“Sovetski” ilə bağlı yeni iddia
26.05.2014 - 10:20
“Sovetski” ilə bağlı yeni iddia
Hökumət vətəndaşlardan hər kvadratı 1500 manata aldığı ərazini özəl şirkətlərə 4000 manata satıb?
“Sovetski”də hələlik heç bir yenilik yoxdur. Daha dəqiq desək, mənzillərinin sahəsi kiçik olan vətəndaşlara verilən kompensasiyanın artırılması məsələsində razılıq əldə olunmayıb. Vətəndaşlar hələ də veriləcək vəsaitin artırılacağına ümidlərini itirməyiblər.
“Yalan deyirlər ki, guya, kim istəməsə, evindən çıxmaya bilər”
“Azadlıq”a danışan Fuad Dərgahov son bir ayda susqunluq olduğunu deyir: “Buradan 400-500 ailə köçməyə razı ola bilər. O adamlar ki, evlərinin sahəsi 100-150 kvadrat metrdir. Qalanlarını bu məbləğ qane etmir. Götürək elə məni, mənzilimin sahəsi 16 kvadrat metrdir. Evimin bütün sənədləri qaydasındadır. Evimin sahəsi az olsa da, bilirəm ki, yaşamağa yerim var. 16 kvadrata hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? 24 min manatla kimin qapısını döymək olar?”
Fuad Dərgahov evinin yaxınlığında tikilən binadan mənzillərin qiymətini soruşub. Məlum olub ki, həmin ünvanda təmirli evlərin kvadratı 3500 manatdan başlayır: “Problem həll olunandan sonra camaatın evini sökməlidilər. Əvvəlcə bizə dedilər ki, kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta bir ara söylədilər ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Gah da belə məlumat yaydılar ki, kiçik evlərə kvadratı 2500-3000 manatdan kompensasiya ödəniləcək. Insanları çaşdırdılar”.
“Sovetski”də başqa bir problem isə vətəndaşlara zorla müqavilə kağızlarına imza atdırılmasıdır. Sakinlərin sözlərinə görə, mətbuat bu məsələyə həssas yanaşdığına görə hazırda işlər səngiyib.
“Əvvəllər qapı-qapı düşüb sakinləri öncədən hazırlanmış müqavilələrə imza atdırırdılar. Guya, hər kəs hökumətin təyin etdiyi kompensasiyadan razıdır, evlərinin sökülməsinə etiraz etmir. Ancaq hamı bilir ki, 1500 manatla heç yerdə ev almaq olmaz. Yalan deyirlər ki, guya, kim istəmirsə, evindən çıxmaya bilər. Camaatın evini köçürəndən, ərazini hasara alandan, işıq, qaz, su xətlərini kəsəndən sonra kim burada qalacaq? Hamı məcbur olub gedəcək. Düzdür, heç kimin evini başına uçurmayacaqlar, ancaq gözə görünməyən təsir vasitələrilə bizə təzyiq edəcəklər”, – deyə sakinlər bildirirlər.
“Ərazini 4 min manatdan satıb, bizə isə 1500 manat verirlər”
Vətəndaşlar iddia edirlər ki, ərazidə yaşayan, “yuxarı”larla əlaqəsi olan sakinlər bazar qiymətlərinə uyğun kompensasiya almağa nail olub: “Elə insanlar var ki, onlar heç bir narazılıq etmədən köçüblər. Əksəriyyətinin də mənzilinin sahəsi böyük deyil. Əvvəlcə buna təəccübləndik, ancaq sonradan öyrəndik ki, onlara yaxşı pul verilib. Biz dəqiq yerini bilmirik, ancaq “Sovetski”nin bir hissəsini şirkətlər alıb, həmin ünvanda binalar tikəcəklər. Hətta deyilənə görə, hökumətə kvadratı 4 min manatdan pul ödəyiblər. Ancaq söküntü işlərini həyata keçirənlər camaata aldıqları pulun yarısından da aşağı kompensasiya təklif edirlər. Gələn il keçiriləcək Olimpiya oyunlarına görə buranı tam sökmək istəyirlər. Məqsədləri budur ki, xarici qonaqlara Bakının gözəl olduğunu göstərsinlər. Bəs camaatı niyə incidirlər? Bizə də normal pul versinlər, özümüzə ev alaq”.
Yasamal Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Səməd Islamov isə ərazinin kimlərəsə satılması barədə deyilənləri təkzib edib.
“Bakının “Sovetski” məhəlləsində söküntü sahəsinə düşən yaşayış və qeyri-yaşayış sahələri dövlət tərəfindən alınırsa, həmin ərazilərin tikinti üçün özəl şirkətlərə satılmasından söhbət gedə bilməz”, – deyə Səməd Islamov APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ərazidə söküntü işləri gündəmə gəlməmişdən bir müddət əvvəl Bakı şəhər Icra Hakimiyyəti bəzi tikinti şirkətlərinə həmin ərazidəki müəyyən sahələrdə tikinti işləri aparmaq üçün sərəncamlar verib: “Məsələn, Bakı Şəhər Icra Hakimiyyətinin sərəncamı əsasında Abdulla Şaiq küçəsində bir tikinti şirkəti tərəfindən ərazi alınıb. Həmin ərazi söküntü sahəsinə düşdüyü üçün hazırda Komissiya ilə tikinti şirkəti arasında o ərazinin geri alınması ilə bağlı danışıqlar aparılır. Ancaq “Sovetski” məhəlləsində elə ərazilər də var ki, söküntü sahəsinə düşmür. Bunlardan biri də Balababa Məcidov küçəsidir. Hələ söküntüdən bir müddət əvvəl Bakı Şəhər Icra Hakimiyyəti bir tikinti şirkətinə orada tikinti işləri aparmaq üçün sərəncam verib. Hazırda Balabala Məcidov küçəsi söküntü sahəsinə düşmədiyi üçün Komissiya ilə o şirkət arasında həmin ərazinin geri alınması barədə danışıqlar aparılmır”.
“Tavan başımıza uçur, döşəmə sınıq-salxaqdır”
“Yeni Müsavat”ın yazdığına görə, sökülməsi planlaşdırılan bəzi evlərin artıq təmirinə başlanılıb. Təmir işləri “Sovetski”nin bir neçə küçəsində yerləşən fərdi yaşayış evlərində aparılır. Abdulla Şaiq, Balababa Məcidov kimi küçələrdə yaşayan sakinlər mənzillərinin təmirinə başlayıblar. Üstəlik, təmir işləri rayon icra hakimiyyətinin nəzarəti altında aparılır.
“Azadlıq”a danışan sakin deyir ki, onların mənzilinin bir hissəsi uçub: “Köhnənin evidir. Babamdan bizə qalıb, 50 ildir mən burada yaşayıram. 70-80 ilin evidir. Indi uçulub. Biz də icra hakimiyyətinə müraciət etdik ki, əgər bizə normal pul vermirlərsə, onda mənzilimizi təmir edib yaşayaq. Icra hakimiyyətindən bildiridlər ki, sizin növbəyə hələ var, dəqiqləşdirilməyib. Tavan başımıza uçur, döşəmə sınıq-salxaqdır, məcbur olub təmir etdirdik. Bizi köçürsələr, kompensasiyadan başqa gərək təmirin də pulunu ödəsinlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7469