Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan
“Stratfor” özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Bakıda
xəlvəti səfərdə olub
Bu barədə C.Fridmanın rəhbərlik etdiyi təşkilatın
saytında xəbər verilir. Ona görə xəlvəti ki, C.Fridmanın Bakıda
səfərdə olduğu barədə informasiya ictimaiyyətə açıqlanmayıb və onun
Azərbaycan rəsmilərindən kimlərlə görüşdüyünə dair hansısa məlumat
yoxdur. Hərçənd ki, Fridman Bakıdan qayıdandan sonra “Stratfor”
mərkəzinin saytında Azərbaycana qarşı Rusiya və İran təhlükəsinə dair
geniş məqalə ilə çıxış edib.
C.Fridman Bakıya əvvəllər də səfər edib və adətən onun səfərləri
barədə heç vaxt indiki kimi informasiya qıtlığı olmamışdı. Ancaq
“Stratfor” mərkəzinin Fətullah Gülənin Azərbaycanda o cümlədən yüksək
hakimiyyət dəhlizlərinə qədər gedib çıxa bilmiş şəbəkəsinə gizli
dəstəyinin (bu barədə virtualaz.org və haqqin.az saytlarının
araşdırmalarında ətraflı bəhs olunub) üzə çıxmasından sonra C.Fridmanın
Bakıya xəlvəti səfər etməsi xüsusi maraq doğurur.
Bəs Fridman məqaləsində nə yazır və onun Bakıya indiki səfərinin məqsədi nə olub?
Məqalədən hər iki suala cavab tapmaq mümkün olur. Belə məlum olur ki,
C.Fridman mayın 9-da Qələbə gününün qeyd olunduğu vaxtda Bakıda olub və
Dənizkənarı parkdakı atəşfəşanlığı da izləyib.
Sitat: “Mən Azərbaycanda ölkənin Qələbə Gününü, keçmiş Sovet
İttifaqının varis-dövlətlərinin İkinci dünya müharibəsində Almaniyanı
məğlub etməsinin ildönümünü bayram etdiyi bir vaxtda oldum. Bu
müharibədə nə qədər sovet vətəndaşının həlak olduğunu heç kim dəqiq
bilmir, ola bilsin 22 milyon. Rəqəmlər müxtəlifdir və özündə Rusiyanın
həm bacarıqsızlığını, həm möhtəşəmliyini əks etdirir. Mən bu sətirləri
yazanda fişənglər Xəzər dənizinin üzərində uçuşurdu. Uzun və mürəkkəb
pirotexnika səsi sanki artelleriya hazırlığını xatırladırdı. Bu səslər
həm də Bakının nasist-sovet müharibəsində Bakının ən mühüm yerlərdən
birini olduğunu xatırladır”.
C.Fridman bu ildönümün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin
doğum günü ilə təxminən eyni vaxta təsadüf etməsini “ən azından
simvolik” adlandırır. Bildirir ki, Bakı yenə də strateji əhəmiyyət kəsb
etməkdədir, xüsusən də neftinə görə…
“Mənim bu səfərdə məqsədim ayrı-ayrı Avropa ölkələrinin
Rusiyadan qaynaqlanan təhdidləri nə dərəcədə hiss etdiyinə dair
təsəvvürlərə malik olmaq, əgər bu təzyiqlər varsa, onun səviyyəsini və
bu ölkələrin daşıya biləcəyi riskləri araşdırmaq idi” – deyə Fridman yazır.
MKİ-nin “kölgəsi” əlavə edir ki, Avropa deyəndə Türkiyə və Qafqaz regionunu da ora aid edir.
“Daha da mühüm olanı budur ki, Rusiyanı blokadaya almaq
strategiyasını onun cənub cinahını bura daxil etmədən təsəvvür etmək
mümkün deyil” – deyə C.Fridman Cənubi Qafqazın Qərbin anti-Rusiya
strategiyası üçün nə dərəcədə mühüm olduğunu xatırladaraq yazır.
Fridman əlavə edir ki, Rusiyaya qarşı sanksiyalar nə vaxtsa
götürüləcək və bu mühüm həqiqəti heç vaxt yaddan çıxarmaq olmaz: Rusiya
iqtisadi baxımdan həmişə kasıb olub. Ancaq o, böyük imperiya yaradıb və
Hitlerə, Napoleona qalib gəlib.
“Rusiyanın iqtisadiyyatını dağıtmaq mümkün ola bilər, ancaq bununla Rusiyanın hərbi gücünü heç vaxt dağıtmaq mümkün olmayacaq” – deyə Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” bildirir.
