“Qərb Azərbaycanı dəstəkləmək qərarı verib”
“Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək və canişinini iqtidara gətirmək planı ola bilər”
“Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək və canişinini iqtidara gətirmək planı ola bilər”
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri bir sıra
suallar doğurmamış deyil. Çünki səfər regionda ciddi proseslərin cərəyan
etdiyi zamana təsadüf edir. Digər bir tərəfdən isə Fransanın üzvü
olduğu Avropa Birliyi ilə Rusiya arasında münasibətlər artıq kritik
həddə çatmaqdadır. Bütün bu məqamlarla yanaşı, Ollandın Cənubi Qafqaza
səfəri zamanı ilk ölkə kimi məhz Azərbaycanı seçməsi maraq doğurur. Bəs
bu səfərin pərdəarxası məqamları nədən ibarətdir? Bu və gündəmdə olan
digər sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq:
– İndiyə kimi Qərb Cənubi Qafqaz ölkələrinə, xüsusilə Azərbaycan və
Gürcüstana lazımı dəstəyi verməyib. Hazırda isə Ukrayna hadisələrindən
sonra Qərb qərara gəlib ki, Azərbaycanı dəstəkləsin. Eyni zamanda Qərb
çox arzu edərdi ki, Ermənistana təsir edə bilsin. Nəticədə Ermənistanda
regionun normal əməkdaşlıq edə bilən dövlətinə çevrilsin. Eyni zamanda
hesab edirəm ki, bu səfər Qarabağ problemini həll etməyə istiqamətlənən
ciddi bir addımdır. Çünki Fransa kimi dövlətin prezidenti səfərinə məhz
Azərbaycanda başlayıb. Əslində bu təsdiq edir ki, Qərb Azərbaycana böyük
önəm verir. Ümidvaram ki, Fransa prezidentinin Azərbaycana səfərinin
nəticəsi müsbət olacaqdır və bu səfər Qarabağ məsələsinin həllinə müsbət
təsir edəcək. Bu səfərin eyni zamanda Azərbaycanı Rusiya təcavüzündən
qorumağa müvəffəq olacağına inanıram. Çünki Azərbaycana qarşı müxtəlif
hədələr gəlir. Bəzi analitiklər deyir ki, Ukraynadan sonra növbə
Azərbaycanındır, Azərbaycandakı “5-ci kalon” Rusiya meilli bəyanatlar
səsləndirir. Bu tip açıqlamalar Qərbi narahat etməlidir. Ona görə
Ollandın səfəri olduqca əhəmiyyətli hadisədir. Düşünürəm ki, bu səfərdən
sonra konkret addımlar atılmalıdır. Azərbaycanın, Gürcüstanın və
Ermənistanın Rusiya təsirindən qorumaq üçün Qərb tədbirlər görməlidir.
Ermənistan tam formada Rusiyanın təsiri altındadır. Azərbaycanla,
Gürcüstan isə ərazi bütövlüklərini itiriblər. Bütün bu məsələləri Qərb
nəzərə almalıdır. Uzun müddətdir ki, Azərbaycan mətbuatı, ictimaiyyəti
baş verənləri qabardır.
“Regionda sülh Rusiyanın təsirini sıfra endirir”
– Bu arada Qarabağ münaqişəsinin
həlli ilə bağlı yeni təkliflər səsləndi. Ollandın da səfəri bu
təkliflərin səsləndiyi dövrə təsadüf edir. Ollandın səfər zamanı
səsləndirdiyi bir fikir də maraq doğurur. O, bildirib ki, Avropa Birliyi
və Fransa Azərbaycanın ərazi bütövlüyünü yüksək qiymətləndirir və
dəstəkləyir. Bu bəyanatı necə dəyərləndirmək olar?
– Bu bəyanat çox yüksək qiymətləndirilməlidir. Ukraynanın Krımı işğal
olunandan sonra Qərb ərazi bütövlüyü məsələlərinə daha ciddi yanaşır.
Əvvəllər bəyan olunurdu ki, Azərbaycanla Ermənistan getsin məsələni nə
cür istəyir həll etsin, biz istənilən həll variantı ilə razı olacağıq.
Amma indi ərazi bütövlüyü məsələsi birinci sətrə çıxır. Gəlin, geosiyasi
məsələləri kənara qoyaq. Sülhdə həm Azərbaycan, həm də Ermənistan
olduqca maraqlıdır. Azərbaycan istənilən addımları atıb. 99-cu ili yada
salaq. Azərbaycan hər cür sülhə razı idi. Ermənistan da sülh imzalamağa
razılığını vermişdi. Amma Qarabağ məsələsi Ermənistan parlamenti
gülləbaran edildikdən sonra gündəlikdən çıxarıldı. Baş verənlər ona
misaldır ki, ermənilər sülh istəyir. Amma sülhə doğru addım atan zaman
ya prezidentləri işdən qovulur, ya da parlamentləri gülləbaran edilir.
Görək, indi Olland bu tendensiyaya necə təsir edə bilər. Mən istərdim
ki, Ermənistanın Rusiyadan müdafiəsi ilə bağlı xüsusi plan hazırlansın.
