Gəncə qiyamı: 21 il əvvəlki çevrilişə sənədlərlə baxış
Dövlət Müdafiə Komitəsinin bu iclası
sonradan hakimiyyəti ələ keçirən Əliyev-Hüseynov qrupunun Elçibəy hakimiyyətinə
qarşı manipulyası alətinə çevrilir
4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq
salmağa çalışacayıq. 21 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata
keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və
hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə
də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas
iştirakçıları və mənfəətçiləri kim oldu? Silsilə yazılarımızda bu suallara
cavab axtaracayıq.
4 iyun Gəncə qiyamı barədə yazılarımızı davam etdiririk.
Azərbaycanda avtoritarizmə keçidin başlanğıc tarixi olan 4 iyun qiyamı barədə
ən müxtəlif mövqeləri işıqlandıracağıq. Bu sayımızda daha çox həmin hadisələrin
rəsmi tərəflərini verməyə çalışacağıq. Rəsmi tərəf dedikdə burda daha çox
qiyamı ört-basdır etmək üçün qurulan “istintaq tamaşası” və qiyama qədər Surət
Hüseynova qarşı başlanan cinayət işləri nəzərdə tutulur.
Yeni oxucu təbəqəsi üçün yazaq ki, iyun hərbi qiyamından
sonra hakimiyyəti ələ keçirən Əliyev-Surət tandemi Elçibəy hakimiyyətinin üst
eşelonunun əksərinə qarşı cinayət işi başladı. Həm suçlu, həm də güclü ifadəsi
məsəli kimi.
Qiyamdan zərərdidə olan hakimiyyətin məmurları ən ağır
maddələrlə ittiham olundular. Nəhəng ittihamnamənin qısaca icmalını belə vermək
olar: AXC hakimiyyəti Surət Hüseynovun artan nüfuzundan narahat olub. Onu məhv
etmək üçün qardaş qırğını törədib. Qanunsuz olaraq hərbçilərə və vətəndaşlara
qarşı güc tətbiq edilib.
Qiyama gedən yol
Hadisələrin kuliminasiya nöqtəsini təsvir etməzdən əvvəl
qiyama gedən yola nəzər salaq. Asilər kimlər idi? Onlar necə formalaşmışdı?
Tələb və ideyaları nə idi? AXC hakimiyyəti bu qiyamçı dəstənin niyyətindən daha
öncə xəbərdar idi, ya yox? Bugünkü materialda o çağın baş prokuroru Ixtiyar
Şirinovun Gəncə hadisələri üzrə aparılan cinayət işinə yazdığı etiraz
vəsatətindən bəhrələnmişik.
Ağdərə məğlubiyyəti –
start nöqtəsi kimi
1993-ci ilin yanvar-fevral aylarında Surət Hüsyenovun
komandirlik etdiyi 2-ci ordu korpusunun hazırlıqsız və uğursuz hücumu
nəticəsində həmin qüvvələrin Ağdərə ərazisindəki ağır məğlubiyyəti bir çox
ərazilərin, çox sayda canlı qüvvənin və texnikanın itirilməsinə səbəb olur.
Məğlubiyyətdən iştahlanan düşmən Ağdərənin içərilərinə doğru irəliləyəndə
S.Hüseynovun 28.01.1993, onun qərargah rəsinin bir gün sonrakı əmrləri ilə
Ağdərədə müdafiədə dayanan 2-ci korpusun hissələri mövqelərindən çıxarılaraq arxaya,
dislokasiya yerlərinə qaytarılır. Bu hadisədən sonra ermənilər strateji
əhəmiyyət daşıyan Ağdərə-Kəlbəcər yolunu nəzarətə alır, Kəlbəcər
yarımmühasirəyə salınır. Baş prokurorluq apardığı yoxlama nəticəsində Surətin
bir sıra komandirlərini təqsirli bilərək onlara cinayət işi açır, bəzilərini
dərhal həbs etdirir.
Surət Hüseynov
vəzifələrini itirir
Prezident Əbülfəz Elçibəyin təklifi ilə Silahlı Qüvvələrdə
yaranan vəziyyət 1993-cü ilin fevralında parlamentin qapalı iclasında müzakirə
edilir. Həmin iclasda Baş prokurorluğun yoxlamalarla bağlı arayışı da müzakirə
edilir. Bundan başqa, iclas iştirakçılarına MTN-in bir sıra məlumatları
çatdırılır. Bu məlumatlarda xarici dövlətin ordu nümayəndələrinin Azərbaycanın
daxili işlərinə müdaxilə üçün müdafiə nazirinə, onun müavininə və S.Hüseynova
etdiyi təsir və əlaqələr barədə olur. Həmin iclasda müdafiə naziri Rəhim
Qazıyev istefa verir. Onun yerinə general Dadaş Rzayev gətirilir.
