Deputatın oğlu Yasamal DYP-də hansı oyunlardan çıxır?
13.05.2014 - 11:09
Deputatın oğlu Yasamal DYP-də hansı oyunlardan çıxır?
Elşad Məmmədov qeyri-qanuni şəkildə polis olmayan qardaşına şöbədə vəzifə verib, cərimə pullarını yalnız Sadiq Məmmədov yığa bilər
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində heç bir çərçivəyə sığmayan hadisələr yaşanır. Deputat Elman Məmmədovun oğlu Elşad Məmmədovun rəisi olduğu şöbədə təkcə polislər deyil, həm də mülki şəxslər də vəzifə başındadırlar.
JAM.AZ-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Yasamal DYP şöbəsinin rəisi cərimə pullarının yığılmasını kənar adamlara etibar etmir. Elə bu səbəbdən də bu işləri polisdə işləməyən qardaşı Sadiq Məmmədova tapşırıb. Hətta ona şöbədə xüsusi otaq da ayırıb. Belə ki, radara düşən nəqliyyat vasitələrinin sürücüləri şöbənin yerləşdiyi binanın 10-cu otağına yönləndilir ki, burada da onları Sadiq Məmmdəov qarşılayır. Radarlarla bağlı bütün məsələlər bu otaqda birbaşa rəisin qardaşı tərəfindən həll edilir.
Eyni zamanda yol hərəkəti qaydalarını pozan sürücülərə yazılan cərimə ballarının silinməsi də 10-cu otaqda həyata keçirilir. Belə “mühüm” vəzifənin şöbə rəisinin öz qardaşına həvalə edilməsi isə açıq şəkildə yığılan pullara nəzarət missiyasından başqa bir şey deyil.
JAM.AZ xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində baş verən bir digər maraqlı hadisə Polis Akademiyasının tələbəsinə, axtarış üzrə inspektoru kimi xüsusi otağın ayrılmasıdır. Binada 9-cu otaqda öz “xidməti” vəzifəsini yerinə yetirən Səlim Abbasovun əslində kiçik leytenant olduğu, ancaq onun işinə qanuni don geyindirmək üçün otağın qarşısındakı lövhədə polis leytenantı yazıldığı vurğulanır.
Amma Yasamal DYP-də baş verənlər bununla yekunlaşmır. JAM.AZ-ın əldə etdiyi məlumatlara görə, sözügedən şöbədə mühüm postlardan birini tutan şəxsin atası bir müddət əvvəl məşhur iş adamı Şəmkirli Saşanı qətlə yetirən “Qoçu” ləqəbli avtoritetin oğludur. Ramil adlı həmin şəxsin bu posta təyinat alması isə qohumları və hazırda Bakı Şəhər Baş Polis İdarəsində mühüm postda əyləşən general Elxan Həsənovun kürəkəni olmasıdır.
Qeyd olunur ki, “Qoçu” ləqəbli avtoritetin oğlunun polisdə işləməsinin qanunla necə tənzimləndiyi kimsəyə məlum deyil. Üstəlik, bu şəxsin Yasamal rayonu ərazisində əsasən “avtoş”ların məsələsinə baxdığı deyilir. Belə ki, əsasən Hüseyn Cavid bağı ətrafında “qaynaşan” “avtoş”ları tutmaqla məşğul olan Ramil adlı polis işçisinə bu işdə qaynatası da yardımçı olur. Məlumatlara görə, general Elxan Həsənov hər axşam bağdakı çay evlərindən birinə gələrək, orada həm istirahət edir, həm də müşahidə aparır. General “avtoşluq” edən şəxslər gördükdə isə tez kürəkəninə xəbər verir ki, bu da Ramilin işinə çox yarayır.
Araşdırmamız davam edir. Yasamal DYP-də baş verən digər neqativ hallarla bağlı yaxın günlərdə geniş məlumat verəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=7153