AZAL niyə 500 milyon zərərə düşüb?
13.05.2014 - 10:00
AZAL niyə 500 milyon zərərə düşüb?
Qurum bunun “kommersiya sirri” olduğunu bildirir
Statistika Komitəsinin məlumatına görə 2013-cü ildə hava nəqliyyatında sərnişin daşınması aviaşirkətlərə 35 milyon 165,2 min manat ziyan vurub. Bu, əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Komitənin məlumatına görə aviaşirkətlərin gəlirləri 262,4 milyon manat olub.
Şirkətlərin sərnişin daşınması xərcləri 15% artaraq 297,6 milyon manat olub. Rəsmi statistikaya görə, 2013-cü ildə sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşüb. Statistikaya görə 1996-2013-cü illərdə Azərbaycan aviaşirkətlərinin sərnişin daşımaları üzrə maliyyə itkiləri 418,6 milyon manat olub. Bu illərdə aviasiyaya investisiyalar 1,4 milyard manata çatıb.
“Yeni Müsavat” qəzetinin araşdırmasına görə isə statistik məlumatlar reallığı əks etdirmir və bu sektorda geniş korrupsiya zənciri var. Qəzetin yazdığına görə aviaşirkətlər maliyyə hesabatlarını dərc etmir. Bu da gəlirlərin rəsmi uçotdan gizlədilməsi kimi şübhələrə çox ciddi əsaslar verir.
“Məsələn, necə ola bilər ki, 2012-ci ildə hava nəqliyyatında aviaşirkətlər 1,6 milyon (2011-ci illə müqayisədə 14,3 faiz çox) sərnişin daşıdığı halda 33,2 milyon manat həcmində ziyana düşüb?”Гї- deyə yazı müəllifi sual edir.
Qəzet baş verənləri təhlil edərək, bu sahədə böyük korrupsiya zəncirinin olduğunu iddia edir.
“Korrupsiya şübhələrini artıran başqa bir amil isə son 15 ildə sərnişinlərin artım dinamikasıdır. 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyədə – 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkət “ziyan”a düşüb”.
Yazı müəllifi qeyd edir ki, indiki şəraitdə aviaşirkətin ziyanla işləməsi heç nəzəri baxımdan mümkün deyil. Çünki, Azərbaycanda hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının artması ilə yanaşı, qiymətlər də artır.
Göründüyü kimi rəsmi statistika ilə, qəzetin yazdıqları ziddiyyət təşkil edir.
Qubad Ibadoğlu: “Sərnişin dövriyyəsinin ildən-ilə genişləndiyini nəzərə alsaq, avia şirkətlərin zərərlə işləməsi inandırıcı görünmür”
Iqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, beynəlxalq reyslərin artdığı bir dönəmdə, şirkətlərin ziyanla işləməsi inandırıcı deyil: “Sərnişin və yük daşımaları ilə AZAL və onun törəmə şirkətləri məşğul olur və bu sektor getdikcə genişlənir. Ona görə də bu şirkətlərin ziyanla işləmsi məndə şübhə doğurur. Eyni zamanda bu sektor birbaşa və dolayı yollarla hökumətin subsidiyalarından bəhrələnirlər. Hesab edirəm ki, bu sahədə şəffaflığı təmin etmək üçün maliyyə mühasibat və uçot işlərinin aparılması çox vacibdir. Sərnişin dövriyyəsinin ildən-ilə genişləndiyini nəzərə alsaq, zərərin qeydə alınması inandırıcı görünmür. Bu hal daxili daşınmalarla bağlı baş versə, inanmaq olar. Çünki, daxili daşınmalar ölkənin bir neçə bölgəsi ilə məhdudlaşır. Ancaq, beynəlxalq daşınmalar dünyanı əhatə edir və bu daşınmalarda qazanc əldə edilməsi üçün əsaslar var”.
AZAL-dan bildirdilər ki, səslənən fikirlərə geniş şərh vermək istəmirlər: “Bu şirkətin kommersiya sirridir və bunu açıqlaya bilmərik. Qəzetin yazdığı da həqiqətləri əks etdirmir. Korrupsiya faktı varsa, gedib araşdırsınlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7144