Ziya Məmmədovun “qələminin qırılması” üçün 20 məhkəmə hökmü
11.05.2014 - 10:16
Ziya Məmmədovun “qələminin qırılması” üçün 20 məhkəmə hökmü
Son 3 gündə Nəqliyyat müfəttişlərinin çıxardığı 20 qərar məhkəmə tərəfindən ləğv edilib.
Şamaxı , Ucar , Göyçay və Zərdab rayonlarının məhkəmələri tərəfindən Nəqliyyat müfəttişlərinin taksi sürücüləri haqda çıxardığı cərimə cəzaları rədd edilib.
Mənbə bildirir ki, məhkəmələrin Nəqliyyat müfəttişlərinin qərarlarını məhkəmə hökmü ilə ləğv etməsi, son günlər Nəqliyyat naziri Ziya Məmmədovun “qələminin qırılması”na hesablanmış yeni kampaniyadır. Mənbə bu prosesin davam edəcəyini də istisna etməyib. ” Uzun müddət idi ki, Nəqliyyat müfəttişlərinin “qoçu” fəaliyyəti sürücüləri, xüsusən də taksi sürücülərinin narazılığını pik həddə çatdırmışdı. Ziya Məmmədovun havadarlıq etdiyi bu “qoçu” dəstəsi sürücüləri döyməkdən belə çəkinmirdi. Mümkündür ki, bu məhkəmə qərarları həm də Nəqliyyat müfəttişlərinin zəiflədilməsi məqsədi güdür”.
Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədov karyerasının bəlkə də ən çətin dönəmlərini yaşayır. Son 20 gündə Nəqliyyat nazirinin iki funksiyası əlindən alınıb.
Belə ki, Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarı ilə paytaxt Bakıda sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alındı. Bir neçə gün öncə isə, Nazirlər Kabinetinin qərarı ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə DİN məşğul olacağı ilə bağlı qərar verildi.Bundan başqa, bir müddət öncə, Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.
Eyni zamanda , Ziya Məmmədovun əsas biznes şəriki “Hafka” ləqəbli Hafiz Məmmədovla da , problemləri pik həddə çatıb. Hafiz Məmmədov uzun müddətdir ki, Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus “Bank of Azərbaycan” bankında onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın iflasına səbəbkar oldu. “Transqeyt” şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə bu şirkətin də artıq iflasa uğradığını demək olar.
Avropa.info
Short URL: http://www.cumhuriyyet.net/?p=7110