Azərbaycanlılar Türkiyənin kürdçü deputatını məhkəməyə verir
18.05.2014 - 10:18
Azərbaycanlılar Türkiyənin kürdçü deputatını məhkəməyə verir
PKK simpatizanı Sırrı Sürəyya Öndər millətimizi və Azərbaycanı ağır şəkildə söydü; torpaqlarımızı Kürdüstan adlandırdı; soydaşlarımız onu məhkəməyə vermək üçün hərəkətə keçdilər…
Türkiyə kürdlərinin siyasi təşkilatı Xalqların Demokratik Partiyasının başçılarından olan Sırrı Sürəyya Öndərin Facebook sosial şəbəkəsindəki səhifəsində Azərbaycan kürdlərini təhqir etməsi ciddi qalmaqala səbəb olub. S.S.Öndərin öz səhifəsində Urmiya gölünü Doğu Kürdüstan gölü, Güney Azərbaycanın qərbindəki torpaqları Doğu Kürdüstan kimi təqdim etməsindən sonra Azərbaycan türkləri ona etirazlarını bildirib, tarixi türk torpaqlarını kürdlərin adına çıxmasını pisləyiblər.
Güney Azərbaycan fəallarından Azərbaycan Milli Dirəniş Təşkilatının təmsilçisi Ankarada yaşayan Məcid Cavadı Sırrı Süreyya Öndere Facebookda mesaj yazaraq Urmiyanın Kürdüstan yox, Güney Azərbaycan ərazisi olduğunu bildirib.
Bundan sonra S.S.Öndər 400 min-ə yaxın təqibçisi olan səhifədə bütün Azərbaycan türklərini təhqir edib. Ünvanımıza ağır küçə söyüşlər yazan kürdçü lider Azərbaycan türklərini “türkiyəlilərin əmri ilə hərəkət edən köpəklər” adlandırıb.
Bu haqda “Yeni Müsavat”a açıqlama verən Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin təmsilçilərindən Zaur Bayramlı deyib ki, məsələni hüquq müstəvisinə çıxararaq Sürəyya Öndərin üzr istəməsini tələb edirlər. Hələlik sosial şəbəkədəki həmin səhifəni Sırrı Süreyya Önderin özünün, yoxsa yaxınlarından birinin yönətdiyi aydınlaşdırılır:”385 min təqibçisi olan bir səhifənin Öndərin bilgisi olmadan idarə edildiyi inandırıcı görünmür. Biz Azərbaycan türklərinə qarşı bu davranışa görə məsul olan şəxslərin qanunla cəzalandırılmasını tələb edirik”.
GAMAC-ın (Güney Azerbaycan Milli Azadlıq Cebhesi) Ankara təmsilçisi Mahbub Amrahi artıq Sırrı Süreyya Önderin Güney Azərbaycan torpaqlarını kürd torpaqları kimi təqdim etməsi və Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqirlərlə bağlı Ankara Baş Prokurorluğuna şikayət ərizəsi göndərib.
Yada salaq ki, Mahbub Amrahi bir neçə ay öncə XVI əsr Osmanlı tarixindən bəhs edən “Möhtəşəm Yüzıl” seriallında Səfəvi dövlətinin fars dövləti kimi təqdim edilməsinə etiraz olaraq filmin çəkilişini həyata keçirən TİMS şirkətindən məhkəməyə müraciət etmişdi. Bu olaydan sonra serialda Səfəvi dövləti ilə bağlı məsələlərə həssaslıqla yanaşılır.
Sırrı Sürəyya Öndərə gəlincə, o, 1962-ci ildə Adıyamanda türkmən ailəsində doğulub. Buna baxmayaraq özünü “kürd” adlandırır. Soyunu danan bu şəxs PKK-nın indi Silivri həbsxanasında saxlanan lideri Abdullah Öcalana yaxınlığı ilə tanınır. AKP iqtidarının kürd açılımı siyasətindən sonra daha da fəallaşan Sırrı Sürəyya Abdullah Öcalanla Silivridə bir neçə dəfə görüşüb. Ötən il PKK-nın baş terrorçusunun kürdlərə Novruz Təbrikini Diyarbəkirdə keçirilən mitinqdə Sırrı Sürəyya Öndər səsləndirmişdi.
30 mart bələdiyyə seçkilərində partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə başqanlığına namizədi olan Sürəyya davamlı olaraq ölkənin federasiyalara bölünməsi ideyasını da gündəmə gətirir.
Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu deyir ki, Sırrı Sürəyya Öndərin dediklərinin arxasında xarici güclərin uzunmüddətli planını elementləri var:
“Türk dünyasının altın nöqtəsi hesab olunan Urmu bölgəsini tamamilə kürdləşdirmək siyasəti 100 ilə yaxındır ki, gedən bir prosesdir, İran bu prosesi ardıcıl olaraq dəstəkləyir. Urmu bölgəsinin kürdləşməsi siyasətini Tehran rejimi, Ermənistan, Rusiya, ABŞ, İngiltərə, Fransa və ərəb ölkələri öz maraqları çərçivəsində idarə edirlər. SSRİ-nin çöküşündən sonra 1991-ci ildən bu günə kimi türk dünyasını coğrafi anlamda bütünləşdirə bilən Türkiyə – Güney Azərbaycan – Orta Asiya zolağı vasitəsilə dünyada yeni türk güc mərkəzinin yaranması prosesi başlandı.
Bu prosesin qarşısını almaq üçün Anadolu və Azərbaycanın güneyi arasında körpü rolu oynayan Urmu bölgəsinin daxil olduğu qərbi Azərbaycanın kürdləşdirilməsi prosesi sürətləndirildi. Bu prosesdə İraqdakı Kürdüstan Xalq Azadlıq Cəbhəsi, PKK, Kürdüstan Milli Azadlıq Ordusu fəal çalışmaqdadır. Bu təşkilatlar Türkiyə, İraq və Suriyada türkmənlər əleyhinə ciddi kürd terrorizmi həyata keçirməklə bərabər, qərbi Azərbaycanda da sonradan məskunlaşdırılmış kürdlərin silahlandırılmasıyla məşgul olurlar.
Sulduz, Urmu, Xoy, Maku, Səlmas, Sayınqala, Tikantəpə və Qoşaçay şəhərlərində silahlı kürdlər İraqın quzeyində yaradılan kürdüstan muxtariyyətinin lideri Məsud Bərzaninin, PKK lideri Abdulla Öcalanın, İraq prezidenti Cəlal Tələbaninin portretini, kürdüstan xəritəsi və bayrağını dalğalandırmaqla Azərbaycan torpaqlarının kürdüstan olduğunu iddia etməkdədirlər. Bu siyasət İraqdaki türkmənlərin yaşadığı Azərbaycan torpaqları Mosul, Ərbil, Süleymaniyyə, Kərkük şəhərlərini necə İraq kürdüstanı milli muxtariyyətinin tərkibinə qatıbsa, eləcə də Güney Azərbaycan torpaqlarını İran kürdüstanının tərkibinə qatmağı nəzərdə tutur”.
Yasəmən Qaraqoyunlu onu da deyir ki, Sırrı Sürəyya Öndərin bu zərərli fikirləri həm də Türkiyənin indiki iqtidarının siyasətindən qidalanır:”Sırrı Surəyya əslində bütün türk millətini təhqir etməkdədir. Təbii, buna görə cavab verməli olacaq. Bu, AKP iqtidarının “kürd açılımı siyasətinin yaratdığı fəsadlardır”.
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=7259