Əliyevin “bağışlamaq” siyasəti
24.05.2014 - 10:50
Əliyevin “bağışlamaq” siyasəti
Əfv Komissiyasının müəmmalı fəaliyyətinə bir nəzər
Azərbaycanda 28 May – Respublika günü ərəfəsində böyük əfvin olacağı gözlənilir. Hətta, bununla əlaqədar Əfv Komissiyasının bir neçə dəfə toplandığı, müzakirələr apardığı bildirilir. Adətən son variant hazırlanır və prezidentə təqdim olunur. Hələ ki, bu əfvin neçə adama şamil olunacağı, kimlərin bu əfvə düşəcəyi haqqında məlumatımız yoxdur. Ancaq, Azərbaycandakı əfv “ənənə”sini nəzərə alaraq, hakimiyyətin “humanist”liyini bir neçə aspektdən təhlil etmək istəyirik.
Niyə məhz əfv fərmanı?
Ali dövlət orqanının qərarı ilə məhkəmə tərəfindən iş kəsilmiş şəxslərin cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tamamilə azad edilməsi xüsusunda verilən fərman, amnistiya haqqında aktın şərtidir.
Əfvetmə isə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə rəsmiləşdirilir. Yəni, Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv sərəncamı Prezident tərəfindən, Amnistiya isə Milli Məclisin qərarı ilə müəyyən olunur.
Deməli, bir qayda olaraq əfv fərmanına “stavka” olunması, prezidentin humanistliyini nümayiş etdirmək, birinci şəxsin bütün sahələrdə iradəsinin önəmini göstərməkdir. Ona görə də tez-tez siyasi məhbuslara da, əfv yazdırmaq cəhdləri müşahidə olunur. Bu addımla həm də onu göstərmək istəyirlər ki, prezidentin siyasətinin əleyhinə olanlar da, onun əfvinə sığınır. Belə məqamlarda “əfv” həm də qisas rolun oynayır.
Narkomanı siyasətçiyə çevirən əfv
Azərbaycan reallığında insanların hansı meyarlarla həbs olunub, hansı meyarlarla azadlığa buraxılması hamıya məlumdur. Insanlar uzun illərin təcrübəsini nəzər alaraq əmin olublar ki, bu ölkədə PULUN açmadığı qapı yoxdur.
Ancaq, əfv fərmanları zamanı, hakimiyyət özünü tam ifşa etmiş olur. Yəni, gecə-gündüz cəmiyyətə sıramaq istədikləri yalan, bir günün içində üzə çıxır. Xüsusilə siyasi sifarişlə həbs olunanların aqibəti, bu baxımdan “şedevr”di.
Belə ki, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin “siyasi məhbus”, “vicdan məhbusu” kimi tanıdığı adamlar, bir qayda olaraq, qanunsuz silah saxlamaqda, narkotik asılılığında, xuliqanlıqda ittiham edilir. Sifarişlə qərar qəbul edən məhkəmələr, yalançı şahidlər isə bu ittihamları təsdiq edirlər. Onsuz da, məhkəmə prosesində bu adamların günahsız olduğu, siyasi sifariş əsasında həbs edildiyi tam sübuta yetirilir. Ancaq, bu sübutların heç bir faydası olmur və hüquq yazıq duruma düşür.
Bir müddət sonra isə, bu adamlar prezidentə əfv ərizəsi yazırlar, hakimiyyətə sədaqətlərini ifadə edirlər, müxalifətə qarşı hədayanlar yağdırırlar və azad olurlar. Yəni, bu adamların siyasi məhbus olduğu, birbaşa prezident tərəfindən təsdiqlənir.
Bir sözlə, dünənə qədər narkoman olan, dövlətçiliyimizə zərbə vuran adam, sevimli vətəndaşa çevrilir. Bu adamlar doğurdan da, narkomandırsa, xuliqandırsa, vətən xainidirsə, onların tərifinə niyə ehtiyac duyulur? Təsəvvür edin, narkoman əfv olunmaq üçün müxalifəti söyür, siyasi fəaliyyətindən peşmançılıq duyur və hakimiyyəti mədh edir.
Təmənnalı humanizm
Hər il əfv fərmanı veriləndə, insanlar siyahının tərkibinə diqqətlə baxır və ictimaiyyətin tanıdığı adamlar bu tərkibdə görünmür. Yəni, uzun illər dünyanın və yerli ictimaiyyətin azadlığını tələb etdiyi şəxslər bu siyahıya yol tapa bilmir. Məlum olur ki, onlar ya ümumiyyətlə bağışlanmazlar siyahısındadır, ya da prezidentə məktub yazmayıblar. Tanınmış şəxslərin bu siyahıya düşmədiyi üçün, tanınmamışların hansı kriteriyalar üzrə əfv olunduğu da şübhəli olur.
Bir sözlə yaşadığımız məmləkətdə əfv fərmanı da təmənnalı olur və bazara çevrilir. Allah bütün dustaqların qapısın açsın. Əfvin monapoliyada olduğu ölkədə, azadlıqın qiyməti baha olur.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=7416