Qafqaz hədəf altındadır
16.05.2014 - 10:42
Qafqaz hədəf altındadır
Rusiya Ukraynadan sonra bu regionu nəzərdə tutub
Rusiya 2014-cü ildə Şimali və Cənubi Qafqaz, Qara dəniz sahili ərazilərə cavabdeh olan Cənub Hərbi Dairəsi qoşunlarının arsenalına 1500-dən artıq müasir silah və hərbi texnika daxil etməyi planlaşdırır.
APA-nın Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu il Qara dəniz donanması və Xəzər flotiliyasının döyüş sıralarına təxminən 20 yeni gəmi, həmçinin 636 layihəli “Novorossiysk” və “Rostov Don” sualtı, 11356 layihəli “Admiral Qriqor” və “Admiral Essen” gözətçi gəmiləri, 21 631 layihəli “Velikiy Ustyuq” kiçik raket gəmisi, patrul, antidiversiya katerləri və köməkçi gəmilər daxil ediləcək.
Dairənin Hərbi Hava Qüvvələri 60-dan artın uçuş vasitəsi alacaq. Bura təxminən 40 ədəd Su-27SM döyüş təyyarəsi, Su-30SM, Su-34, Su-30M2, Su-35S döyüş təyyarələri, 10 ədəd Mi-26T və Mi-8MTVV- 5-1 hərbi nəqliyyat helikopterləri daxil olacaq. Quru qoşunların silahlanmasına isə 1400-dən çox müxtəlif döyüş və artilleriya texnikalarının daxil edilməsi nəzərdə tutulur. CHD-yə Qara dəniz donanması və Xəzər Flotiliyası, Şimali Qafqazdakı, Gürcüstan və Azərbaycanla sərhəddəki hərbi birləşmələr, Abxaziya və Cənubi Osetiya regionlarındakı hərbi hissələr, Ermənistanda – Gümrüdə yerləşən 102-ci hərbi baza daxildir.
Xatırladaq ki, iyunun 27-də Gürcüstanın Assosasiya Sazişinə qoşulması nəzərdə tutulub. Rusiyanın Qafqazda hərbi gücünü artırmasının bununla əlaqəsi ola bilərmi?
Politoloq Vəfa Quluzadə qeyd edir ki, Rusiya Ukraynanı bitirməmiş Gürcüstana qarşı belə addım ata bilməz. Onun fikrincə, Rusiyanın Həştərxandakı hərbi donanması hələ 5-6 il öncə gücləndirilmişdi: “Keçən il seçkilər öncəsi Rusiyanın əsgəri gəmisi guya bizim dəvətimizlə Bakıya gəldi. Rusiyanın Ermənistandakı hərbi təlimləri də göz qabağındadır. Gümrüdəki bazalarında daim iş aparır, texnika və əsgəri baxımından onu daim gücləndirir. Ukraynadan sonra Rusiya bu addımı ata bilər. Rusiya artıq əsgəri qüvvəyə əl atıb. Qərbin reaksiyasının nə olacağını gözləmək lazımdır. Bütün bunlar çox ciddi məsələlərdir və biz ayıq olmalıyıq ki, Ukraynanın vəziyyətinə düşməyək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7230