“Bos-şelf”-in Bakıda şok neft maxinasıyası

25.05.2014 - 21:59

Xarici neft şirkətinin gizli anbarında 1 milyon manatlıq oğurluq mal aşkarlanıb… və fırıldağın üstünü açan işçi işdən qovulub

Xarici neft şirkətinin gizli anbarında 1 milyon manatlıq oğurluq mal aşkarlanıb… və fırıldağın üstünü açan işçi işdən qovulub
 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun keçmiş işçisi Arif Cavadov ilginc neft maxinasitası haqda məlumat verib. 1988-ci ildən adıçəkilən zavodda işlədiyini deyən
Qaradağ rayonu, Sahil qəsəbəsi sakininin sözlərinə görə, 25 il qüsursuz
və vicdanla çalışıb. Bu illər ərzində nə maşın, nə də ev qazana bilib.
Laboratoriyada mühəndis vəzifəsindən elektrik təchizatı sexinin rəis
müavininə qədər işləyib. 
2012-ci ildə Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev zavoda gəlib və işçilərlə görüşdə zavodun
10 illik BOS-şelf firmasına icarəyə verildiyi xəbərini çatdırıb. Zavodun
2000-dən çox işçisinə üzünü tutan Rövnəq müəllim istifadəçinin
dəyişməsi ilə kadr sistemində xüsusi bir dəyişikliyin olmayacağını,
işçilərin hamısının işində qalacağını bildirib. Elə də olub.Hamı kimi
Cavadov da firmaya köçürülüb. 
A.Cavadov: “Əslində, biz –
dövlət müəssisəsində işləyənlər firmalardan ehtiyatlanırıq. Onlara
etibar etmək çətindir. Uzun illər zavodda işləmişik, heç bir problemimiz
yox idi. 2013-cü ilin əvvəlindən bizimlə əmək müqaviləsi bağlandı.
Əvvəl 3 aylıq, sonra illik. Ötən il seçki ili olduğu üçün Prezident də
televiziya ilə çıxışlarında korrupsiya ilə mübarizənin vacibliyini
vurğulayıb. Bunu ən az 20 dəfə mən özüm eşitmişəm. Amma müəssisə
BOS-şelf firmasının iliyinəcən korrupsiyalaşmış bir qrupuna təhvil
verildi”.
Eyni mallar dəfələrlə dövriyyəyə buraxılıb
A.Cavadovun
sözlərinə görə, zavodun enerji və mexanika sahəsinə kuratorluğu Seymur
Hacıyev edirdi: “Hacıyev 3-4 ildir BOS-şelf firmasındadır, artıq hər bir
şəraiti təmin olunub. Mən isə 25 il zavodda işlədim, atamdan qalma evdə
yaşayıram. 2013-ci ilin oktyabr ayında Hacıyevin zavod ərazisində gizli
anbarlarda saxladığı mal və materiallar barədə işçilərdən biri zavod
rəhbərliyinə məktubla məlumat verdi. Onun anbarlarda saxladığı elektrik
avadanlıqları bir neçə dəfə dövriyyəyə buraxılırdı. Sənədlərdə yazılırdı
ki, guya mal alınıb istifadəyə verildi, əslində isə mal alınmırdı.
Üzərindən bir qədər də keçir, təzədən bir də o mal dövriyyəyə
buraxılırdı”. 
Zavod rəhbərliyinə göndərilən məlumatda bu
barədə prokurorluq orqanları və SOCAR-a da bildirilməsi xahiş edilib.
