Əli Bayramov ölkədən qaçdı
Azərbaycanın ən iri korrupsionerlərindən
birinin tələsik işdən çıxaraq ölkəni tərk etməsi barəsində tezliklə cinayət
işinin qaldırılacağı və həbs olunacağı barədə aldığı xəbərlər olub
Bu
günlərdə öz ərizəsi ilə işdən çıxan “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov
artıq ölkədə yoxdur. Bununla bağlı virtualaz.org saytına daxil olan məlumata
görə, Ə.Bayramov müalicə adı altında xarici ölkələrdən birinə qaçıb. Məlumatda
deyilir ki, Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsi barəsində
tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə aldığı xəbərlər
olub.
Doğrudan
da Əli Bayramovun öz ərizəsi ilə işdən getməsindən cəmi bir neçə gün sonra
Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin
talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş
Prokurorluğa göndərib. Hesablama Palatasından yayılan məlumata görə, bu gün
keçirilən kollegiya iclasında “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz
istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması,
borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi
nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa
göndərmək qərara alınıb. Həmçinin bu strukturda aparılmış yoxlama barədə
məlumatlar Milli Məclisə təqdim olunacaq.
Hesablama
Palatasının “Aqrolizinq” ASC-də konkret hansı talama və korrupsiya faktlarını
üzə çıxardığı barədə məlumat verilmir. Lakin məlumdur ki, vaxtilə prezident
İlham Əliyevin kənd təsərrüfatında böhranı aradan qaldırmaq və qeyri-neft
iqtisadiyyatının ən mühüm sahələrindən biri kimi aqrar sektorun inkişafına nail
olmaq üçün yaratdığı “Aqrolizinq” ASC Əli Bayramovun rəhbərliyi altında
Azərbaycanın ən korrupsiyalaşmış strukturlarından birinə çevrilmişdi. Mətbuatda
bu strukturda hökm sürən korrupsiya, büdcədən fermerlərə dəstək və aqrar
sektorun inkişafı üçün ayrılmış yüz milyonlarla vəsaitin talanması barədə
çoxsaylı məlumatlara, şikayətlərə rast gəlmək olar.
Lakin
“Aqrolizinq” ASC-dəki korrupsiya barədə təkcə mətbuat yazmırdı və bu
strukturdakı korrupsiyadan əziyyət çəkən kəndlilər şikayət etmirdi. Hələ 4 il
əvvəl – 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti
Şöbəsi (prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra
vəziyyətini yoxlayan şöbə) “Aqrolizinq” ASC-nin fəaliyyətini araşdıraraq ciddi
korrupsiya faktları üzə çıxarmışdı.
Dövlət
Nəzarət şöbəsinin həmin hesabatından sitat: “Məhsuldarlığın artırılması üçün
texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu
xərclənib. Amma nəticə nədir? 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə
məhsuldarlıq cəmi 0,1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə
bu sahədə məhsuldarlıq 4,7 faiz azalıb. Alınmış texnikanın yalnız 38,9 faizi
lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi
(1293) bazalarda istifadəsiz qalıb”.
Şöbənin
araşdırması müəyyən edib ki, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə
“Aqroservis” (“Aqrolizinq”in rayonlarda yaratdığı strukturlar -red.)
müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin
rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında
istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər. Nəzarət şöbəsi
yazırdı: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə
bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb.
Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç
günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında
ASC-də tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır”.
Həmin
hesabata əsasən “Aqrolizinq” 2005-2009-cu illərdə Azərbaycana 100,1 milyon
manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Qanuna əsasən ölkəyə
gətirilən mallar gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin dövrdə
ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi
məlumat verir.
Yəni
ASC rəsmi élan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib.
“Aqrolizinq” ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini
bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5
milyon manat olub. Beləliklə, ortada 33,1 milyon manat fərq yaranır.
2005-2009-cu illərdə 254,8 min ton gübrə, 294,3 min litr pestisidin alınması
haqqında müqavilələrə 72,7 milyon manat xərclənib. Amma faktiki olaraq ölkəyə
5,3 min ton az gübrə gətirilib.
2008-ci
ildə alınmış gübrənin böyük hissəsi satılmadığı halda birinci müqavilədən
təxminən iki aydan sonra “gübrəyə təcili tələbat yaraması” əsas gətirilib. Bu
əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18162 ton gübrə
alınmasına haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına
10 milyon manat köçürülüb.
Beləliklə,
dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil,
gübrəsatan xarici şirkət qazanc götürüb. 2008-ci ildə 1000 baş cins inək
alınmasına dair Böyük Britaniyanin “Rista Alliance” şirkəti ilə 3 milyon
manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb.
ASC
2005-2010-cu illərdə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzayaıb.
Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa
texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox,
Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa
ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya
adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61,7 milyon manatlıq
gübrə alınması üçün 7 müqavilə imzalanıb”.
O
vaxt Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi
korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim
olunduğu bildirilsə də bu hesabat əsasında hansı addımların atıldığı məlum
olmamışdı. İndi isə daha bir nəzarət-təftiş orqanı – Hesablama Palatası
“Aqrolizinq”də ciddi korrupsiya faktları aşkar edərək Baş Prokurorluğa
göndərib.
Bu
faktların Baş Prokurorluğa göndərilməsindən cəmi bir neçə gün əvvəl Əli
Bayramov Azərbaycanda məmurlar üçün görünməmiş praktikaya əl atır – səhhətində
yaranmış problemləri əsas gətirərək Türkiyədə müalicə olunmaq zərurətinin
olduğunu bildirir və öz ərizəsi ilə işdən, həm də ölkədən gedir.
Belə
görünür ki, Əli Bayramov 10 ildir kənd təsərrüfatının inkişafı üçün büdcədən
ayrılmış vəsaitlərin talan edilməsinə dair neçə vaxtdır toplanan faktların onu
həbsə aparacağını bildiyi üçün vaxtında aradan çıxmağa qərar verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7484