Çünki Ermənistanı sülh imzalamağa qoymurlar. Ollan Ermənistanda olan
zaman mütləq onlarla müzaikrə etməlidir ki, biz nə edək ki, siz
Rusiyadan qorxmayaraq sülhə imza ata biləsiniz. Çünki sülhün necə
olması, hansı detalların bizim, hansı detalların isə Ermənistanın
xeyrinə olması müzakirə predmeti deyil. Ermənistana da Azərbaycana da
sülh lazımdır. Regionda sülhün imzalanması Rusiyanın bölgəyə təsirini
heçə endirir.
– Bu səfərin Ukrayna ilə bağlı olduğunu bildirdiniz. Qərb Azərbaycandan nə istəyir? Azərbaycan hansı mövqeyi sərgiləməlidir?
– Hazırda Rusiyanın da, Qərbin də Azərbaycandan nə istəməsi göz
önündədir. Rusiya Azərbaycandan birmənalı sürətdə Qərblə əlaqələri
kəsərək, Gömrük İttifaqına daxil olmağı istəyir. Rusiya Azərbaycanın
Qərblə Gömrük İttifaqının üzvü kimi əlaqələr qurmasını istəyir. Qərbin
istəyi isə ondan ibarətdir ki, Azərbaycanın ərazisi strateji əhəmiyyət
daşıyır. Azərbaycan Qərbə Rusiyanın enerji aslılığından xilas olmaq üçün
kömək etməlidir. Bu isə o deməkdir ki, Azərbaycanın nefti və qazı
birbaşa Avropanın təhlükəsizliyinə xidmət etmiş olacaq. Amma bu olduqca
təhlükəli məsələdir. Bu siyasətə görə Azərbaycan Qərbdən təminatlar
almalıdır. Çünki bu siyasətə görə Rusiya Azərbaycan barəsində
Ukraynadan da artıq tədbirlər görə bilər. Rusiya Ukraynaya özü müdaxilə
etməyə məcbur oldu. Amma Azərbaycan məsələsində Rusiya Ermənistanın
xidmətindən istifadə edə bilər. Gürcüstana da Rusiya özü müdaxilə etdi
və Abxaziya, Osetiyanı işğal etdiyinə görə heç bir cəza almadı.
Azərbaycanla isə Rusiya daha asan davrana bilər. Çünki Ermənistanla
Azərbaycan müharibə şəraitindədir. Rusiyanın təhriki ilə Ermənistan
yenidən müharibəyə başlayır və Azərbaycan yeni torpaqlarını itirir.
Rusiyanın belə bir planı ola bilər. Bu isə Azərbaycanda hakimiyyət
dəyişikliyinə gətirib çıxara bilər. Rusiya güc yolu ilə Azərbaycanda da
şərqi Ukraynadakı referendumdan keçirərək özünün canişini iqtidara
gətirə bilər. Meydanda bu cür təhlükələr var. Ona görə Qərb regionda
durumu düzgün dəyərləndirərək, üç ölkənin Avropa ilə əməkdaşlığa
getmələri üçün prinsipial qərarlar qəbul etməlidir.
“İnsan haqları ilə bağlı durum dəyişə bilər”
– Fransa prezidentinin Azərbaycana
səfəri birmənalı dəyərləndirilmirdi. Hətta Fransanın məhşur internet
portallarından biri bu səfəri “minalanmış sahədə gəzinti adlandırmışdı”.
Rusiyanın bu səfərə və regionda Qərbin aktivləşmək təşəbbüsünə
reaksiyası necə olacaq?
– Rusiya Ukrayna böhranından çıxmamış yeni bir münaqişəyə girişən
deyil. Buna çətin inanmaq olar. Ona görə Rusiyanın Cənubi Qafqazda yeni
böhran yaradacağı inandırıcı deyil. Çünki Cənubi Qafqazdakı böhran
Azərbaycan-Ermənistan qarşıdurması müstəvisində olmayacaq. Türkiyə də bu
böhranın iştirakçısı olacaq. Bu yaxınlarda Tiflisdə Türkiyə, Gürcüstan
və Azərbaycanın dövlət başçılarının görüşü oldu. Üç prezidentin
məsləhətləşmələri əlbəttə ki, Rusiyanın əleyhinə yönəlmişdi. Bu baxımdan
Türkiyənin də Rusiyanın yarada biləcəyi böhrana müdaxilə edəcəyini
gözləmək olar. Nəzərə almaq lazımdır ki, Türkiyənin əlində Rusiyaya
təsir etmək imkanı daha çoxdur. Türkiyə boğazlarını rus gəmilərinə
bağlaya bilər. Hətta proseslər gərginləşərsə Türkiyə Azərbaycanı müdafiə
edərək bizim tərəfimizdə Rusiyaya qarşı döyüşə də bilər.
