Azərbaycanda artan anti-Qərb ritorikasının mümkün qorxulu sonucu
23.05.2014 - 10:29
Azərbaycanda artan anti-Qərb ritorikasının mümkün qorxulu sonucu
Moskva rəsmi Bakının Qərblə bütün bağlarının qopması üçün ən ağlasığmaz təxribata gedə bilər; indiyədək dünyada ABŞ səfirlərinə qarşı əyləmlərə daha birinin əlavə olunacağı mümkündürmü?
Azərbaycanda anti-Qərb isteriyası əcaib forma almaqdadır. İqtidar mənsubları ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “arzuolunmaz şəxs” elan olunmasını təklif edirlər.
Amerika əleyhinə şüarlar 1979-cu ilin oktyabrını xatırladır.
Həmin dövrdə Tehranda radikal dindarlar ABŞ-ın ölkədəki səfirliyinə hücum edib, onlarla amerikalını girov götürdülər. Bu olay ona gətirib çıxartdı ki, ABŞ və İran arasında diplomatik münasibətlərə birdəfəlik son qoyuldu. İndiyə qədər də bu münasibətləri tənzimləmək mümkün olmayıb.
İranda ABŞ səfirinin əleyhinə verilən bəyanatlar və bunun davamı olaraq, ABŞ səfirliyinə edilən hücum ağır fəsadlar verdi. Birləşmiş Ştatların və Qərbin aparıcı şirkətləri ölkədən getməli oldu.
ABŞ prezidenti Ceyms Karterin tələbi ilə ABŞ banklarında olan iranlılara məxsus hesablardakı 20 milyard dollara həbs qoyuldu. İran neftinin satışına o zamandan qoyulan embarqo bu günə qədər davam edir.
ABŞ səfirlikləri əleyhinə təşkil edilən digər faktlar da mövcuddur. 11 sentyabr 2012-ci ildə “Müsəlmanların məsumluğu” filminə etiraz edən müsəlmanlar bir sıra ölkələrdə aksiyalara başladılar.
Liviyada, Benqazidə ABŞ səfirliyinə edilən silahlı basqın nəticəsində səfir Kristofor Stivens qətlə yetirildi. Onun meyiti belə təhqir edildi.
O cümlədən Liviyadakı amerikalı diplomatlar – Şon Smit, Qlen Doerti, Tayron Vuds ağır yaralandılar.
13 sentyabr 2012-ci ildə Yəməndə ABŞ səfirliyinə edilən hücumda onlarla adam yaralandı.
15 sentyabrda Tunisdəki ABŞ səfirliyini ələ keçirən etirazçılar binaya od vurdular. Nəticədə 4 nəfər öldü və 46 nəfər ağır yaralandı.
Bu hadisələrdən sonra Yaxın Şərqin əksər ölkələrində ABŞ əleyhinə aksiyalar keçirildi.
Livanda ABŞ ticarət mərkəzlərinə edilən hücumlar nəticəsində bir amerikalı qətlə yetirildi.
Sudanda ABŞ səfirliyinə basqın oldu və 3 nəfər qətlə yetirildi.
Əfqanıstanda antiamerika aksiyalarında 2 amerikalı qətlə yetirildi. Aksiyaçılar Obamanın müqəvvasını yandırdılar.
Hindistanda olan aksiyalar zamanı onlarla insan yaralandı.
Banqladeşdə ABŞ səfirliyinə edilən basqın zamanı da onlarla insan ağır yaralandı.
Eyni gündə İndoneziyada, Malayziyada, Küveytdə aksiyalar və ABŞ vətəndaşlarına basqınlar oldu.
İraqdakı aksiyalarda “Amerikaya ölüm” şüarı səsləndi.
Marokada və Nigeriyada təşkil olunan aksiyalarda ABŞ bayraqları yandırıldı.
Pakistanda daha izdihamlı aksiyalar oldu, nümayişçilər ABŞ konsulluğunun binasını daşa tutdular.
Fələstində etirazçıların “Amerikaya ölüm” şüarı ilə aksiyaları o dərəcədə izdihamlı oldu ki, ABŞ bütün ofislərini bu ərazilərdə bağlamağa məcbur oldu.
* * *
Bu gün Azərbaycanda müşahidə edilənlər də yuxarıda sadalananların bizdə də yaşana biləcəyi ehtimalını yaradır. Əlbəttə ki, ABŞ səfirini, Vaşinqtonun siyasətini tənqid etmək olar və lazımdır. Lakin bunu isterik vəziyyətə çatdırmaq, ABŞ səfirliyini Azərbaycanın “bir nömrəli düşməni” kimi qabartmaq yuxarıdakı tendensiyaların aktuallığından xəbər verir.
ABŞ səfirini arzuolunmaz şəxs elan etmək, səfiri linç məhkəməsi ilə hədələmək, yalnız gerzəkalılığın nümunəsi ola bilər. Kim zəmanət verə bilər ki, Rusiya və yaxud digər ölkələr ABŞ-Azərbaycan münasibətlərini tam korlamaq üçün “səfirliyə hücum” ssenarisini ölkəmizdə təkrarlamayacaq. Bəlkə də, anti-ABŞ isteriyasının kökündə elə bu məqsəd dayanır.
Riçard Morninqstar son müsahibəsində rəsmi Bakını “Avromeydan”la hədələyib. Bir ifadə kifayət edib ki, hakimiyyət ideoloqları R.Morninqstara Liviya səfirinin taleyini xatırlatsınlar.
Əslində baş verənlər “demokratiya dəyənəyi” qarşısındakı acizlik yox, bəzi məmurların açıq Rusiyaya meyllənməsi kursu təsiri bağışlayır.
Demokratiya tələbi isə heç bir halda şəxsi işlərə müdaxilə hesab edilə bilməz. Sadəcə olaraq, Azərbaycanı ruslara satmağa hazır olanlar antiamerika isteriyası qaldırmaqla Azərbaycanı Rusiyaya təqdim etmiş olurlar. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan siyasətində yeni “Əliheydər Qarayev”lər peyda olub. Onlar anlamalıdırlar ki, ruslar gələndə ilk növbədə ölkənin maraqlarını satanları güllələyəcəklər.
Yaranan təəssürat ondan ibarətdir ki, Azərbaycanı yenidən əsir düşərgəsinə çevirmək istəyən rusmeyillilər “beşinci kolon” rolunu oynamaqda davam edirlər. Maraqlıdır ki, anti-ABŞ isteriyasında iştirak edənlərin əksəriyyəti SSRİ DTK-sı ilə bağlı simalar kimi tanınır.
Yaxın Şərqdəki ABŞ səfirliklərinə hücum ssenarisinin Azərbaycanda da yaşanması nələrə gətirib çıxarda bilər? Bu barədə düşünən varmı?
Xatırladaq ki, bu, son 9 ildə Azərbaycanda fəaliyyət göstərən ABŞ səfiri ilə bağlı ikinci qalmaqaldır. 2005-ci ilin parlament seçkilərindən sonra o vaxtkı Amerika səfiri Rino Harnış dövlət çevrilişi cəhdində iştirakda suçlanırdı. Hətta bəzi iddialara görə sabiq səfirə Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi də açıblarmış. 2005-də R.Harnış diplomatik fəaliyyətini yarımçıq saxlayaraq Vaşinqtona getməli oldu. Hazırkı gedişat deməyə əsas verir ki, indiki səfir Morninqstarı da sələfinin diplomatik aqibəti gözləyə bilər…
(musava.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=7391