22 fevralda isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin
Prezidentə təqdim etdiyi mənfi rəyindən sonra Əbülfəz Elçibəyin əmri ilə Surət
korpus komandirliyindən uzaqlaşdırılır. Bundan əvvəlsə (17 fevral) Surət
Hüseynov prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin
müavini vəzifəsindən çıxarılır.
Əmrə itaətsizlik
S.Hüseynov Ali Baş Komandanın əmrinə tabesizlik göstərir,
hərbi hissəyə qanunsuz rəhbərlik edir,silah və texnikanı təhvil verməkdən boyun qaçırır. Hüseynovun bu
qanunsuz hərəkətləri ilə bağlı Baş Qərargah rəisinin prokurorluğa yazılı
müraciəti əsasında cinayət işi başlanır.
Həmin işdə S.Hüseynovun özbaşınalığını göstərən konkret
faktlar…
2 N-li korpusun yeni komandiri general-mayor Rafiq Ağayev 20
mart 1993-cü tarixdə istintaqa verdiyi ifadədə göstərilir: “S.Hüseynov
təhvil-təslim aktını imzalamaqdan imtina etdi, bir sıra vəzifəli şəxslərin
istefa tələbini, həbs edilən şəxslərin azad edilməsini istədi (cild 3, vərəq
96-99).
Cinyət işində olanarayışda göstərilir ki, S.Hüseynov hərbi prokurorun xəbərdarlığına
baxamayaraq, dindirlməyə gəlməmişdir. O, imtinasının səbəbini prokurorluğa
yazdığı məktubda həbs edilən 170 hərbçinin azad edilmə tələbinin yerinə
yetirilməməsi ilə əlaqələndirib. Lakin bu 170 nəfərin kim olduğunu göstərməyib
(c. 3. v 153-154).
Ölkənin müdafiə qabiliyyətinə S.Hüseynovun vurduğu zərbə hərbçiləri
də narahat edir. 1-ci ordu korpusunun komandiri Nurəddin Sadıxov prezidentə teleqram
vuraraq Gəncə qarnizonunda yerləşən və Ağdərədə gedən hərbi əməliyyatlara hər
vasitə ilə maneçilik törədən qanunsuz hərbi birləşməni zərərsizləşdirməyi xahiş
edir.
MTN-in Gəncə şöbəsinin 15 mart tarixli teleqramı daha
həyəcanlıdır: Hüseynov hərbi hissəni təhvil vermir. Onun göstərişi ilə hərbi
hissənin kənarında hər 20 metrdən bir post qoyulub. Hasarın ətrafı minalanıb
(c.11.v. 12-13).
Elçibəyin barışcıl
səyləri
S.Hüseynovun cinayət xarakterli hərəkətlərinin konfliktə
çevirilməməsi üçün Prezident xüsusi səylər göstərir. 27 martda Gəncəyə ağsaqqal
deputatlar – Ismayıl Şıxlı və Tofiq Bağırov göndərilir. Onlar S.Hüseynovu hərbi
hissəni təhvil verməyə razı salırlar. Bundan sonra prezidentin sərəncamı ilə
S.Hüseynov “Azəryun” dövlət şirkətinin prezidenti təyin edilir. Həmin ərəfədə
Kəlbəcər ağır günlərini yaşayır. Belə ağır şəraitdə Kəlbəcərin müdafiəsini
təşkil etmək üçün Gəncədə və Xanlarda olan müdafiə naziri D.Rzayev S.Hüseynovun
könüllülərin yığılmasında kömək edə bilmə təklifini nəzərə alıb, Prezidentin
razılığı ilə 1 apreldə “709” saylı hərbi hissənin yaradılması əmrini
verir. Hərbi hissənin yeri kimi Seyfəli atış meydanının təlim mərkəzi müəyyən
olunur. Gəncənin hərbi polisinin keçmiş rəisi Eldar Əliyev hissəyə komandir
təyin olunur. Hüseynovun rəhbərlik etdiyi korpusun bir çox zabitləri yeni hərbi
hissədə ayrı-ayrı vəzifələrə qoyulur. Onların əksəri MN-in əmrlərinə tabe
olmaqdan imtina edənlər olur.
Qiyamçılar açıq oyuna
başlayır
Yarandığı 3-cü gün hərbi hissə artıq respubika rəhbərliyinə
meydan oxuyur. “709”da müşavirə keçirilir. Müşavirədə yeni “hərbi
birlik” elan edilir. Səlahiyyətli nümayəndəsi kimi S.Hüseynovu seçən
birliyin adından 170 hərbçinin imzası ilə müraciət imzalanır. “Birlik”
S.Hüseynova öz mənafelərinin müdafiəsini, hərbi şuranın qərarlarına nəzarəti,
təşkilati və təchizat məsələlərini, ayrı-ayrı rəhbər şəxslər qarşısında məsələ
qaldırmaq və s. məsələləri həvalə edir…
Müraciətin axırında “birlik” başqa hərbçiləri də pozuculuğa
səsləyir: “Ümidvarıq ki, bu birliyə tezliklə Azərbaycanın bütövlüyü və
suverenliyi uğrunda mübarizə aparan, döyüşən bütün dəstələr, xalqımızın
qeyrətli oğulları qoşulacaqdır”.