– Fransa prezidentinin səfəri zamanı diqqət çəkən məqamlardan biri də
Franss-pres Agentliyinin dövlət başçılarına Leyla Yunus və Rauf
Mirqədirovla bağlı sual ünvanlaması oldu. İlham Əliyev suala cavabında
Azərbaycanın daxili və xarici siyasətinə müdaxilənin yolverilməz
olduğunu deydi. Fransa prezidenti isə insan haqları məsələsini görüşləri
zamanı müzakirə etdiklərini nəzərə çatdırdı. Səfərdən bu istiqamətdə
nəsə gözləməyə dəyərmi?
– Hesab edirəm ki, Azərbaycan rəhbərliyi daxili siyasətinə qarşımağa
dözmək fikrində deyil. Amma Fransa kimi bir dövlətin Azərbaycan
rəhbərliyi və ölkə üçün böyük əhəmiyyəti nəzərə alınaraq, hesab edirəm
ki, bu danışıqlar müsbət nəticə verəcək.
“Azərbaycan Rusiyanı atəşkəsi imzalamağa məcbur etdi”
– Atəşkəs 20 ildir ki, davam edir. Atəşkəs imzalanan zaman
əsas arqument bu idi ki, atəşkəs dünyadakı vəziyyəti Azərbaycanın
xeyrinə dəyişməyə və ordunun güclənməsinə xidmət edir. Atəşkəs müddətini
Azərbaycan üçün necə qiymətləndirmək olar? İtki və qazanclarımız nədən
ibarət oldu?
– Atəşkəs Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində baş tutdu.
Əgər Azərbaycan əsgəri dirəniş göstərməsəydi, Rusiyanın hücumlarına
dirəniş göstərməsəydi, onları itkiyə məruz qoymasaydı, durum başqa cür
ola bilərdi. Azərbaycanın Qərblə əlaqələri məhz atəşkəsdən sonra
gücləndi. Əgər Azərbaycanın döyüşərək torpaqları azad etmək imkanı
olsaydı, mən atəşkəsin imzalanmasını təqdir etməzdim. Amma belə imkanlar
yox idi. Əslində Azərbaycan Rusiyanı atəşkəsi imzalamağa məcbur etdi.
Çünki Rusiya görürdü ki, döyüşlər davam etsə, Ermənistan ağır duruma
düşə bilər. Bu zaman gərək Rusiya özü proseslərə müdaxilə edərək açıq
döyüşlərə girəydi. Rusiya bu addımı atardı. Çünki Rusiyanın heç nədən
çəkinəcəyi yoxdur. Əsas məqamlardan biri də budur ki, atəşkəsə nail olan
zaman Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttinə əlavə güclərin
yerləşdirilməsinə ehtiyac olmadı. Rusiya təmas xəttinə öz qoşunlarını
yerləşdirmək istəyirdi. Amma Azərbaycan və Ermənistan atəşkəsi özü təmin
etdi. Bu onu sübut edir ki, Ermənistanla Azərbaycan müharibədə yox,
sülhdə maraqlıdır.
– Atəşkəsin bundan sonra davam etməsi Azərbaycanın maraqlarına uyğundurmu?
– Artıq Qarabağ problemi beynəlxalq məsələyə çevrilib. Qarabağ
problemi Rusiya-Qərb qarşıdurmasından asılıdır. Rusiya təcavüzkarlığına
görə, cəzasını alsa, o zaman Qarabağ problemi müsbət həll oluna bilər.
Yox əgər Qərb Ukraynanın işğalından sonra Rusiyanın əlini sıxaraq,
əməkdaşlığı davam etdirəcəksə, o zaman nə Qarabağ problemi həll
olunacaq, nə də Rusiyanın təcavüzkarlığının qarşısı alınacaq.
Qərb Putinə qarşı siyasətini dəyişməlidir
– Rusiyanın Ukraynadakı siyasəti davam etməkdədir. Ölkə
faktiki iki yerə bölünüb. Əksər ekspertlər Rusiyanın bu siyasətinin
ölkəni uçuruma apardığı bəyan olunsa da, hələ ki, Kreml “parçala və hökm
sür” siyasətini uğurla davam etdirir. Bu proseslərin davamın necə
görürsünüz. Rusiyanın işğalçı siyasətinə dur deyən olacaqmı?
– Rusiyada daxili vəziyyət olduqca canıcaqlıdır. Rusiyada Putinə iki
mövqedən hücum var. Bir mövqe liberallardan gəlir. Liberalları orta və
ziyalı təbəqə dəstəkləyir. Bunlar Putini tənqid etsə də ona real təhlükə
deyillər. İkinci təhlükə Rusiya millətçilərindən gəlir. Bu sıraya həm
ordu, həm də xüsusi xidmət orqanları da daxildir. Putin üçün əsas real
təhlükə məhz buradan gəlir. Putin Krımı işğal etməklə rus milləçilərinin
təhlükəsinı aradan götürdü. Qərb hazırda çətin durumdadır. Qərb bilmir
hazırda ona Putinin hakimiyyətdən getməsi və yerinə hərbi xuntanın
gəlməsi sərf edir, yoxsa elə Putinin hakimiyyətinə davam etməsi. Qərb
Putinə qarşı siyasətini dəyişməlidir. Qərb Putinlə sanksiyalar yolu ilə
dil tapa bilmirsə, o zaman daha sərt addımlar atmalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7155