A.Cavadov: “Bunun müqabilində zavodun rəhbərliyi daxildə bir komissiya
təşkil elədi, oktyabr-dekabr aylarında gizli anbarlarda saxlanılan,
dəfələrlə dövriyəyə buraxılan 1 milyon manat dəyərində mallar siyahıya
alınıb, götürüldü, zavodun əsas anbarına yığıldı. Bundan sonra
diskriminasiya və repressiayalar start götürdü. S.Hacıyev bu qədər malın
əlindən çıxması ilə əlaqədar müraciət edəni axtarmağa başladı. Mən də
üsyankar xasiyyətimdən çıxış edərək onun kimilərin qarşısında sözümü
deyirəm. Dekabrın 23-də məni işdən çıxartdlar. Adını da qoydular ki,
müqavilə müddətim bitib. Heç bir izahat vermədilər. Ortada sübut
ola-ola, anbarlardakı malları gözləri ilə gördükləri halda onu işdən
çıxartmadılar. Yəni, bu hadisə Hacıyevin işdən azad olması və cinayət
işinin qaldırılması ilə nəticələnmədi, əksinə “toxunulmaz” qaldı. 5 gün
sonra zavodun rəhbəri cənab Axundova bu özbaşınalıq barədə məktub yazıb
soruşdum ki, “Hacıyev milyonlarla manatlıq mal “yediyi” halda işdən
çıxarılmayıb, mən niyə işdən çıxıram? Mənim oğlum əlində silah Tovuzda
səngərdədir, sənin kimiləri qoruyur”. Mənə cavab vermədilər. 2014-cü il
yanvar ayının sonları zavodun mühafizə üzrə meneceri Azər mənimlə
görüşdü, Axundova göndərdiyim məktubda yazdıqlarımı sübuta yetirəcəyimə
şübhə ilə yanaşdığını söylədi”.
Prokurorluq da BOS-şelf-də baş verənlərə biganə qalıb
Bundan
sonra zavodun keçmiş işçisi SOCAR prezidentinə şikayət yazıb, onu
məlumatlandırıb. A.Cavadov: “Dövlət Neft Şirkətinə müraciətimdən sonra
şirkətin audit şöbəsinin əməkdaşı Zalid Tağıyev mənimlə görüşdü və
korrupsiya faktları ilə bağlı məlumatları detallı öyrəndi. Söz verdi ki,
sadaladığım faktlar barədə şirkətə məlumat verəcək. Buna cavab olaraq
şirkətin vitse-prezidenti Mikayıl İsmayılov 12 mart 2014-cü ildə mənə
ünvanladığı məktubda BOS-şelfin ARDNŞ-nin strukturuna daxil olmadığını
yazıb, bu səbəbdən də bildirir ki, ordakı problemlərin SOCAR-a aidiyyatı
yoxdur. Sonda müraciətimin cavablandırılmasının imkanları xaricində
olduğunu, aidiyyatı olan instansiyalara müraciət etməyimi məsləhət
biliblər.  Bundan sonra üç dəfə İnsan Hüquqları üzrə Müvəkkilə
(Ombudsman) müraciətlərim də bir nəticə vermədi. Prezidentə yazdığım
şikayət SOCAR və Əmək Müfəttişliyinə göndərilib. Müfəttişlikdən zəng
edib mənə hüquqi əsas verməyə çalışdılar. Dedim ki, “burada söhbət mənim
işə bərpa olunmağımdan getmir. Mən korrupsionerləri ifşa eləmək
istəyirəm, onların korrupsioner olduqlarını sübut etdikdən sonra işə
qayıtmaq barədə fikirləşərəm”. On dəfə Baş prokuror yanında Korrupsiyaya
qarşı mübarizə idarəsinə məktublar göndərmişəm. Onlar da müraciətlərimi
şikayətçi olduğum firmanın, şirkətin rəhbərliklərinə ünvanlayıblar.
“Sənə səndən şikayətim var”a döndü. Baş prokurorun müavinlərinə də
məktublarımın aqibəti elə olub. Baş ədliyyə müşaviri Anar Məmmədov hər
dəfə mənim cinayət işinin qaldırılması barədə müraciətlərimi cavabını
bildiyim ünvana göndərir. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı
direktoru Vasif Mövsümovla görüşüb ona məktubla müraciət etmişəm, ondan
da kömək olmayıb”.
Sabotajla vəsait mənimsənilir
Sonra
BOS-şelf firmasının insan resursları məsələləri və DİŞ ilə iş üzrə
meneceri Qalib Həsənov Cavadovla görüşüb, “şirkət beynəlxalq
standartların tələbi olaraq layihələrdə iştirakın və şəffaflığın təmin
edilməsi məqsədilə “Ernst & Young”, “Bureau Veritas” kimi beynəlxalq
audit şirkətləri tərəfindən hər il mütəmadi tam daxili auditin
keçirilməsini təmin edir”, deyib: “Mən isə ona dedim ki, təkcə mən yox,
onlarla zavod işçisi 3 ay ərzində gizli anbarlarda saxlanılan malların
siyahıya alınıb müsadirə edildiyinin şahidi olmuşuq. Audit şirkətləri
isə sizin kağızları müqayisə edir, kiminsə mənimsədiyi var-dövləti
yoxlamırlar. Bu, ya həmin firmaların şəriştəsizliyi,  ya da tərəfinizdən
təzyiqə məruz qalması səbəbindəndir. Bəlkə qorxudursuz, bəlkə də “haqq”
verirsiz”. 
