Atəşkəs dövründə 610 hərbçi dünyasını dəyişib, 750 nəfər yaralanıb
“Doktrina” Mərkəzi atəşkəsin qüvvədə olduğu son 20 ilin statistikasını açıqlayıb
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 1994-2014-cü
illərdə – Atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində
əsgərlərinin statistikasını açıqlayıb.
Mərkəzin məlumatında deyilir: “1994-cü ilin 12 mayından 2014-cü ilin
12 mayınadək cəbhə xəttində azı 610 Azərbaycan hərbçisi düşmən
gülləsindən dünyasını dəyişib. Düşmən gülləsindən həmin dövrdə
yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır”.
Mərkəzin rəhbəri Cəsur Sümərinli bildirib ki, 20 il ərzində 120-dən
artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib. 200-dən
artıq hərbi qulluqçu isə mina partlayışından bu və ya digər şəkildə
yaralanıb.
“20 il ərzində Azərbaycanın 40-dan artıq mülki vətəndaşı düşmən
gülləsindən yaralanıb, həmin dövrdə düşmən gülləsindən həlak olan mülki
vətəndaşların sayı isə 15-dir. Mina partlayışından dünyasını dəyişən
mülkilərin sayı 18 nəfər, yaralananların sayı isə 25 nəfərdir. Qeyd
edilən dövrdə Azərbaycanın 9 mülki vətəndaşı düşmən tərəfindən girov
götürülüb, sonradan qaytarılıb”, o qeyd edib.
Mərkəz bildirir ki, bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan
artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə
göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=7137