Avropaya sığınıb, Avropadan qaçanlar
27.05.2014 - 10:52
Avropaya sığınıb, Avropadan qaçanlar
Yaxud hakimiyyət niyə Qərbə inteqrasiyanın əleyhinədir?
Mövcud hakimiyyətin yürütdüyü siyasət bütün dövrlərdə Avropaya inteqrasiyanın əleyhinə yönəlib. Avropa dəyərlərindən, demokratiyadan, insan haqlarından danışanlar isə, bir qayda olaraq “dövlətçiliyə zərbə vurmaq istəyənlər” kimi təqdim edilib. Yəni Əliyev hakimiyyəti xalqı Qərb məkanından uzaq tutmağa çalışıb və bu məkana kabus kimi baxıb.
Yalnız neft, qaz məsələsi müzakirə mövzusu olanda Qərblə əməkdaşlıq cazibədar görünüb və bu əməkdaşlıq da şəxsi maraqlar baxımından önəmli olub. Hazırkı şəraitdə də hakimiyyət Avropaya müqavimət göstərir və “Assosasiya Sazişi”ni imzalamaqdan imtina edir. Əvəzində isə, Avropaya “Strateji Əməkdaşlıq” təklif edir. Bir sözlə, xalqın və dövlətin mənfəətindən başqa, bütün məsələlərdə razılığa gəlməyə hazırdılar.
Avropa dəyərləri pisdirsə…
Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hakimiyyətin riyakarlığı ortaya çıxır. Sual yaranır: Avropa pisdirsə, Qərb dəyərləri dövlətçiliyimzə ziyan vurursa, sizin övladlarınız həmin məkanlarda nə axtarır?
Heç kimə sirr deyil ki, hakimiyyətin yuxarı eşalonunda təmsil olunanların böyük əksəriyyətinin şəxsi həyatı Avropa ilə bağlıdır. Belə ki, övladları Avropanın nüfuzlu Universitetlərində təhsil alır, Avropanın gözəl şəhərlərində mülkləri var, məzuniyyətləri Avropanın istirahət məkanlarında baş tutur, geyimləri Avropanın brend markalarıdır, sürdükləri avtomobil Avropa istehsalıdır və səhhətlərində problem yarananda da Avropa səhiyyəsinə üz tuturlar.
Bir sözlə, özlərini və ailələrini Avropaya yönəltdikləri halda, xalqı Avropadan uzaq tutmağa çalışırlar. Məntiqlə belə çıxır ki, bunların ailələri Avropaya sığınanda bu “vətənə xidmət”, müxalifət Avropaya inteqrasiyanı tələb edəndə “vətənə xəyanət” olur. Amma mövcud hakimiyyət öz siyasəti ilə sübut edib ki, onun əməllərində məntiq axtarmaq, məntiqsiz axtarışdır. O, zaman bu ziddiyyətin səbəbi nədir?
Avropaya inteqrasiyanı niyə istəyirik?
Bugün hakimiyyətə müxalif olan qüvvələr birmənalı şəkildə Qərbyönümlü siyasətin tərəfdarıdır. Ona görə yox ki, Qərbin qarşısında hansısa öhdəlikləri var, yaxud Qərb adət-ənənələri valehidicidir. Ona görə ki, bu gün yaşadığımız dünyanın “Qərb” adlanan hissəsində keyfiyyətli təhsil və səhiyyə, ədalətli məhkəmə sistemi, insan haqları və demokratiya, öz vətəndaşına hörmət və qayğı, qanunların aliliyi, seçki mədəniyyəti var. Əgər bu sadaladığımız hallar Azərbaycanda olsaydı “qərb dəyərləri” ifadəsi leksikonumuza düşməzdi. Yaxud həmin dəyərlər Rusiyada, Afrikada olsaydı, biz bu ölkələrə inteqrasiyanın tərəfdarı olardıq. Yəni bizim Avropaya inteqrasiya etməkdə məqsədimiz adımızı dəyişib, “Con”, “Maykl” etmək deyil. Əksinə, öz adımızla sona qədər ləyaqətlə yaşamaqdır. Çünki Azərbaycan reallığında həqiqəti deyən Əlilər, Vəlilər, qəfildən “narkoman”, “silah alverçisi”, “ermənipərəst” olur. Deməli, bizim Avropaya inteqrasiyaya maraq göstərməyimizə şərait yaradan hakimiyyət özüdür.
Digər tərəfdən Avropayla əməkdaşlıq tələbi şəxsi istək deyil. Bu Azərbaycan vətəndaşının və dövlətinin maraqlarına uyğundur. Biz Avropaya mühacirədən danışmırıq, vətəndaşı mühacirətə məcbur edən səbəblərin qarşısının alınmasından danışırıq.
Vətandaşı hakimiyyətə qurban vermək
Yuxarıda qeyd etdik ki, Avropa standartlarının Azərbaycanda tətbiq edilməsi, təhsilin, səhiyyənin, həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Onu da qeyd etdik ki, bu xidmətlərdən hakimiyyəti zəbt edənlər istifadə edir. Deməli, hakimiyyət vətəndaşının xəstə həyat keçirməsinə də, keyfiyyətsiz təhsil almasına da, səfalət bataqlığında çırpınmasına da razıdır və bunun üçün səy göstərir. Çünki sağlam vücudlu, yüksək təhsilli, sosial baxımdan təminatlı vətəndaş, hakimiyyət üçün təhlükədir. Normal ölkələrdə bu “təhlükə”nin adı DEMOKRATIYADIR. Bəli, bütün sahələrdə təminatlı vətəndaş ədalətli seçki istəyəcək, korrupsiyaya qarşı etiraz edəcək, özünə hörmət tələb edəcək. Bütün bunlar isə, “əbədi hakimiyyət” arzusuna son qoyur. Bəzən belə məlumatlar yayılır ki, xaricdə təhsil alıb ölkəyə qayıdan məmur övladları, öz valideynlərinə etiraz edirlər və onların əməllərinin qanunsuz olduğunu bildirirlər. Yəni hakimiyyət şəxsi təcrübədən də bilir ki, vətəndaşa normal həyat bəxş etmək təhlükəlidir.
Nəticə ondan ibarətdir ki, bu gün Azərbaycanı idarə edənlər oturduqları kürsünü qorumaq üçün, xalqı və dövləti qurban veriblər. Qərbə inteqrasiyanın əleyhinə yürüdülən siyasət də, milli dəyərlərə önəm vermək deyil, milli mənliyi öldürməkdir.
Tarix sübut edir ki, öz evini xarabalığa çevirənlərin, özgəsinin evində əbədi sığınacağı olmur. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=7498