Beynəlxalq Bank taksi sürücülərini işsiz qoyur
“Bizim işlədiyimiz firmanın Beynəlxalq Banka borcu
var. Bank da borcun əvəzində maşınlarımızı əlimizdən alır”. Bu sözləri
“Azadlıq”a taksi sürücüsü Elxan Kazımov deyib. Onun sözlərinə görə,
illərdir ki, Inter+ MMC-də işləyir: “Bu taksi firmasıdır. Mən də uzun
müddətdir burada işləyirəm.
Bu firmanın gətirdiyi taksilərdən birinin
sürücüsüyəm. Müqaviləm var. Hər gün plan vermişəm. Müqaviləyə görə
müəyyən müddətdən sonra avtomobil mənim olacaq. Amma indi Beynəlxalq
Bank gəlib firmanın taksilərini alır”. Elxan Kazımov deyir ki, MMC-nin
Beynəlxalq Banka 6 milyon manat borcu var: “Biz bilmirik bu borc necə
yaranıb. Bircə onu bilirik ki, firmanın rəhbərliyi işini düzgün
aparmayıb. Əvvəl qarajda 200-ə yaxın maşın var idi. Amma indi 40-ı
qalıb. Digər maşınlar hamısı yararsız vəziyyətdə qarajdadır. Belə çıxır
ki, bankdan götürülən pulu təyinatı üzrə xərcləməyiblər. Yeyib
dağıdıblar. Bank da borcunu almaq üçün qarajın maşınlarını müsadirə
edir. Mən bankın nümayəndəsi Ceyhun müəllimə dedim ki, bəs bizim işimiz
nə olacaq? Axı biz illərdir bunlara pul veririk, çekimiz var. Dedi ki,
onu firmanın müdirindən soruşun. Firmanın müdiri Nazim müəllimi isə tapa
bilmirik. Yoxa çıxıb, telefonuna da zəng çatmır”.
Elxan Kazımov qəzetimiz vasitəsilə müvafiq
qurumlara müraciət edərək kömək istəyib: “Biz taksi sürücüsüyük.
Ailəmizə çörək pulu qazanırıq. Bizim maşınlarımızı əlimizdən alandan
sonra nə edəcəyik? Kimsə hansısa bankın pulunu yeyibsə, niyə bunun
ziyanı bizə dəyməlidir? Niyə biz kiminsə borcunu ödəməliyik. Mən müvafiq
qurumlardan xahiş edirəm ki, bu məsələyə diqqət ayırsınlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7438