Oqtay Şirəliyevin müavini rüşvəti etiraf etdi
13.05.2014 - 10:04
Oqtay Şirəliyevin müavini rüşvəti etiraf etdi
Bu sahədə vəziyyətin düzəlməsinə nə mane olur?
Ən ciddi problemlərdən biri də tibbi sığortanın tətbiq olunmamasıdır
Pasiyentlərin müayinə və müalicəsi zamanı tibb işçilərinin neqativ hallara yol verdiyi istisna olunmur. Bunu “Trend”ə səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlətə məxsus tibb müəssisələrində vətəndaşlardan qanunsuz olaraq “xidmət haqqı” alınmasına münasibət bildirərkən deyib. E.Ağayevin sözlərinə görə, tibb işçilərinin pasiyentlərdən pul tələb etmələri halları da baş verir və nazirlik belə hallara qarşı sərt tədbirlər görür:
“Hər yerdə olduğu kimi, Azərbaycanda da həkimə bəxşiş vermək istəyirlər. Çox hallarda tibb işçiləri, həkimlərin özləri də bunu istəyirlər, bəzən isə hətta xəstələrdən qanunsuz olaraq pul tələb edirlər. Biz belə hallara qarşı amansızıq. Səhiyyə Nazirliyi olaraq biz belə şeyləri heç vaxt təqdir etmirik. Bununla əlaqədar mütəmadi olaraq addımlar atılır və onlar cəzalandırılır”.
Səhiyyə sistemində rüşvətin geniş yayıldığını və qarşısını almağın çətin olduğunu artıq rəsmilər də dəfələrlə etiraf edib. Hökumət rəsmiləri etiraf etməsə də, bunun əsas səbəblərindən biri səhiyyə sistemində əmək haqqının aşağı olmasıdır. 150-200 manat əmək haqqı alan tibbi işçisindən “rüşvət alma” tələb etməklə problemi aradan qaldırmaq mümkün deyil.
Problemin digər bir həlli isə 1999-cu ildə qəbul olunan “Icbari tibbi sığorta haqqında” qanunun hələ də tətbiq olunmamasıdır. Qanunun qəbul olunmasından 15 il keçməsinə baxmayaraq, bu sahədə heç bir ciddi tədbir görülməyib.
Qeyd edək ki, tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. Icbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.
Lakin dəfələrlə qeyd olunduğu kimi, tibbi sığortanın tətbiqi ilk növbədə hakimiyyət təmsilçilərinin maraqlarına cavab vermir. Əks halda bu məsələ çoxdan həllini tapardı.
Məlumdur ki, tibbi sığortası olan vətəndaşların müalicəsi pulsuz aparılır. Bu da ilk növbədə arxasında yüksək rütbəli məmurların dayandığı özəl klinikalara sərf etmir. Çünki tibbi sığortası olan şəxslər ilk növbədə dövlət xəstəxanalarına üz tutacaq. Bu halda xəstə müayinə və müalicəyə görə həkimə heç bir vəsait ödəməli olmayacaq. Eyni zamanda müəlicəni həyata keçirən həkim xəstədən pul almaq imkanından məhrum olacaq. Bu baxımdan dövlət xəstəxanaları da tibbi sığortanın tətbiqində maraqlı deyil.
Çünki digər sahələrdə olduğu kimi səhiyyədə də rüşvət və korrupsiyanın miqyası kifayət qədər yüksəkdir. Belə olan halda səhiyyəni pulsuz etmək bu sahəyə cavabdeh məmurları, onların təmsil olunduğu hakimiyyət qruplaşmasını, hətta hakimiyyət başında dayananları da böyük qazancdan məhrum edəcək.
Ən ucuz müayinəni 20-30 manata, əməliyyatı isə 800-1000 manata həyata keçirən xəstəxana və onu himayə edən məmurlar heç bir halda tibbi sığortanın tətbiqində maraqlı ola bilməz. Bu halda onlar ildə yüz milyonlarla manat qazancdan məhrum olacaq.
Üstəlik, dərman bazarında inhisarçıların əlində olması da tibbi sığortanın tətbiqinə mane olur. Çünki tibbi sığortası olan vətəndaş əksər hallarda olduğu kimi axırıncı pulunu dərmana verməli olmayacaq. Bu da dərman bazarını nəzarətdə saxlayanlara böyük zərbədir.
Bir sözlə, qanunun icrası səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcək, əlavə dərman xərclərinə ehtiyac qalmayacaq, eləcə də bu sahəyə ictimai nəzarət güclənəcək və tibb işçilərinin əməkhaqqı artacaq.
Bu isə korrupsiyanın başında dayanan hökumət rəsmilərinin maraqlarına cavab vermir.
Short URL: http://www.cumhuriyyet.net/?p=7145