Azərbaycanda siyasi təqiblər Moskvanın sifarişidir
Ermənistan KQB-nin sabiq sədri: “Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın yüksək hakimiyyət
eşalonlarında çoxlu rıçaqları var”
Ermənistan KQB-nin sabiq sədri: “Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın yüksək hakimiyyət
eşalonlarında çoxlu rıçaqları var”
“Bir sıra azərbaycanlı siyasi xadimlərin, ekspertlərin və
jurnalistlərin Azərbaycandakı siyasi təqiblərin Moskvanın təşəbbüsü ilə
həyata keçirildiyinə dair bəyanatları doğrudur”. Bu barədə Ermənistan KQB-nin keçmiş sədri David Şahnazaryan bildirib. “Aravot” qəzetinə müsahibəsində Şahnazaryan deyib ki, bunun üçün
Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın yüksək hakimiyyət
eşalonlarında çoxlu rıçaqları var. “Onlar təsəvvür olunandan daha çoxdur” – deyə erməni siyasətçi bildirib.
D.Şahnazaryan Rusiyanın Ermənistanda da analoji rıçaqlara malik
olduğunu deyib. O, Rusiyanın Ermənistandakı səfirinin anti-Moskva
fəaliyyəti aparan QHT-lərin barəsində ölçü götürüləcəyinə dair bu
günlərdə verdiyi qalmaqallı açıqlamanı xatırladıb.
Şahnazaryanın fikrincə, Azərbaycan və Ermənistan ictimai
xadimlərinin, ekspertlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla
həllinə kömək etmək üçün qurduğu təmaslar Rusiyanın maraqlarına cavab
vermir.
D.Şahnazaryan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Sülh və
Demokratiya İnstitutunun rəhbəri, “erməni işi”ində adı keçən və
istintaqa cəlb edilən Leyla Yunus haqda açıqlamasına da münasibət
bildirib. Mütəllibov virtualaz.org saytına açıqlamasında demişdi ki,
vaxtilə Leyla Yunus və digərləri onu “dinc erməniləri qırmaqda” ittiham
edirdilər və Qarabağda erməni yaraqlılarına qarşı aparılan əməliyyatları
dayandırmaq üçün kampaniya aparırdılar.
“Mütəllibova gəldiksə isə o, sifariş yerinə yetirir. Əmin olun
ki, Mütəllibov bu sətirləri oxuyacaq və düzgün nəticələr çıxaracaq. Mən
ona dərindən nəfəs almağı və sakitləşməyi məsləhət görürəm. Əks halda
mən onun yaddaşını bir sıra maraqlı epizodlarla zənginləşdirməli olacam”
– deyə D.Şahnazaryan bildirib.
D.Şahnazaryan onu da deyib ki, Rusiya Azərbaycanla anlaşıb və bu
anlaşmaya görə Bakı Qərblə sıx əməkdaşlıqdan imtina etməli, əvəzində
Moskva Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın nəzarətinə
verməli, öz qoşunlarını Azərbaycan ərazisində yerləşdirməlidir.
“Kremlin bu planı Putinin neoimperialist siyasətinin tərkibinə
daxildir. Bu siyasət Qarabağ münaqişəsi ətrafında yeni situasiya yaradıb
və bütün münaqişə tərəfləri üçün təhlükəlidir” – deyə o bildirib.
D.Şahnazaryan amerikalı həmsədr Ceyms Uorlikin Vaşinqtonda təqdim
etdiyi sülh prinsiplərinin Ermənistan üçün son şans olduğunu deyib. Onun
sözlərinə görə, Ermənistan bu planı qəbul etməsə Rusiyanın planı işə
düşəcək.
Şahnazaryan Uorlikin açıqladığı elementlərin 1997-ci ildə tərəflərə
təqdim edilmiş “mərhələli həll” planı ilə eyni yanaşmalara və məntiqə
əsaslandığını bildirib.
D.Şahnazaryan Ermənistanda Uorlikin bəyanatına qarşı çıxanlara və
münaqişə ətrafında status kvonu saxlamaq tərəfdarlarına cavab olaraq
deyib ki, status-kvo təkcə təmas xətti ilə məhdudlaşmır. Bu, çoxsaylı
komponentlərdən ibarət situasiyadır və həmin komponentlərin çoxu
dəyişib.
Şahnazaryanın sözlərinə görə, birincisi, hərbi balans çoxdan
Azərbaycanın xeyrinə dəyişib, özü də əsasən Rusiyanın səyləri sayəsində.
İkincisi iqtisadi amildir. Ermənistan KQB-nin keçmiş sədri deyib ki,
Azərbaycanla Ermənistanın iqtisadi vəziyyətini 15 il əvvəllə heç cür
müqayisə etmək olmaz.
“İqtisadi vəziyyət Azərbaycanın xeyrinə durmadan dəyişir. Üçüncüsü,
regionda geosiyasi balans bizim xeyrimizə deyil, xüsusən də Ermənistan
Gömrük İttifaqına üzv olmağa razılıq verəndən sonra” – Şahnazaryan
bildirib.
O, əlavə edib ki, Azərbaycan kifayət qədər müstəqil və çoxyönlü
siyasət aparır. Energi təhlükəsizliyinə gəldikdə isə Ermənistan bu
sahədə Rusiyadan tam asılıdır, Azərbaycan isə öz enerji müstəqilliyini
tam təmin edib.
“Ermənistanın beynəlxalq arenada nüfuzu da ciddi şəkildə aşağı düşüb.
Xüsusən ötən il sentyabrın 3-dən sonra. Azərbaycan isə öz nüfuzunu
qaldırmağa böyük vəsaitlər xərcləyir və artıq ciddi nəticələr əldə edib.
Ona görə də statius-kvo daim dəyişir, özü də bizim xeyrimizə yox. Yəni
“status-kvonu saxlamaq” iddiaları ancaq Moskvaya Ermənistandakı
kriminal-oliqarxik rejimə sərf edir” – deyə Şahnazaryan bildirib.
Keçmiş KQB sədri deyib ki, 1998-ci ildə Robert Köçəryan “status-kvonu
saxlamaq” adı altında dövlət çevrilişi yolu ilə hakimiyyəti qəsb etdi
və oliqarxiyanı və hakimiyyəti birləşdirmək, xalqı soymaq və
milyardlarla dollarlıq sərvətin sahibi olmaq üçün ATƏT-in Minsk Qrupunun
mərhələli həll planını rədd etdi.
D.Şahnazaryan deyib ki, Ermənisatnda “bir qarış da torpaq
qaytarmamaq” tərəfdarlarının əksəriyyəti Moskvanın indiki siyasətini,
kriminal oliqarxiyanın və özünün maraqlarını Ermənistanın və Dağlıq
Qarabağın maraqlarından üstün tutanlardır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7341