Müsahibim S.Hacıyevi sabotaj etməkdə
günahlandırır. Deyir, “kontakt yoxdur” bəhanəsilə 50 tonluq kranın işini
üç gün dayandırıb və həmin müddətdə sifariş yazdıraraq pulunu
mənimsəyib, ondan sonra kranı gizli anbarda saxladığı detallarla işə
salıblar: “Fakt budur ki, 200-dən çox “kontakt” həmin gizli anbarda
vardı. Onu almaq üçün sifariş yazdılar, tələb olunan malın pulu ayrıldı,
mənimsənildi və ondan sonra guya “kontakt alınıb gətirildi”, kran
“təmir olundu”. 3 gün boş yerə işi dayandırdılar. Bu barədə yazdıqlarım
da bir fayda vermədi. Bizim yaşadığımız hüquqi dövlətdir. Bəs niyə hüquq
mühafizə orqanları fəaliyyətsizlik nümayiş etdirir? Niyə 10 müraciətimə
baxıb cinayət işi qaldırmır? Bu münasibət şübhə doğurur”.
Hər gün tonlarla yanacaq “silinir”
A.Cavadovun
sözlərinə görə, zavodda generatorlara, maşın-mexanizmlərə yanacaq vedrə
ilə doldurulur, bu da yanacağa nəzarətin zəif aparılmasının sübutudur:
“Generator yüksüz işləmə vaxtı, tutaq ki, 300 litr yanacaq yandırırsa,
yük altında işləyəndə 500 litr olur. Generator adətən yüksüz işləyir.
Lakin, onlar həmişə 500 litr sərf olunduğunu yazırlar. Beləliklə, gün
ərzində 1 ton yanacaq sərf olunursa, 2-3 ton yazıb, “silirlər”. Halbuki,
faktiki o yanacağın üçdə biri ancaq istifadə olunur. Hər generatordan
bir neçə yüz litr artıq yazanda zavod ərazisində nə qədər generator,
maşın varsa, o qədər də artıq yanacaq qalır. Vedrə ilə benzin, salyarka
töküləndə bu vedrənin neçə litr olduğu bilinmir. Yarımçıq tökə-tökə pul
qazanırlar. Gün ərzində hər maşın 2-3 dəfə benzin dolduranda, hərəsindən
də 3-5 litr kəsəndə yayındırılan yanacağın həcmi artır. Böyük zavoddur,
bəlkə də 80 maşın var. Sürücü yetimlər də dinmirlər. Bizim xalqımız
“səbr elə” xalqıdır axı. O boyda zavodun benzindoldurma stansiyası
yoxdur. Halbuki, gündə tonlarla yanacaq sərf olunur, hesabatı isə
aparılmır. Hamısında da Seymur müəllimin əli var. Mənim burada
anlamadığım nəsə yoxdur, sadəcə bu hadisələri həzm edə bilmirəm”.
Yoldaşlıq etdiyinə görə “repressiyalılar siyahısı”na düşdü
Soruşuram,
işdən çıxarılmağınızla bağlı hansı ehtimallarınız var? A.Cavadov belə
cavab verir: “Seymur Hacıyevin bu hərəkətləri barədə mən də danışmışam.
Bu hərəkətlərimə görə də məni sevmədilər, arzuolunmaz adama çevrildim.
