Avropa dəyərləri Azərbaycan “əsarətində”

18.05.2014 - 01:18

Avropalılar da özləri etiraf edirlər ki,
ölkədəki real durumu bilirlər və Azərbaycanın sədrliyi paradoksaldır

 

100-dən
çox siyasi məhbusu olan Azərbaycan Avropa Şurası Nazirlər Kabinetində sədrliyə
başlayıb. Türkiyədən sonra siyasi məhbus sayına görə, Avropada 47 ölkə arasında
ikinci yeri tutan Azərbaycan sədrliyi dövründə Avropanın digər dövlətlərində
demokratiya, insan hüquqları kimi vəziyyətə nəzarət edəcək.

Bütün
bunların fonunda mayın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Avstriyanın paytaxtı Vyanada Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın
sədrliyi dövrünün prioritetlərini təqdim edib. Nazir deyib ki, “növbəti altı ay
müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun
aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcək. Bu
müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi
bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaq.”

Azərbaycan
Avropa Şurasına daxil olarkən üzərinə 21 öhdəlik götürüb. Bunlardan biri də
siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə proseslərinin keçirilməsi
olub. İstər yerli, istərsə də beynəlxalq hüquqmüdafiəçiləri daim öz
hesabatlarında Azərbaycanda siyasi məhbus probleminin olduğunu, insanların
siyasi əqidələrinə görə, təqibə, təzyiqə məruz qalması ilə bağlı məqamları
göstəriblər. “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”
kimi təşkilatlarlar da illik hesabatlarında siyasi məhbus məsələsini
qabardıblar.

Azərbaycan
hökuməti prezident səviyysində ölkədə siyasi məhbusların mövcudluğunu inkar
edir. Prezident İlham Əliyev bu ilin yanvarında NATO baş katibi ilə birgə
təşkil olunmuş mətbuat konfransında siyasi məhbuslarla bağlı verilmiş suala
belə cavab verib: “Azərbaycanda siyasi məhbus yoxdur. Bu məsələ AŞPA-da
müzakirə olundu və bu məsələ öz təsdiqini tapdı,” Əliyev Brüsseldəki mətbuat
konfransında belə dedi.

İlham
Əliyev eyni fikirləri bu günlərdə Fransa prezidenti Fransua Ollandla Bakıda
keçirdiyi mətbuat konfransında da səsləndirdi. Bunları da əlavə etdi ki, “İnsan
hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına
görə təqib edilmir.” Ölkədəki siyasi məhbus probleminə təkcə beynəlxalq
təşkilatlatlar deyil, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, xarici
ölkələrin nazirlikləri səviyyəsində də reaksiya veririlir. Böyük Britaniyanın
Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun NİDA-çıların həbsiylə bağlı
verdiyi bəyanatda ölkəsinin Azərbaycanda siyasi motivli həbslərdən
narahatlığını ifadə edib.

NİDA-çılara
hökm oxunduqdan sonra ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayaraq hökuməti
Avropa Şurasının Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi nəzərə alaraq
insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə
yetirməyə çağırıb. ABŞ Səfirliyinin digər bəyanatı REAL hərəkatının sədri İlqar
Məmmədov və Müsavat Partiyasının üzvü Tofiq Məmmdova hökm oxunduqdan sonra
verilib.

“Müşahidələrimiz
belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara
əsaslanmayıb və siyasi xarakter daşıyır.” Beynəlxalq təşkilatları qərəzli
olmaqda günahlandıran hökumət konkret dövlətlərin bəyanatlarını susqunluqla
qarşılayır. Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks Azadlıq
radiosuna deyib ki, insan haqları sahəsində irəliləyişlər, islahatlar
sədrlikdən asılı deyil: “Ümid edirəm hakimiyyət bu imkandan yararlanaraq bu
dəyişiklikləri həyata keçirəcək.”

Prezident
Administrasiyası hər zaman beynəlxalq təşkilatların ölkədə siyasi məhbus problemi
ilə bağlı məqamları qeyd etməsini qərəz hesab etdiklərini və “siyasi məhbus”
anlayışının meyarlarının mövcud olmadığını deyir. Halbuki, AŞPA-nın 3 oktyabr
2013-cü ildə qəbul etdiyi 19 00 nömrəli “siyasi məhbuslarla bağlı qətnamə”sində
bütün meyarlar öz əksini tapıb. Azərbaycanda iyasi məhbuslar arasında
jurnalist, bloger, hüquq müdafiəçiləri, dini liderlər də var. Avropa Şurası
Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi
Kristof Ştrasserin siyasi məhbuslar problemi ilə bağlı hesabatı ötən ilin
yanvarında qəbul edilməyib. Həmin vaxt ölkədə cəmi 84 siyasi məhbus var idi.

Demokratiya,
insan hüquqları, azad seçki, sərbəst toplaşmaq…. bu dəyərlər əsasən Qərbə
məxsusdur. Azərbaycanda da bəlkə də, onun sədrliyindən çox müzakirə olunan
məsələ bunlara əməl etməyən bir dövlətin bu dəyərlərə sahib olan və əməl edən
ölkələrə nəzarət etməsidir. Siyasi məhbuslar üzrə ekspert, hüquqmüdafiəçisi
Rəsul Cəfərov deyir ki, bu mövzuda avropalı siyasətçilərlə söhbətləri olub.
“Adətən iki növ yanaşma var. Birincisi budur ki, prosedura uyğun olaraq əlifba
sırasına görə, növbə Azərbaycana çatıb. Avropalılar da özləri etiraf edirlər
ki, ölkədəki real durumu bilirlər və Azərbaycanın sədrliyi paradoksaldır.
İkinci yanaşma da bundan ibarətdir ki, onlar ölkədəki siyasi vəziyyəti əks
etdirən hesabatlar hazırlayıb, müzakirəyə çıxara bilirlər. Yeganə təzyiq
vasitəsi Avropa İnsan hüquqları məhkəməsidir ki, onun qərarları məcburi
xarakter daşıyır. Bundan da hakimiyyət qismən yayına bilir. Yalnız kompensasiyaları
verir, məsul şəxsləri məsuliyyətə cəlb etmir”.

Demokratiya,
insan hüquqları, azad seçki, sərbəst toplaşmaq… bu dəyərlərin Azərbaycanda
bərqərar olması üçün həmin siyasi məhbuslar həbsdədir. Onlar azadlıqda olduğu
kimi, həbsxanalarda da mübarizələrini davam etdirirlər. Avropanın da,
digərlərinin də bundan xəbərləri var. Bu həbslərin də səbəbkarını yaxşı
tanıyırlar, bilirlər. Bütün bunlardan sonra həmin dəyərlərin daşıyıcıları
Azərbaycan hakimiyyətini məhz bu dəyərlərə “nəzarət etməyə” dəvət edirlər. Və
bütün bunlardan sonra Avropaya inananlar, ona ümid edənlər, Avropa kimi olmaq
üçün mübarizə aparanlar zərbə altında qalmış olurlar.

 

Seymur
Kazımov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031