Hakimiyyətin ABŞ-a hücumunun pərdəarxası
21.05.2014 - 10:14
Hakimiyyətin ABŞ-a hücumunun pərdəarxası
Yaxud iqtidar Qarabağ və müstəqillik məsələsində bizə dəstək olanlara niyə aqressivdir?
ABŞ səfiri Riçard Morninqstarın “Hakimiyyət monolit deyil” ifadəsi ilə yadda qalan məlum müsahibəsi geniş ictimai müzakirəyə səbəb oldu. Baş verənlərə müxtəlif yanaşmalar sərgiləndi. Azərbaycan hakimiyyəti isə gözlənildiyi kimi bütün arsenalı ilə ABŞ-ın üzərinə hücuma keçdi.
Görünür elə səfir də “hakimiyyətdəki rusiyapərəstlərin siyahısını bilmirəm” deməklə nəyisə aydınlaşdırmaq istəyib. Müzakirələr onu məqsədinə çatdırdı desək yanılmarıq. ABŞ -a qarşı bu formada hücumun təşkil olunması, həm də bir çox məqamları yenidən aşkara çıxardı.
Hakimiyyət müstəqilliyin əleyhdarı rolunda
Biz, ABŞ səfirinin müsahibəsini və hakimiyyətin bu müsahibədə səsləndirilən fikirlərə aqressiyasını şərh edərkən, əsas məqamdan yayınırıq. Çünki, Riçard Morninqstar yalnız hakimiyyətin monolit olmadığını iddia etməyib. Həm də Azərbaycanın müstəqilliyi məsələsinə toxunub. “ABŞ nöqteyi-nəzərindən onu da deməliyik ki, Azərbaycan post-sovet ölkələrinin bir çoxundan fərqli, müstəqilliyini və suverenliyini gücləndirmək kursu götürüb. Bizim əməkdaşlıq etdiyimiz bir çox sahələr var ki, hər iki ölkənin marağındadır, amma bu məsələlər də qalmaqda davam edir və biz bunların həllinə ümidliyik. Rusiya qarşısında Azərbaycanın müstəqilliyi və suverenliyi üçün kim səsini ucaldar o zaman? ABŞ və Avropadan başqa kim? Məncə, hökumətdə bir çox adam, o cümlədən prezident anlayır ki, Birləşmiş Ştatlarla münasibətlər çox vacibdir”- deyə ABŞ səfiri bildirir.
Göründüyü kimi ABŞ səfiri hakimiyyətin diqqətinə çatdırır ki, Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin yeganə qarantı ABŞ-dır. Eyni zamanda o mesajı da verir ki, ölkənin müstəqilliyinin təminatı üçün demokratik islahatlar vacibdir. Indiki halda o qənaət yaranır ki, hakimiyyət üçün şəxsi maraqlar ölkənin müstəqilliyindən daha önəmlidir. Deməli, rejimin atalar sözünə çevrilmiş, “Müstəqilliyimz əbədi və dönməzdir” ifadəsi yalnız plakat naminə deyilib.
Indiki məqamda ABŞ-la düşmənçiliyin siyasi xətt kimi seçilməsi, müstəqilliyin əleyhinə fəaliyyət deməkdir. Bir sözlə hakimiyyətin mövcud siyasi kursu, öyündüyümüz müstəqilliyi təhdid edir.
Qarabağsızlığa könüllü razılıq
Hakimiyyət bütün dövrlərdə “Bizim Qarabağ kimi dərdimiz var” yanaşmasını sərgiləyərək, özünə “sığınacaq” tapmağa çalışıb. ABŞ-a qarşı hücum seriyasında bu “sığınacaq” da itirildi. Çünki, məlum müsahibədə ABŞ səfiri Qarabağla bağlı açıq fikir ifadə edir. “ABŞ olmasa, kim Dağlıq Qarabağ danışıqlarının ədalətli davam etməsi, pis məcraya yönəlməməsi üçün bufer rolunu oynayar? Xüsusilə də Ukraynadan sonra. Biz, Dağlıq Qarabağ münaqişəsinin çözümünü daha vacib hesab edirik. Hər zaman vacib idi. Amma Ukrayna böhranından sonra daha vacibdir. Azərbaycana Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdə qeyri-sabitlliyin qalması lazım deyil. Indi bu problemin çözülməsi çox vacibdir və biz bu məsələni qabartmağa çalışırıq”- deyə səfir bildirir.
Azərbaycanda orta məktəb tələbəsi də bilir ki, Qarabağın işğalı birbaşa Rusiya faktoru ilə bağlıdır və bu problemin həllinə əngəl törədən qüvvə də Rusiyadır. Çünki, Rusiya Qarabağ amilindən öz strateji maraqları üçün istifadə edir və Azərbaycana qarşı “əbədi silah”a çevirmək niyyətindədir.
Yəni, hər kəs anlayır ki, münaqişənin ədalətli həlli üçün Qərblə əməkdaşlıq yeganə çıxış yoludur.
ABŞ səfiri də bu məqama diqqət çəkir və Qarabağ münaqişəsinin həlli yolunu göstərir. Azərbaycan hakimiyyəti isə öz addımı ilə sübut edir ki, onun heç zaman Qarabağ kimi dərdi olmayıb.
Ölkənin müstəqilliyindən və ərazi bütövlüyündən daha önəmli nə ola bilər? Hakimiyyət kürsüsünü Qarabağdan və müstəqillikdən üstün tutmaq, xəyanət deyilmi?
Başqa məntiqli açıqlama varmı?
Biz aydınlıq gətirməyə çalışdıq ki, ABŞ-la münasibətlərin korlanması müstəqilliyimizə və təhlükəsizliyimizə təhdiddir, Qarabağ münaqişəsinin həllinə əngəldir. Bütün bunların olmaması üçün isə demokratik idarəetmə və insan haqqlarına hörmət tələb olunur. Azərbaycan hakimiyyəti isə hesab edir ki, dünyaya neft, qaz, pul verirsə, demokratiyanı verməyə də bilər. Bu yarımçıqlığı isə dünya qəbul etmir.
Azərbaycan hakimiyyəti isə bütövlüyün əleyhinədir. Hansı ki, həmin bütövlük həm də ölkənin ərazi bütövlüyü, müstəqilliyi və təhlükəsizliyi deməkdir. Indiki məqamdə dövlətin və millətin maraqları, şəxsi maraqlara uduzur. Hakimiyyətdə qalmaq istəyi, fərqli fikrə qarşı nifrət o qədər güclüdür ki, nə müstəqillik, nə də Qarabağ cazibəli görünə bilmir. Sizcə, ABŞ-la düşmənçiliyin başqa məntiqli açıqlaması varmı?
Short URL: http://www.cumhuriyyet.net/?p=7351