Hazırda 85 yaşlı anamın pensiyası ilə dolanıram. Halbuki, mən
mütəxəssisəm. Bu yaşdan sonra gedib haradasa fəhlə işləyə bilmərəm. Mən
bunun üçün oxumamışam. Əməyimə, savadıma görə məni irəli çəkiblər. Ancaq
indi ixtisası rus dili və ədəbiyyatı müəllimi olan Hacıyev gəlib enerji
sahəsinə kuratorluq edir. And içərəm ki, o Seymur müəllim bir rozetka
və ya açarları qoşmağı bilmir. Zavodda əməkdaşlar üçün 3 aylıq sınaq
müddəti bitəndən sonra imtahanlar keçirildi, 110 sualı cavabı ilə
birlikdə mən təkbaşıma hazırladım. Fəhlələrin 95-97 faizi imtahanları
uğurla verdi. Amma gətirək o suallaı qoyaq ortaya, onun 1-nə Seymur
müəllim cavab versin, 109-na mən. Məni ilk növbədə Hacıyevin
maxinasiyası maraqlandırır. Hadisələr açılanda mənim adımı verib işdən
çıxartdırmış, özü isə Truskavesə qaçmışdı. Mənimlə birgə Ramiz Kərimov
da işdən çıxarıldı. O, McDermott şirkətində “qızıl kaska” daşıyan
energetika mütəxəssisi idi. Dərin biliyə malik bir insandır. 2-3 il idi
BOS-şelf-də işləyirdi. Mənimlə yoldaşlıq etdiyinə görə “repressiyalılar
siyahısı”na düşdü”.
“Qəbrimi qazmışam…”
A.Cavadov
zavodda hər kəsin müqavilə müddəti bitdiyini, amma sadəcə iki nəfərlə
müqavilə bağlamaqdan imtina edildiyini deyir: “Ola bilsin ki, 1-2 nəfər
də imtahanı verə bilməyən şəxslər olub. Amma biz faktiki imtahan vermiş,
heç bir qüsuru olmayan, səbəb göstərilmədən işdən çıxarılmışıq. Mənə
əvvəlcə nağıl danışırdılar. Sonra zavodun hüquqşünası açıq dedi ki,
menecerin səninlə işləmək istəmir. Səbəbini soruşdum. Hansısa verilən
bir tapşırığı yerinə yetirməmişəmmi? Bəlkə işimin öhdəsindən gələ
bilməmişəm? Mən ilk növbədə korrupsioner qrupun zavoddan getməsini
istəyirəm. Bu dövlətin Konstitusiyası, Cinayət Məcəlləsi var,
korrupsiyaya qarşı mübarizə aparırıqsa, Parlament BMT-nin Korrupsiya ilə
Mübarizə Konvensiyasını ratifikasiya edibsə, bu mübarizə aparılmalıdır.
Mən də bunu vətəndaş kimi tələb edirəm. Ortada ərizə ilə şikayət və bir
korrupsioner qruplaşma var. Hətta Seymurun əməlləri barədə İ.Axundova
zəng edib, bildirilib. Amma o, Seymurun himayədarıdır. Əvvəl elə bildim
İxtiyar müəllimin bunlardan xəbəri yoxdur, amma indi görürəm ki, ona
“krışalıq” edir. Hacıyevin bu mənfəətdən əldə etdiyi gəliri bölüşdüyü
İ.Axundov və Q.Həsənov onu qoruyurlar. Əlində 1 milyon manatlıq mal
tutub işdən çıxartmırlarsa bu, nə deməkdir? Deməli “boğazdırlar”, bir
yerdə “yeyiblər”. Bizdə oğrunu görəni cəzalandırırlar, özünü yox.
Konfutsu deyib ki, “əgər sən intiqam yolunu tutmusansa, iki qəbir qaz”.
Mən özümünkünü qazmışam, söz vermişəm ki, ya oləcəm, ya da S.Hacıyevin
korrupsioner olduğunu sübut edib ona qarşı cinayət işi qaldırdacam”. 
Yazıda
barəsində söhbət gedən S.Hacıyevlə telefonla danışdım. Zavodda gizli
sexin olması barədə A.Cavadovun şikayət etdiyini dedim. Cavabı belə
oldu: “Xanım, mən bu suallara cavab verməyə kompetent deyiləm, müraciət
edin kadrlar şöbəsinə, onlar sizə cavab verərlər. Bizdə o məsələlərə
baxan müvafiq adamlar var”.
Dedim ki, “görüşə bilərikmi, mən
zavoda gələrəm”. “Gəlin”,- dedi. Soruşdum, müsahibə verəcəksiz? Dedi
“xeyr”. Dedim “onda niyə məni zavoda dəvət edirsiz?”. Sağollaşmaqdan
başqa çarəsi qalmadı. Bir də xahiş elədi ki, telefonuna zəng etməyim.(bizimyol.info)   

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031