Şeyxin çadır mərasimi biznesi
Allahşükür Paşazadə bu biznesə necə hakim olur?
Qafqaz
Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə yas çadırlarının
yığışdırılması təklifi ilə çıxış edib. Mövqeyini də onunla
əsaslandırmağa çalışıb ki, burada insanların səs-küyü, danışıqları dini
ayinlərin icrasına maneə olur. Qeyd edək ki, Azərbaycanda yas
mərasimləri kənd yerlərində əsasən yas yiyəsinin evində təşkil olunur.
Amma şəhər məkanında bu mümkün olmadığından, yas mərasimləri üçün həm
çadırlardan həm də məsasim evlərindən istifadə edilir. Bu biznes
sahələri isə ayrı-ayrı şəxslərə məxsusdur. Deyilənə görə, mərasim
evlərinə nəzarəti əsasən Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Yas
çadırlarının təşkili ilə isə bəzi kiçik sahibkarlar məşğuldur. Əhalinin
əsas hissəsi aşağı həddə yaşadığından mərasim evləri onların cibləri
xaricindədir. Çünki burada mövcud olan qiymətlər az qala toy
mərasimlərində hökm sürən qiymətlərə bərabər olur. Ona görə də, əksər
sakinlər yaxınlarının yas mərasimlərini vermək üçün məhz çadırlara
müraciət edirlər. Xidmət məsələsinə gəldikdə isə, burada hər hansı bir
fərq müşahidə olunmur.
A. Paşazadə mövqeyini onunla əsaslandırmağa
çalışıb ki, burada insanların səs-küyü, danışıqları dini ayinlərin
icrasına maneə olur. Bu məqamın özü də onu göstərir ki, Paşazadənin
dediklərində həqiqət yoxdur. Təəssüflə qeyd etməliyik ki, şeyxin
iqamətgahı yanında fəaliyyət göstərən mərasim zallarında danışıqlar,
Quran ayələrinə fikir verməmək, axundun sözünü kəsmək kimi hallar daha
tez-tez təkrarlanır, nəinki yas çadırlarında. Bu mənada Şeyxin yas
çadırları ilə bağlı səsləndirdiyi fikir açıq görünür ki, heç də xoş
niyyətdən qaynaqlanmır. Bu düşüncə tərzi əslində həmin biznesin
bütünlüklə özünə yaxın dairələrin əlində cəmlənməsinə hesablanmış addım
təəssüratı oyadır. Dəfələrlə mətbuatda vurğulanıb ki, yas mərasimi
zalları haqqında söhbət açdığımız adama yaxın insanlar tərəfindən idarə
olunur. Əhali isə ucuz başa gəldiyindən yas mərasimlərini yola vermək
üçün əsasən çadırlara üz tutur. Bu isə görünür, biznes maraqlarından
çıxış edən idarə rəhbərinin mənafeyinə uyğun gəlməyib. Ona görə də,
əsassız bəhanələrlə yas şadırlarının yığışdırılması məsələsini gündəmə
gətirir.
Əslində isə, şeyx ilk öncə fikrini mərasimləri aparan
tabeliyindəki mollaların özlərini necə aparmaları və Quranı neçə təbliğ
etmələrinə yönəltməlidir. Onlar prosesi idarə edə bilmədiklərinin və bir
çox hallarda acgözlüklərinin nəticəsidir ki, yas mərasimləri bəzən
insanların yersiz danışıq meydanına çevrilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=7276