Uorlikin Qarabağ təşəbbüsü
13.05.2014 - 10:09
Uorlikin Qarabağ təşəbbüsü
Bir addım irəli, bir addım geri
Ermənistanla Azərbaycan arasında 12 may 1994-cü ildə imzalanan atəşkəsin 20 illiyi ərəfəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik rusiyalı və fransalı həmkarları ilə birgə hazırladığı Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi üzrə yeni təklifləri açıqlayıb.
7 mayda Vaşinqtonda Karnegi Mərkəzində çıxış edən Ceyms Uorlik “Dağlıq Qarabağ: tənzimləmə yolları” adlı məruzə təqdim edib və Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə altı əsas bəndi göstərib:
1.Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda tərəflər ortaq razılıq əsasında gələcəkdə yekun hüquqi status müəyyən edilməsinə dair iradə nümayiş etdirməlidir. Bu, qaçılmazdır;
2.Hazırda Bakı tərəfindən idarə edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməlidir. Bu status ən azı regionda təhlükəsizlik və özünüidarəçiliyi təmin etməlidir;
3.Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişə həll edilə bilməz və bu ərazilər üzərində suverenliyin tanınması bərpa edilməlidir;
4.Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz keçidi təmin etməyə kifayət edəcək qədər geniş olmalıdır, ancaq bu, bütün Laçın rayonunu əhatə edə bilməz;
5.Tənzimlənmə məcburi köçkünlərə və qaçqınlara əvvəlki evlərinə qayıtmaq imkanını tanımalıdır;
6.Münaqişənin tənzimlənməsində sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı yer almalıdır.
Uorlikin təkliflərinin müqayisəli təhlili (10 iyul 2009-cu ildə Fransanın Akvil kommunasında qəbul edilən tənzimləmə prinsiplərinə uyğun gəlir, onları yenilənmiş Madrid prinsipləri də adlandırırlar) uzun sürən sülh prosesində müsbət dinamikanı göstərir. Yenilənmiş Madrid prinsipləri bunlar idi:
1.Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması;
2.Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanəti təmin edən aralıq statusu verilməsi;
3.Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz yaradılması;
4.Icbari hüquqi qüvvəyə malik rəy sorğusu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;
5.Qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması;
6.Beynəlxalq təhlükəsizlik zəmanəti və sülhyaratma əməliyyatlarının keçirilməsi.
Müsbət kompromis məqam onu saymaq olar ki, Dağlıq Qarabağın gələcək statusu Azərbaycanla Ermənistanın iradəsinin uzlaşdırılması yolu ilə həll ediləcək, bu isə təkcə gələcəkdə yox, etimadın bərpası prosesinin gedişində də problemə balanslı yanaşma imkanı verir. Keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olub Bakı tərəfindən nəzarət edilən ərazilərə də müvəqqəti status verilməsi həmsədrlərin balanslı yanaşmasının güclənməsini göstərir.
1992-ci ilin mayından ATƏT-in Minsk qrupunun şəxsində beynəlxalq vasitəçilik başlayandan müxtəlif tənzimləmə planları təklif edilib (mərhələli, paket, qarışıq). Onlar iki əsas səbəbdən uğursuzluğa düçar olub. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etməsi kimi iki diametral zidd prinsip açıq radikal şəkildə toqquşurdu. Ikincisi, müxtəlif təşəbbüslər beynəlxalq proseslərin və beynəlxalq vasitəçilərin regionda toqquşan maraqlarının törənməsi və məhv olması ilə nəticələnirdi.
Uorlikin indiki təşəbbüsünü bu sülh prosesinin 20 illiyi ilə bağlamaq olmaz, burda Ukrayna böhranının təsiri aydın görünür. Uorlikin həmsədrlərin layihəsi kimi təqdim edilən təklifləri ilk növbədə Ukrayna-Rusiya münaqişəsində Krımın ilhaqını müdafiə edən, millətlərin öz müqəddəratını həll etməsi hüququna əsaslanan rəsmi Yeravanın illüziyalarını dağıtmalıdır. Prezident Serj Sərkisyan ardıcıl və zəhlətökən şəkildə Krım presendentini Qarabağ münaqişəsi ilə proyeksiya etmək istəyir. Moskva Yerevanın bu reveranslarına iltifatla cavab versə də, onun Uorlikin yeni təkliflərini dəstəkləməsi göstərir ki, Qarabağ prosesi Rusiya tərəfindən Krım prinsipi ilə Ermənistanın xeyrinə həll edilməyəcək. Və vasitəçilər yaxın perspektiv üçün paritetə əməl edəcək.
Bakının çoxsektorlu aktivliyi həmsədrlərin təkliflərinin yaxın vaxtlarda həyata keçməyəcəyindən xəbər verir. Prezident Ilham Əliyev Ukraynanın ərazi bütövlüyünü açıqca müdafiə etməyə, Moskva ilə ticari əməkdaşlığı onun xeyrinə genişləndirmək barədə razılaşmaya, Avropa və Avrasiyada Amerikanın siyasi və enerji təşəbbüslərini dəstəkləməyə və nəhayət, Ermənistan-Azərbaycan münaqişəsində sərt mövqe tutaraq xalq diplomatiyası təşəbbüslərini rədd etməyə müvəffəq oldu.
Beləliklə, təxminən 2-3 il uzanacaq orta müddətli Ukrayna böhranını; Avropanın təhlükəsizlik quruluşunun tamamilə dəyişdirilməsini; o cümlədən hərbi, energetik və siyasi qərarları; Rusiyanın daxili, ilk növbədə dərin iqtisadi problemlərini nəzərə alsaq, Uorlikin təkliflərinin realaşdırılması yalnız sülh istiqamətində addım olacaq, amma onun çox da yaxın olmadığını demək mümkündür.
Short URL: http://www.cumhuriyyet.net/?p=7146