C.Fridmanın sözlərinə görə, bu məsələnin həlli Sovet İttifaqına qarşı
tətbiq olunan “soyuq müharibə” ilə tapılıb. İndi Rusiyaya qarşı yenidən
bu taktikadan istifadə etmək mümkündür – əgər Azərbaycan kimi ölkələr
bu müharibədə iştirak etməyə hazır olsalar…
C.Fridman daha sonra Azərbaycanın malik olduğu neft-qaz resursları və
Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq səylərini
xatırladır. O, bildirir ki, Azərbaycanın qaz hasilatı elə də böyük
deyil, ancaq “Transxəzər” qaz kəməri layihəsini reallaşdırıb
Türkmənistan qazını Azərbaycan üzərindən nəql etmək mümkün olsa, Avropa
üçün ciddi alternativ mənbə yaranacaq.
“Lakin bu, Azərbaycanın nə dərəcədə hazır olmasından və bütün
tərəflərdən yönələn təzyiqlərə davam gətirmək qabiliyyətindən asılıdır” Fridman yazır.
Müəllif xatırladır ki, Azərbaycan Rusiya ilə İranın arasında yerləşir və Bakının ən çox qorxduğu Rusiyadır.
C.Fridman İranın da əhalisinin əksəriyyəti şiə olan Azərbaycana təsir
göstərmək səylərindən bəhs edir: “Hazırda ABŞ Azərbaycana silah
satışını bloklayıb. İsrail ABŞ-ın razılığı ilə ona zəruri silahlar
satır. Bu da bizə qarşılıqlı münasibətlərin mürəkkəbliyi barədə
təsəvvürə malik olmağa imkan verir və onu xatırladır ki, mürəkkəblik
müttəfiqliyi korlayır”.
C.Fridman Azərbaycanla ABŞ arasında anlaşılmazlığın əsas səbəblərini
də göstərir. Yazır ki, Birləşmiş Ştatlar Azərbaycana hökumət tərəfindən
insan haqlarının pozulduğunu əsas gətirərək silah satmaqdan imtina edir:
“Amerikalılar başa düşə bilmir ki, Rusiya ilə İranın qarşısında
dayanan və Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olan Bakı
amerikalıların hisslərini təmin edə, rejimə təhlükə kəsb etməyən
dəyişikliklərə gedə və repressiyalardan qaça bilmir. Azərbaycanın cavabı
isə budur ki, məhz İran və Rusiya təhlükəsi Bakıdan sabitliyi və
təhlükəsizliyi təmin etməyi tələb edir. Hər iki ölkə vəziyyəti
gərginləşdirmək üçün öz əməliyyatçılarını Azərbaycana göndərir.
Amerikalıların dissident hesab etdiklərini Azərbaycan xarici
dövlətlərin agentləri hesab edir. Vaşinqton bunu şübhə altına alır və
daim Bakını öz bəyanatları ilə incidir. Azərbaycanlılar isə
amerikalılardan həmişəlik inciyirlər”.
C.Fridman azərbaycanlıların ABŞ-dan inciməsinin səbəblərindən biri
kimi Vaşinqtonun Qarabağ münaqişəsinə yetərincə diqqət ayırmamasını da
göstərir. Bildirir ki, Ukrayna böhranından sonra Azərbaycanla ABŞ-ın
münasibətləri kritik əhəmiyyət kəsb edir. Fridman yazır ki, Dövlət
Departamenti bunu bir kənara qoyaraq Azərbaycanı insan haqlarına görə
tənqid edir. Hərçənd ki, eyni problemlər Gürcüstanda və ya Ermənistanda
baş verəndə Azərbaycana nisbətən bu ölkələr az tənqid olunur.
“Hətta hesab etsək ki Dövlət Departamentinin tənqidləri
ədalətlidir, onda heç kim iddia edə bilməz ki, Azərbaycandakı
repressiyalar İosif Stalinin dəhşətləri ilə hansısa müqayisəyə gələ
bilər. Mən Stalini ona görə misal gətirirəm ki, vaxtilə Franklin Ruzvelt
Hitlerə qalib gəlmək üçün Birləşmiş Ştatları Stalinin müttəfiqinə
çevirmişdi və onu tez-tez tənqid etməyə ehtiyac görməmişdi. Bununla da
amerikalıların maraqlarını qorumuşdu” – deyə Fridman yazır.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=7157