diktatura quruldu. Baltikyanı respublikalar, Polşa, Macarsıtan, Çexoslovakiya, Bolqarıstan kimi yerlərdə minlərlə adam güllələndi, sürgün olundu, repressiyaya məruz qaldı. Müharibədən qalib çıxmış Sovet İttifaqı kommunizm bəlasını Çinə, Şimali Koreyaya, daha sonra dünyanın dörd guşəsinə yaymağa nail oldu. Dünyanın bir sıra ölkələrində müharibənin bitməsi insanlara yaxşı bir elə şey bəxş etmədi. Sadəcə imperiya həvəsinə düşmüş nasistləri imperiya həvəsi ilə vuruşan sovetlər əvəzlədi. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=7094