Bu çağırış Silahlı qüvvələri parçalamağa, ölkənin müdafiə
qabiliyyətini sarsıtmağa, hərbi hissələri qanunsuz olaraq dövlət hakimiyyəti
orqanlarına qarşı çıxmağa təhrik idi.
Prezident narahatdır
Yuxarıda göstərilən kimi, yeni hərbi hissə Seyfəlidə
yerləşməli olduğu halda S.Hüseynov MN-in əmrinə zidd onu 23-cü diviziyanın
hərbi şəhərciyində yerləşdirir.
Mayın axırlarında nazir D.Rzayev “709”-cu hissənin
komandirinə silahlı birləşməni Ağcabədiyə keçirməyi əmr edir. Lakin həbri hissə
komandiri və onun zabitləri əmrdən imtina edirlər.
E.Əliyev verdiyi ifadədə öz hərəkətini belə əsaslandırır:
“…Şəxsi heyətin əsas qismi Gəncədən olduğu üçün və Gəncənin müdafiəsini təmin
etmək məqsədi ilə Murov və Gülüstan ərazisində vuruşmaq istədiklərini
bildirərək əmrdən imtina etdilər” (c.28a. 15-19, 105-115, 116-119).
Ard-arda dövlət rəhbərliyinə S.Hüseynovun “hərbi birliyinin”
özbaşınalıqları, intizamsızlıq və qarətçiliyi barədə məlumatlar daxil olur.
Dadaş Rzayev istintaqa verdiyi ifadəsində etiraf edir ki,
“709” yaranandan 15-20 gün sonra prezident ayrı-ayrı vaxtlarda ona 3 dəfə
zəng edərək Hüseynovun hərbi hissədə olmasından narahatlığını ifadə edib və
tədbir görməsini tapşırıb. Hərbi hissənin ayrı-ayrı zabitləri ilə görüşlər
keçirir, onların intizama dəvət edilməsi heç bir səmərə vermir. Həmin vaxtda
“709”da onlarla zirehli texnika, ağır silah, ən müasir silahlarla təchiz
edilmiş 1467 nəfərlik şəxsi heyət olur.
Yaranan gərgin vəziyyət Dövlət Müdafiə Komitəsinin
prezidentin iştirakı ilə mayın 25-də keçirilən iclasında müzakirəyə çıxarılır.
Müzakirələrin yekununda məsələnin həlli Müdafiə Nazirliyinə tapşırılır.
Məhz DMK-nin bu iclası sonradan hakimiyyəti ələ keçirən
Əliyev-Hüseynov qrupunun Elçibəy hakimiyyətinə qarşı manipulyası alətinə
çevrilir. Bir çox dövlət məmuruna bu iclasda qanundankənar və zorakı
göstərişlər verdiyinə görə ittiham irəli sürülür.
O hansı
“göstərişlər”dir?
İttihamnamədə
yazılır: “Hakimiyyəti əldə saxlamaq niyyəti ilə Ali Baş Komandan Əbülfəz
Elçibəy, baş nazir Pənah Hüseynov və Isa Qəmbər qabaqcadan əlbir olub
S.Hüseynovu həbs və onun silahdaşlarını tərksilah etmək, lazım gələrsə,
ümumiyyətlə, 709 nömrəli hərbi hissəni məhv etməyi qərara almışlar. Bu məqsədlə
onlar S.Hüseynov və 709 nömrəli hərbi hissənin komandri E.Əliyevin həbs
edilməsi, lazım gələrsə, onlara və hərbi hissə heyətinə, habelə sonunculara
havadar çıxa biləcək xalqın qeyri-nümayəndələrinə qarşı silahlı qüvvələrdən,
eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən
istifadə edilməsini təşkil edib, bunun icrasına Isa Qəmbərlə Pənah Hüseynov
bilavasitə rəhbərlik etmişdir. Belə ki, Dövlət Müdafiə Komitəsinin 1993-cü ildə
keçirilən həmin iclasında komitənin üzvləri Isa Qəmbər, Dadaş Rzayev, Fəxrəddin
Təhməzov, Abdulla Allahverdiyev, Nurəddin Sadıqov və baş prokuror Ixtiyar
Şirinov bu qərarı şifahi müzakirə edib Əbülfəz Elçibəy, Isa Qəmbər və Pənah
Hüseynovun göstərişini icra üçün qəbul etmişlər”.
(ardı
var)
Short URL: http://www.cumhuriyyet.net/?p=7493