İmanov qardaşları dövlət əmlaklarını necə “özünüküləşdirirlər”?
13.05.2014 - 11:43
İmanov qardaşları dövlət əmlaklarını necə “özünüküləşdirirlər”?
Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarını çox ucuz qiymətə “satması” hər zaman diqqət mərkəzində olub
Bir çox hallarda isə Əmlak Məsələləri Dövlət Komitəsinin işçiləri səlahiyyətlərindən istifadə edərək dövlət əmlaklarnı özlərinə, qohumlarına “satırlar”. Və yaxud da hansısa sahibkardan külli miqdarda rüşvət alaraq dövlət əmlakını su qiymətinə həmin sahibkara sataraq dövlət büdcəsinə külli miqdarda ziyan vururlar.
PİA.AZ-a Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Beyləqan Regional Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri Zaman İmanovun qeyri qanuni olaraq dövlət əmlakını mənimsəməklə məşğul olması ilə bağlı ilginc inyormasiya daxil olub. Daxil olan məlumatda bildirilir ki, Zaman İmanov Daşınmaz Əmlakın Reyster xidmətinin rəisi qardaşı Məhəmməd İmanovun hamiliyi ilə Beyləqan şəhərinin mərkəzində 700 kvadrat metrdən çox ərazini və içərisində tikili olan inzibati binanı çox ucuz qiymətə qeyri qanuni olaraq özəlləşdirərək öz adına keçirib.
Məlumatda bildirilir ki, Zaman İmanovun özəlləşdirdiyi ərazi vaxtı ilə Beyləqan rayon icra hakimiyyətinin şəhər icra nümayəndəsinin ərazisi olub. Belə ki, vaxtı ilə həmin ərazidə şəhər icra nümayəndəliyi üçün inzibati bina tikilməsi nəzərdə tutulub. Ərazidə icra nümayəndəliyi üçün bina tikilməsinə başlanılasada hansısa səbəblərdən tikinti yarımçıq qalıb.
Məlumatda qeyd olunur ki, icra nümayəndəliyinin inzibati binasının sona qədər tikilməsi üçün lazımı vəsait ayrılmadığına görə həmin ərazi Əmlak Komitəsinin balansına verilib. Bundan sonra isə Beyləqan Regional Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri Zaman İmanov həmin ərazini, yarımçıq tikili ilə birlikdə sənədlərdə çox ucuz qiymətə öz adına sənədləşdirib. İddiaya əsasən, Zaman İmanov ərazini cəmi 12 min manata özəlləşdirib.
Daxil olan məlumatda həmçinin o da qeyd olunur ki, Məhəmməd və Zaman İmanov qardaşları səlahiyyətlərindən sui-istifadə edərək son 5 ildə Beyləqan, Füzuli, Ağcabədi, İmişli, Saatlı, Sabirabad və Şirvan şəhəri daxil olmaqla bir çox rayonlarda çoxlu sayda əmlakı, ərazini qeyri qanuni olaraq ucuz qiymətə öz adlarına, yaxınlarının adlarına sənədləşdirərək mənimsəyiblər.
Həmçinin İmanov qardaşlarının bir çox sahibkardan külli miqdarda rüşvət alaraq rayonlardakı əmlak idarələrinin nəzdində olan dövlət idarələrini, inzibati binaların qiymətlərini 5-10 dəfə azaldaraq həmin şəxslərə satıblar. Buna misal olaraq Beyləqan rayonunda RTS qəsəbəsində yerləşən Təmir Tikinti İdarəsini göstərmək olar.
Məlumatda göstərilir ki, Təmir Tikinti İdarəsi Elman adlı (soyadını dəqiqləşdirə bilmədik) bir sahibkara çox ucuz qiymətə satılıb. İdarənin ərazisi 1 hektar və böyük bir inzibati binası mövcuddur. Hazırda həmin binada bir neçə məcburi köçkün ailəsi məskunlaşıb. Amma yaxın aylarda həmin məcburi köçkünlər yeni tikilmiş qəsəbəyə köçürüləcək və böyük bir ərazi , inzibati bina çox ucuz qiymətə sahibkarın mülkiyyətinə çevriləcək. İddia olunur ki, Zaman İmanov qardaşı Məhəmməd İmanovun köməkliyi ilə Təmir Tikinti İdarəsinin qiymətini bir neçə dəfə azaltdığı üçün sahibkardan 25 min manata yaxın rüşvət alıb.
Qeyd edək ki, Zaman İmanovun İmişli, Ağcabədi rayonlarında həyata keçirdiyi əmlak maxinasiyası və həmin rayonların Torpaq Xəritəçəkmə İdarələrinin müdirləri ilə birlikdə qeyri qanuni “forma1” əməliyytaları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=7154